Bağçadakı alaqlar... – OXUCU KÖŞƏSİ

Baxış sayı:
4852

Azərbaycan Ordusunun bugünkü vəziyyəti kimin vecinədir? Ali Baş Komandanın? Nazirin? Bəlkə millət vəkilərinin? Əslində adını çəkdiyim hər birinin vecinə olmalı olduğu halda, təəssüf ki, heç birinin!!!
Bəzi “yenimilli fantastların” Azərbaycan tarixini öndərdən əvvəl-öndərdən sonrakı eralara böldüyü kimi, ordu quruculuğunu da zakirdən əvvəl-zakirdən (Z.Ə.-Z.S.) sonrakı eralara bölmüşlər. Nə dəyişdi? Çox az şey! Ümumiyyətlə bu ölkədə nazirlərin dəyişilməsi bir növ yenitikili binada bir mənzildəki sakini digəri ilə dəyişdirilməsinə bənziyir. Yeni sakinin öncəkidən fərqli olaraq ən çox edə biləcəyi şey yeni dizaynlı təmir, yeni mebel, uzağı bir iki arakəsmə əlavə edərək otaqların sayını artırmaq və ya binanın konstruksiyasına ziyanı toxunmayacaq şəkildə əhəmiyyətsiz bir divarı söküb otağı böyütmək ola bilər. Ona həvalə olunmuş mənzildən kənara bir balkonu belə icazəsiz çıxara bilməz. Niyə? Çünkü binanın ümümi görünüşünə-fasadına yaraşmaya bilər, digər sakinlər də balkon istəyə bilər. Yazıq komendant bu yaranmış özbaşnalıqla başa çıxa bilməz sonra. Zatən bir-iki nəfər yuxarı mərtəbə sakinləri “naqlım obrazom” mansard tikiblər artıq, komendant dinmir, dinə bilmir.  Bir neçə il öncə yeni təyin olunmuş hazırki Müdafiə Naziri general-polkovnik Zakir Həsənov da istisna deyil. Təyin olunduğu gündən indiyədək müsbət tərəfə dəyişən bir tək şey var, o da əsgərlərin qidalanması, geyimi və məişət şəraiti. Hə, bir də çıxılmayan məzuniyyət günlərinə görə verilən kompensasiya, yetim payı, hansını ki, tərxis olunmuşlar hələ də ala bilmir. Vəssalam.
Z.Ə. illərdə olduğu kimi elə indi də zabit və gizir heyətinin vəziyyəti acınacaqlı olaraq qalır. Bu dövr ərzində cəbhəyanı hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların məvacibi azaldıldı, “küçələrdən, pritonlardan” yığılmış və əxlaqsız həyat tərzi ilə heç də uzaqdan tanış olmayan bir çox qadın rüşvət, tanışlıq, tapşırıq və ya əsl “bacarıqları” hesabına hərbi xidmətə götürüldü. Adını yaza bilməyən, savadsız, tərbiyə görməyən və əsgərlə “erməni balası kimi” rəftar edən bir çox “tin avaraları” müddətdən artıq (MAXE) hərbi hidmətə götürüldü. Hansılar ki, öz növbəsində bankların və kredit verən təşkilatların, xüsusilə, telefon satan dükanların ən qorxulu kabusuna çevrildilər. Aylarla kredit gecikmələri, məhkəmələr, uzun-uzadı yazışmalar və s. Bir çox orta statistik zabit və gizir “vicdansız MAXELƏRİN” yaratdığı problemlərin kölgəsində hələ də əksər banklardan kredit ala bilmir.
Hər il “yekələrə” evlər paylanır. Niyə? Məgər illərlə hərbi hissə komandirləri işləmiş, bəli – İ Ş L Ə M İ Ş, xidmət etmiş yox, o general və polkovniklərin evləri yoxdur? Təbii ki, var! Evləri də var, imarətləri də, sırayla maşınları da, yaxşı araşdırsan “xalaoğlunun” adına açılmış firmaları və fermaları da. Hələ azdır, qoy dövlət bir-ikisini də versin, üst-üstə gəlsin. Ancaq gənc zabit və gizir ailələri kirayələrdə sürünsün. Hə, kirayə pulu verilir axı... Bakı şəhərində, ikiuşaqlı ailəyə 150 AZN-dən daha az kirayə pulu, normal şəraitli 2-3 otaqlı evlərin aylıq kirayəsi 300-450 AZN olduğu halda. Bu məbləği hesablayıb təklif edənlər öz övladlarının 150 AZN-lik tövlədə yaşadığını görmək istəyərlərmi? İnanmağım gəlmir. Hanı dövlətin sosial proqramları? Hanı “hərbi qulluqçuların məişət şəraitinin yaxşılaşdırılmasına ayrılan” milyonlar? Bilinmir! Daha doğrusu bilinir, amma deyilmir.
2016 aprel döyüşlərinin uğursuz məqamlarını yıxdılar içimizdəki “satqın elementlərin” üstünə. “Belə olmayıb”, demirəm! Niyə belə olsun ki, sualını verirəm. Tək-tük insan hər şəraiti olduğu halda vətəninə xəyanət edər, səsləndirilən sayda yox. Sən, dövlət olaraq ilk əvvəl əyninə uniforma geyindirdiyin şəxslərin kimliyinə baxacaqsan və sonra onların əsas insani tələbatlarını ödəyəcəksən. Yalnız bundan sonra kimdənsə sədaqət tələb etmək olar. Təbii ki, Bakıda villada yaşayan, dövlətin verdiyi evi kirayə verən/məşuqəsini yaşadan, övladları xaricdə oxuyan və ya şəhərdə “lotuluq”-”avtoşluq” edən, aylıq gəliri zavallı “MAXE”nin az qala illik maaşından çox olan  “yekəulduzlar” vətənə sədaqət odaları ifa edəcək. Rayonlardakı həyatdan xəbəriniz var?
İllərlə ön xətdə xidmət edən, ayağı asfalt görməyən zabit-gizirlər bir yana, AAHM-i bitirir-bitirməz Bakıdakı “yağlı-əppəkli” vəzifələrə oturan “papalarının gül balaları” gənc, ağzı süd iylənən leytenantlar digər yana. Əksəriyyətinin ayağı tərxis olunanadək heç bir dəfə də olsun səngər palçığı görməyəcək, hələ savadlı olsalar dərd yarı. TTM və AAHM-in kafedraları bir növ zabit qəbiristanlığına çevrilib. İçində çox savadlıları olduğu kimi, arpa bölə bilməyənlər də az deyil – onları şərəfli təqaüdəçıxma üçün bura göndərirlər. Savadlıları isə ya məcburi sürgünə göndərir, ya da onların özləri vicdansız “yekələrdən” qaçaraq canlarını qurtarmaq üçün könüllü sürgünə gəlirlər. Vay o kursantların halına ki, savadsızlar tərəfindən “yetişdirilsin”. Allah həm onların, həm də bizim köməyimiz olsun!
Keçək balığın başına. Hazırki generalların bir çoxu, heç o rütbənin “g”-sına belə layiq deyillər. Rövşən, Hikmət, Xaqani, Nizam.... Birinin insanlığı var, savadı yox; o birinin savadı var, insanlığı yox; digərinin nə savadı, nə insanlığı yox; biri də var ki, gözü puldan başqa bir şey görməz.... Hələ də, “perevodlar” pulnan olunur, Z.Ə. olduğu kimi. Yəqin qanımıza o qədər işləyib ki, hər kəsin sevimlisi Messiya belə düzəldə bilmədi. Pulun və ya adamın yoxdursa, batdın, çürüdün səngərdə. Az qala unutmuşdum, göstərgəlik “rotasiya” hərdən-birdən olur. Buna da şükür.
Hələ nazirlik içərisindəki “birincinin adamı-ikincinin adamı” söhbətlərini demirəm. Az qala Zakir VS. Nəcməddin savaşı başlasın. Silahlanmaya ayrılan pullara RF istehsalı nasaz texnikalar alınır. Naməlum səbələrdən silah ambarlarımız yanır. Nazirliyin müxtəlif idarələrində birincilərlə ikincilərin qarşıdurması hesabına orta yerdə layiqli zabitlər “vurulur”. Nə vaxta qədər Mübarizlərin, Fəridlərin, Raqufların və daha neçə-neçə qəlbində vətən sevgisini “sönməz atəş” misalı alovlandıran igidlərin axan müqəddəs qanı hesabına mərkəzdəki “smbatlar” kef çəkəcəklər? Görməli olan gözlər görmür, görən gözlər qan ağlayır, dinən dillər qoparılır. Bir sözlə - FƏLAKƏT!!!
Bu orduyla Qarabağı almaq istəyirik?!
Bağçamızda bol bəhrəli ağacların, təravətli güllərin, sərin kölgəli ağacların rahat böyüməsi və xalqımıza layiqli xidmət etməsi üçün aramızdakı alaqların kökündən qoparılıb atılması şərtdir.
Davamı sağlıq olsa gələn dəfə....

Ozan Gilavar

P.S.: Ümidvaram ki, məqaləmi dəyişikliksiz dərc edərsiniz.