​Bakı ilə Ulan-Bator arasında memorandum imzalandı

Baxış sayı:
5320

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Monqolustan Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Memorandum Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Monqolustanın xarici işlər naziri Damdin Tsogtbatarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə imzalanıb.
Görüşdə nazirlər iki xalq arasında tarixən mövcud olan ənənəvi dostluq əlaqələrini təqdir edərək Azərbaycan ilə Monqolustan arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə ediblər.
Damdin Tsogtbatar keçmiş SSRİ dönəmində çoxlu sayda azərbaycanlı mütəxəssislərin Monqolustanda çalışdığını, ölkənin inkişafına töhfə verdiklərini və monqolustanlı tələbələrin Azərbaycanın ali təhsil müəssisələrində təhsil aldığını qeyd edib. O, ölkəmizə səfərinin Monqolustan tərəfindən Azərbaycanla əlaqələrin inkişafına verilən önəmin təzahürü olduğunu deyib.
Ölkələr arasında münasibətlərin dərinləşdirilməsi məqsədilə nazirlər yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin təşkili ilə bağlı fəaliyyətin gücləndirilməsinin və müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini vurğulayıblar. Bu xüsusda, monqolustanlı nazir azərbaycanlı həmkarını Monqolustana səfərə dəvət edib.
Azərbaycan ilə Monqolustan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğunu bildirən nazirlər iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına yönəlmiş birgə səylərin zəruriliyini xüsusilə qeyd ediblər. Bu zəmində tarixi İpək Yolu əsasında Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Nazir Elmar Məmmədyarov ölkəmizin “Ekspo 2025”ə ev sahibliyi etmək üçün müraciət etdiyini və Azərbaycanın namizədliyinin Monqolustan tərəfindən dəstəklənəcəyinə ümidvar olduğunu vurğulayıb. Nazir, həmçinin həmkarına bu ilin aprelində Bakıda keçiriləcək Qoşulmama Hərəkatı nazirlər toplantısı haqqında məlumat verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verən Elmar Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu vurğulayıb. O, münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinin dəstəklənməsinə dair Monqolustanın ədalətli mövqeyini yüksək qiymətləndirib.
Görüş zamanı, həmçinin iki ölkə arasında elm, təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.