​Bakı-Dağıstan yolunda AĞIR QƏZA: İşləməyə gedən 2 nəfər HƏLAK OLDU

Baxış sayı:
4537

Ələt-Astara yolunun Qaradağ rayonu hissəsində 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Elturan Fərəcovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Muxalifət.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə hadisənin şahidləri ifadə verib.
İttihama görə, hadisə 2017-ci il iyulun 13-də gecə saatlarında baş verib. Rusiyaya gedən “Mercedes” markalı mikroavtobus “Kamaz” markalı qoşqulu yük maşınına çırpılıb.
Qəza nəticəsində “Mercedes”in sərnişinləri - 1993-cü il təvəllüdlü Tuhid Əliyev, 1982-ci il təvəllüdlü Şahid Qəhrəmanov, 1947-ci il təvəllüdlü Ramiz Xudaverdiyev və 1951-ci il təvəllüdlü Azad Abdullayev vəfat ediblər.
Qəza zamanı daha iki nəfər yaralanıb.
Hadisə nəticəsində vəfat edənlər Astara rayonunun Səncərədi kənd sakinləridir. Onlar Dağıstana işləməyə gedirmiş.
Qəzada yalnız “Kamaz”ın sürücüsü ilə mikroavtobusun sürücüsü, Astara rayonun Səncərədi kənd sakini Elturan Fərəcov xəsarət almayıb.
Elturan Fərəcov həmkəndlilərini pul müqabilində Xasavyurt şəhərinə çatdırmalı imiş.
İstintaq araşdırması zamanı qəzanın törədilməsində Elturan Fərəcov təqsirli bilinib. Ona qarşı Cinayət Məcəlləsinin 263.3-cü (iki və ya daha çox şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti qaydasını pozmaq) maddəsi ilə ittiham elan edilib.
Prosesdə şahid qismində Tahir Səfərov ifadə verib. O, hadisənin baş verəməsindən danışıb.
Proses davam edir./Teleqraf/