Bacısı ilə evlənmək istəməyən şəxsi öldürüb - BAKIDAKI DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Baxış sayı:
5242

Namus üstündə adam öldürməkdə ittiham edilən gənc hakim qarşısına çıxarılıb.

Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 1992-ci il təvəllüdlü Elnur Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim S.Hacıyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 5-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi Bakının Sabunçu rayonunda baş verib.

İttihama görə, ötən il noyabrın 7-də Elnur Abdullayev Sabunçu rayonu, Zabrat qəsəbəsində avtoyuma məntəqəsində işləyən 32 yaşlı Murad Quliyevi bıçaqlayaraq qətlə yetirib.

Məlum olub ki, qətl hadisəsi qısqanclıq zəminində baş verib.

Belə ki, mərhum Murad hadisədən əvvəl internet vasitəsilə 2 uşaq anası olan Qəbələ sakini ilə tanışlıq qurub. Daha sonra həmin qadın uşaqlarını Qəbələ rayonunda ataraq paytaxta gəlib. Muradla həmin qadın 2 aya yaxın birgə yaşayıblar.

Daha sonra qadın rəsmi nikahda olduğu kişidən boşanmaq üçün Qəbələ rayonuna gedib. Həmin vaxt Murad da onunla Qəbələyə gedib. Qadının ailə üzvləri onu Muradla paytaxta qayıtmasına icazə verməyib.

Murada el adəti ilə ailə qurması üçün qadına elçi gəlməsi təklif olunub. Bundan sonra paytaxta qayıdan Murad bir daha qadınla əlaqə yaratmayıb.

Bundan sonra paytaxta qadının qardaşı Elnur Abdullayev gəlib. O, Bakıda bir neçə gün Murad Quliyevi axtarıb.

Murad Quliyevi işlədiyi avtoyuma məntəqəsində tapan Elnur Abdullayev ona 10 bıçaq xəsarəti yetirib.

Məlum olub ki, öldürülən Murad Quliyev əvvəllər iki dəfə ailəli olub.

İstintaq orqanı tərəfindən Elnur Abdullayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.