“Bakı Brüsseldə əsas hədəfinə nail oldu” – SABİQ NAZİR

Brüssel sammitinin Azərbaycan üçün çox faydalı keçdiyini düşünürəm.
Bu sözləri Brüsseldə Şərq Tərəfdaşlığı sammitinin yekununu dəyərləndirən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Politoloq ilk növbədə Azərbaycanın Avropa Birliyi ilə assosiativ sazişə qol çəkməyə tələsməməsinin səbəblərinə aydınlıq gətirib:
“Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bənd Avropa Birliyi ölkələri ilə ikitərəfli münasibətlərimizdə həmişə mövcud olub. Ancaq təşkilat daxilində erməni lobbisinin təsiri altında olan bəzi siyasətçilər bu bəndi sazişə salmaqdan çəkinirlər.
İkincisi, təşkilatın əsas iqtisadi məqsədi odur ki, iqtisadi cəhətdən zəif olan Şərq Tərəfdaşlığı ölkələri öz bazarlarını Avropa Birliyinə açsınlar. Eyni zamanda, Avropa Birliyi ölkələri də bu dövlətlər üçün öz bazarlarını açmalıdırlar. Biz başa düşməliyik ki, Avropanın inkişaf etmiş ölkələri öz mallarını bu dövlətlərə ixrac etmək üçün daha geniş imkanlara malikdir. Azərbaycan isə hazırda öz bazarını qoruyur və xaricdən gələn malların qarşısını ala bilər. Ancaq sözügedən saziş fonunda xaricdən ucuz məhsulların ölkəyə gəlməsi kənd təsərrüfatımıza mənfi təsir göstərə bilər. Bu baxımdan da Azərbaycan öz bazarını qorumalıdır. Avropa Birliyi dövlətləri öz sənayesini, kənd təsərrüfatını gücləndirmək üçün yeni bazarlar axtarır və təbii ki, belə bir anlaşma onlar üçün olduqca faydalı olardı. Hesab edirəm ki, Azərbaycan bu qurumun tam şəkildə üzvü olduqdan sonra Avropa Birliyi ilə iqtisadi rəqabət apara bilər. Bu fonda rəsmi Bakı yalnız maraqlarının nəzərə alındığı bir təşkilata daxil olmaq barədə razılıq verə bilər. Hesab edirəm ki, Avropa Birliyi ilə Azərbaycan arasında assosiativ saziş yönündə danışıqlar gələcəkdə davam etdiriləcək və biz istədiyimiz nəticəyə nail olacağıq. Çünki artıq Ermənistan danışıqları qurtarır və Avropa İttifaqı sərbəstdir ki, Azərbaycanla bağlı istənilən bəndləri qəbul etsin”.
Birgə Bəyannamənin Qarabağ məsələsinə təsirinə gəldikdə, politoloq hesab edir ki, Azərbaycan ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı mübarizədə öz istəyinə nail oldu və bu, Bakı üçün çox vacib idi: “Hesab edirəm ki, ən böyük uğur məhz bundan ibarətdir”.
Qeyd edək ki, noyabrın 25-də Belçikanın paytaxtı Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin sammiti keçirilib. Sammitin yekununda qəbul edilən Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib(axar.az).