Badamdar sürüşmə zonasında SON VƏZİYYƏT: Evlər sökülür? - RƏSMİ

Baxış sayı:
9234

Bakının Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında evlərin söküntüsünə başlanılması ilə bağlı saytımıza məlumat daxil olub. Mövzu ilə əlaqədar Lent.az -a açıqlama verən Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Natiq Abbasov bildirib ki, sözügedən ərazidə səlahiyyətli orqanlar tərəfindən torpaq qatının yüngülləşdirilməsi prosesi gedir: “Orada olan evlər sökülmür. Sürüşmə zonasına düşən evlərin hasarları isə ola bilər ki, sökülsün. Hazırda bununla bağlı işlər gedir”. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralov isə saytımıza açıqlamasında bildirib ki, sürüşmə baş verən ərazidə təhlükəli sahəyə düşən 9 evin alt hissəsində - istinad divarından başlayaraq magistral yoluna qədər sürüşmə davam etmişdi: “Ondan sonra 1-2 ay müəyyən müşahidələr apardıq. Hal-hazırda yamacda hamarlama işləri aparılır ki, gələcəkdə sürüşmə baş verməsin. Söküləcək evlərlə bağlı məlumatım isə yoxdur. Orada evlərin söküntüsü, köçürülməsi planlaşdırılsa da bu baş tutmadı. Düşünürəm ki, orada həyətlərdə hamarlama aparılacaq və evlər sökülməyəcək”. Ə.Qaralov əlavə edib ki, sözügedən ərazidə stabil vəziyyətdir, sürüşmənin dinamikasında hər hansısa bir artım, gərginlik müşahidə edilmir. Qeyd edək ki, “Azərsu” ASC tərəfindən bir neçə gün əvvəl sürüşmə zonasında kanalizasiya xətlərinin çəkiləcəyi bildirib. Belə ki, Səbail rayonunun Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində icra olunan layihə bu ərazidə baş vermiş torpaq sürüşməsinin aradan qaldırılması tədbirləri çərçivəsində ərazidə su təchizatı sistemlərinin və kanalizasiya şəbəkəsinin tamamilə yenidən qurulması qərara alınıb: “Ərazidə yaranan tullantı suları Salyan şosesində yeni tikilən daşıyıcı xəttə ötürülərək yaxınlıqdan keçən Bayıl-Bibiheybət-Lökbatan kollektoruna yönəldiləcək. Bununla da 10 mindən çox sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq”. Xatırladaq ki, 15 oktyabr 2018-ci ildə baş nazirin keçmiş müavini Hacıbala Abutalıbov bildirmişdi ki, sürüşmə zonasındakı yaşayış evləri söküləcək: “Bu, vacibdir. Evlər sökülməli, ağırlıq oradan götürülməlidir ki, gərginlik müəyyən qədər azalsın”. Həmçinin qeyd edək ki, baş vermiş sürüşmə zamanı təxminən eni 300 metrdən çox olan torpaq kütləsi 200 metr məsafədə irəliləyərək yolun bir hissəsini bağlamış, elə o dövrdən də həmin yol bağlanaraq, istifadəsi qadağan edilmişdi. 2019-cu ilin oktyabr ayında isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi rəyə əsasən minik avtomobillərinin istifadəsi üçün yolun bir hissəsi qismən açılaraq istifadəyə verilib.