​Bakı İrəvanı “Putin NATO-su”nda necə darmadağın etdi? - PƏRDƏARXASI PROSESLƏR

Baxış sayı:
2209

Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfər etməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş verənlər fonunda Ermənistanda narahatlıq yaradıb.
Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, KTMT-də Ermənistanın nümayəndəsi olaraq baş katib postunda təmsil olunan Yuri Xaçaturovun “1 mart” işinə görə bu postdan uzaqlaşdırılmasından sonra İrəvan 2020-ci ilə qədər başqa bir erməni namizədlə təşkilata rəhbərliyi davam etdirmək istəyirdi.
Lakin Qazaxıstan və Belarus buna qarşı çıxdı. Əlifba sırasına görə Ermənistandan sonra Belarus gəldiyi üçün KTMT-yə rəhbərlik də Minskə keçməlidir. Bu tezisi əsasən Nazarbayev və Lukaşenko müdafiə edir.
KTMT-də erməni baş katibin olmaması Azərbaycanın da maraqları baxımından əhəmiyyətlidir. Lukaşenkonun Astana toplantısından sonra Minskdə Azərbaycan səfərini qəbul etməsi rəsmi Bakının KTMT-dəki proseslərə kənardan təsir etmək və işğalçı ölkəni bu platformada məğlubuiyyətə uğratmaq üçün ciddi manevrlər etdiyini göstərdi. Ardınca Belarusun Azərbaycandakı səfiri Prezident İlham Əliyev tərəfindən qəbul edildi.
Bakının manevrləri və baş verənlər qarşısında Ermənistanın əsəbləri dözmədi və Paşinyanın qalmaqallı “Nazarbayevlə Lukaşenkodan hesabat istəyəcəm” açıqlamasını verməsinə səbəb oldu. Belarus Xarici İşlər Nazirliyinin cavabı isə olduqca sərt oldu.
“Yəqin, cənab Paşinyan hələ başa düşməyib ki, “küçə demokratiyası”nın qaydaları böyük siyasətdə qəbuledilməzdir. Təəssüf edirik. Ümid edirik ki, bu, zamanla qaydaya düşəcək. Görünür, Paşinyan özünü cəzalandırmaq və ya əfv etmək səlahiyyəti olan beynəlxalq prokuror kimi təsəvvür edir. Amma dövlətlərarası münasibətlərdə protokolun və etiketin tamamilə dəqiq normaları mövcuddur”, - deyə Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz bildirib.
Göründüyü kimi, işğalçı ölkənin ətrafında dumanlı atmosfer sıxlaşır. Və Prezident İlham Əliyevin Belarusa səfəri bu hadisələr kontekstində təsadüfi deyil.
O da təsadüfi deyil ki, Azərbaycan liderinin Minsk səfəri İrəvanda ciddi təşvişə səbəb olub.
Erməni şərhçi Akop Badalyan yazır ki, Azərbaycan Prezidentinin Belarus səfəri Bakının KTMT-də Ermənistanı küncə sıxışdırmaq planlarından vaz keçmədiyini və nəticələr əldə etməyə davam etdiyini göstərir.
“Daşnaksütyun” fraksiyasının rəhbəri Armen Rüstəmyan KTMT-də yaranan qarşıdurmadan Azərbaycanın yararlanacağını bildirib.
Belarusu tənqid edən erməni şərhçi Tavos Arşakyan Lukaşenkonun Ermənistana ağır zərbə vurduğunu qeyd edib. Hətta o, Ermənistanın Belarusla diplomatik əlaqələri kəsməsi çağırışı ilə çıxış edib.