“Bakı Lift-2”nin sabiq rəisi məhkəmə qarşısında

Baxış sayı:
7891

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham olunan “Bakı Lift -2” İstehsalat Birliyinin sabiq rəisi Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İstintaq materiallarına görə, binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün vəsait ayrılıb. Ayrılan vəsaitin təxminən 1 milyon 835 min manatı mənimsənilib. İddia olunur ki, dövlətin vəsaiti ilə alınan 426 min manatlıq material-avadanlıqlar təyinatı üzrə istifadə olunmayıb, ticarətlə məşğul olan şəxslərə satılıb. Amma saxta sənədlər tərtib edilərək həmin materialların istifadə olunduğu rəsmiləşdirilib. R.Dilanova qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən R.Dilanov ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib və günahsız olduğunu deyib. İş üzrə zərərçəkmiş qismində “Bakı Lift Təmir” İstehsalat Birliyi tanınıb.