​BAKI BULVARINDA SAHİBSİZ İTLƏR AT OYNADIR

Baxış sayı:
7633

Xətai rayon sakini 25 yaşlı Türkan Mustafayeva Ağ şəhər bulvarı ərazisində sahibsiz itlərin hücumina məruz qalıb. Hadisə dünən bazar günü  axşamçağı baş verib. Sahibsiz itlər gənc qadının hər iki ayağından dişləyib.
Muxalifət.az-ın xəbrinə görə, bu barədə virtualaz.org saytına T.Mustafayevanın özü məlumat verib. Onun sözlərinə görə, itlər yalnız yaxınlıqdakı şəxslərin çığırtısından sonra uzaqlaşıblar.  “Dünən yürüşdən qayıdarkən qəflətən 10-a yaxın it hücum etdi. Sək-küy salıb köməyə adam çağırsam da, heç kim cəsarət edib yaxınlaşa bilmədi. Hər iki ayağımda diş izləri var”, -şikayətçi deyib.
Türkan İsmayılova Ağ şəhər bulvarında sahibsiz itlərin hücumuna məruz qalan üçüncü şəxsdir. Bundan əvvəl 1 azyaşlı qız və yaşlı kişi itlərin hücumuna məruz qalıb. Türkan bildirib ki, dəfələrlə Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinə müraciət etmək istəsə də, nəticəsi olmayıb. İdarənin internetdə yerləşdirdiyi telefonlara cavab verilmir:  “Mənə quduzluğa qarşı peyvənd vuruldu. Amma yaşadığım hadisəni uzun müddət unuda bilməyəcəm. İndi qorxudan evdən tək çıxa bilmirəm ”.
Paytaxt Bakının sahibsiz itlər problemi uzun illərdir həllini tapmır. Artıq təkcə Bakıətrafı kənd və qəsəbələrdə, yaxud tullantıların vaxtlı-vaxtlı daşınmadığı ərazilərdə deyil, şəhərin mərkəzi küçələrində, insanların istirahət etdiyi park və bağlarda da sahibsiz itlər vətəndaşlar üçün təhlükəyə çevrilib.
Ağ şəhər bulvarı həm də turistlərin üz tutduğu məkanlardan biridir. Dəfələrlə yazılmasına baxmayaraq sahibsiz itlərlə mübarizə aparacaq idarə tədbir görmür, yaxud da görmək istəmir. Yeri gəlmişkən, Bakı Formula 1yarışlarına hazırlaşır. Ölkəyə gələcək turistlərdən birini it dişləsə necə, idarə hərəkətə gələcəkmi?
İdarədən virtualaz.org saytına bildiriblər ki, onların müvafiq şöbəsi sahibsiz itlərlə məşğul olur, müraciətlərdən sonra itləri tutub idarəyə gətirirlər. İdarənin xanım əməkdaşı “bəs sonra” sualına cavab verilmədən telefonları söndürüb.