Bakı Dövlət Universiteti “avtoritarizm buxovu”ndan azad oldu – SON İLLƏR UNİVERSİTET ƏN AĞIR DÖNƏMİNİ YAŞAYIRDI

Baxış sayı:
1576

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov dünən prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olundu. Muxalifet.az bunun səbəbləri haqda gün ərzində bir neçə yazı dərc etdiyindən, yenidən bu mövzuya qayıtmağı lazım bilmirik. Bu yazımızda sadəcə belə bir suala cavab tapmağa çalışacağıq: Abel Məhərrəmovun vəzifəsindən azad olunması ilə BDU nə itirdi və yaxud nə qazandı?
Öncə onu deyə bilərik ki, Bakı Dövlət Universiteti Abel Məhərrəmovun rəhbərlik etdiyi son illərdə ən ağır dönəmini yaşayırdı. İstər SSRİ dönəmində, istər də Azərbaycanın müstəqilliyinin ilk illərində universitetinin nüfuzu indikindən qat-qat artıq idi. Doğrudur, müstəqilliyimizin ilk illərində - 1989-93-cü illərdə BDU-da 5 dəfə rektor dəyişikliyi həyata keçirilib. Belə ki, 1987-89-cu illərdə AEA-nın müxbir üzvü, prof. Yəhya Cəfər oğlu Məmmədov, 1989-90-cı illərdə akademik Cəmil Bahadur oğlu Quliyev, 1990-92-ci illərdə akademik Mirabbas Göycə oğlu Qasımov, 1992-93-cü illərdə prof. Firudin Yusif oğlu Səməndərov universitetin rektoru vəzifəsinə təyin olunublar. Lakin bütün bu dəyişikliklər heç də univeristetin həyatı ilə bağlı olmayıb. İstisna deyil ki, həmin dönəmdə baş verən gərgin ictimai-siyasi proseslər bu məsələdə mühüm rol oynayıb.
Amma onu da əminliklə deyə bilərik ki, bu dəyişikliklərin heç biri BDU-da təhsilin inkişafına mənfi təsir göstərməyib. Əksinə, istər bu illərdə, istər 1993-96-cı illərdə Murtuz Ələsgərovun və 1996-98-ci illərdə Misir Mərdanovun universitetə rektorluğu dönəmində BDU-nun nüfuzu kifayət qədər yüksək olub. Hansı ki, bu dövrdə Bakı Dövlət Universiteti işgüzar, bir-birinə xoş münasibətdə olan, bilikli professor-müəllim heyəti ilə seçilib. Rektorlar dəyişilən zaman da heç vaxt kollektivdə hansısa problem olmayıb. Yeni rəhbərin gəlişi universitetdaxili proseslərə təsir göstərməyib. Çünki bu rəhbərlər məhz BDU-nun kollektivindən seçilib.
Lakin, təəssüflə qeyd etməliyik ki, Abel Məhərrəmovun 19 illlik rektorluğu dönəmində BDU-da kollektiv darmadağın edildi, ziyalılar, nüfuzlu şəxslər universiteti tərk etmək məcburiyyətində qaldı. Ona görə ki, o, BDU-da qısa müddət ərzində qohumbazlıq prinsipi əsasında kadr təyinatı həyata keçirməklə yanaşı, universitetdə belə demək olarsa, avtoritar idarəçilik sistemi qurdu. Nəticədə, dövlət büdcəsindən BDU-ya ayrılan vəsaitin həcmi dəfələrlə artırılsa da, universitetdə təhsilin səviyyəsi günbəgün aşağı düşdü, rüşvət və tapşırıq üst səviyyəyə qalxdı. Bu baxımdan, A.Məhərrmovun rektorluğu dövrü BDU-nun kollektivi və tələbələri üçün ən ağır dönəm kimi yaddaşlara həkk olundu.
Odur ki, Abel Məhərrəmovun vəzifəsindən azad olunması ilə BDU-nin heç nə itirmədiyini, əksinə qazandığını və Bakı Dövlət Universitetinin 19 illik “avtoritarizm buxovu”ndan azad olduğunu deyə bilərik.

Muxalifet.az

P.S. Muxalifet.az-da Abel Məhərrəmovun ən böyük arzularından birinin BDU-nin 100 illiyini qeyd etmək olduğu haqda ötən illərdə məlumat vermişdik. Lakin sabiq rektorun biznesə olan həvəsi, elə universitetə də şəxsi biznes obyekti kimi baxması onun bu arzusunu ürəyində qoydu...
Xatırladaq ki, Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cüm­huriyyətinin parlamenti tərəfindən təsis edilib.