Baharda PKK yuvası QƏNDİL YERLƏ BİR EDİLƏCƏK

Əvvəl PKK-nın ən vacib lojistik xətləri olan Sincar, Zummar və Keyvan ləğv ediləcək. Aprel ayında isə birgə əməliyyatla PKK xainlərinin yuvası yerlə bir ediləcək.
 
Türkiyə və İranın Suriya və İraqdakı müəyyən məsələlərdə birgə hərəkət etmək istiqamətində qəbul etdikləri qərarlar son üç aydan bu yana özünü praktik olaraq göstərməyə başlayıb. İran baş qərargah rəisi general-mayor Məhəmməd Baqirinin avqust ayında reallaşan Ankara səfəri, Ankara-Tehran-Moskva xəttində olan danışıqların bir təzahürü olaraq dəyərləndirilmişdi. Bu kontekstdə prezident Ərdoğanın da təsdiqlədiyi "Qəndilə birgə əməliyyat" fikri də məhz bu prosesdə formalaşmışdı. Ankara-Tehran xəttində aparılan işlər və son 55 gündən bu yana davam etdirilən əməliyyatın alt strukturuna dair keçirilən toplantıda önəmli məsafələr qət edildi. İclaslarda, PKK yuvası Qəndil Dağı və bölgəsindəki fiziki şərtlərin nəzərə alınaraq əməliyyatın keçirilməsi üçün operativ prosesə ən azı 5 ay daha ehtiyac olduğu bəlli oldu. İranlı diplomatik mənbələr, PKK-nın Qəndildən başqa, Sincar rayonuna qədər uzanan çox ciddi bir şəbəkə və lojistik dəstək xəttinə malik olduğuna diqqət çəkərək, ilk növbədə təşkilatın bu lojistik xəttinin dağıdılmasına ehtiyac olduğunu bildirib. Mənbələr, ilkin olaraq PKK-nın ən kritik və ən vacib lojistik dəstək xətti olan Sincar, Zummar və Keyvan xəttinin ləğv edilməsinin lazım olduğunu vurğulayırlar. Aprel ayına qədər Ankara-Tehran təmaslarının davam edəcəyini, sonra hərəkətə keçilmə planlarının birgə hazırlanacağını deyən mənbələr, PKK-nın iki lojistik dəstək xəttinin ortadan qaldırılması ilə ABŞ-ın PKK-ya verəcəyi dəstəyin yalnız Suriya ərazisi ilə məhdudlaşacağını bildirir.
 
DOQQUZ KEÇİD BAĞLANILACAQ
 
PKK-nın Qəndil Dağı və ətrafındakı bölgələrin İrannın sərhədində  olduğunu bildirən hərbi mənbələr, TSK-nin da regiondakı fəallığı və terror təşkilatının mümkün əməliyyatlar prosesində Şimal dəhlizini istifadə edərək Suriya və Sincar xəttinə keçidinin qarşısını almaq üçün Türkiyə, sərhəddəki 9 lojistik keçid boğazını kəsəcəyini qeyd edir. PKK ilə bölgədəki 281 kəndin iç-içə olduğunu ifadə edən qaynaqlar, Türkiyənin 9 boğazı bağlaması ilə birlikdə Ankaranın kəşfiyyat və hava əməliyyatı ilə dəstək verəcəyi operativ proses 7 Aprelə qədər davam edəcəyini ifadə edir.

Müxalifət.az