“Bakı Marafonu-2019”a start verildi

Baxış sayı:
2188

Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı Marafonu-2019" start götürüb. "Küləyə qalib gəl" şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək. Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. "Bakı Marafonu-2019"un mükafatlandırması iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq. O cümlədən, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. Finiş xəttini keçən ilk 1000 iştirakçı isə "Bakı Marafonu-2019"un xüsusi medalları ilə təltif ediləcək. Marafonda dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, idmançılar iştirak edirlər. Eyni zamanda müxtəlif təşkilat və şirkətin təmsilçiləri korporativ iştirakçı kimi qeydiyyatdan keçiblər. Builki marafona Heydər Əliyev Fondunun dəstəyi ilə protezlərlə təmin olunmuş bir qrup Qarabağ müharibəsi əlili də qoşulub. Yarışda Azərbaycanın müxtəlif bölgələrindən - Astara, Gəncə, Qəbələ, Quba, Qusar, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şamaxı, Şəki, Oğuz, Zaqatala və digər bölgələrdən də iştirak edənlər var. Builki marafon həm də bir sıra yeniliklərin tətbiqi ilə yadda qalacaq. Bunlardan ən əhəmiyyətlisi ilk dəfə çip (xronometraj) sisteminin tətbiq olunmasıdır. Belə ki, yarışçıların qaçış nömrələrinin üzərinə xüsusi cihaz – çip yerləşdirilib. Sistemin tətbiqi marafonda iştirak edən hər kəsin marşrut boyu göstəricilərini detallı şəkildə görmək, finiş xəttini keçərkən göstərdiyi nəticəni izləmək və iştirakçıya elektron sertifikat əldə etmək imkanı verir. Marafonun startında ilk dəfə olaraq “məşq zonası” yaradılıb və səhnədən isinmə hərəkətləri nümayiş etdirilib. Marşrut boyu müxtəlif maraqlı əyləncəli proqramlar təqdim olunacaq, marafonçuları DJ və aparıcılar, barabançılar müşayiət edəcəklər. İştirakçıların özlərinin də marafona maraqlı hazırlıqları diqqət çəkir. Belə ki, yarışçılar müxtəlif maraqlı kostyumlarda marafona özünəməxsus rəng qatırlar./virtualaz.org