​“Bacıma “salam” yazmışdı, gedib bıçaqladım” – MƏHKƏMƏDƏN

Baxış sayı:
8767

Bacısına mesaj yazana tanışını öldürməyə cəhddə təqsirləndirilən Ataş Rəşidovun məhkəməsi keçirilib.      
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
A.Rəşidov deyib ki, cinayəti namus üstündə törədib: "Bacıma "salam" yazmışdı. Bacım da bunu mənə dedi. Nömrəsinə zəng elədim, Bəxtiyar olduğunu bildim. Bəxtiyarı"Whatsapp"da təhqir edib, onların evlərinə getdim. Onu çölə çağıranda qapının qarşısında məni yumruqla vurdu. Bu zaman özümü müdafiə etmək üçün Bəxtiyara bıçaqla 2 zərbə endirdim. Hadisədən sonra gedib səhərə qədər şəhəri gəzdim".
Prosesdə zərərçəkmiş B.Allahverdiyev də ifadə verib. O bildirib ki, Ataşın bacısına bilmədən yazıb: "Bir müddətdən sonra Ataş məni təhqir edib bizə gəldi. Qapını bacım açıb məni çağırdı. Ataş mənimlə salamlaşan kimi digər əlində olan bıçaqla məni vurdu. Mən yerə yıxılıb evə girdim. O da evə girməyə cəhd etdi, qapını bağladım. Bir qədər keçəndən sonra baxdım ki, üstüm qandır, anam həkimə zəng elədi".
Məhkəmənin baxış iclası aprelin 9-nə təyin edilib.
Hadisə ötən il avqustun 29-da Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində baş verib. A.Rəşidov münaqişə zəminində həmyerlisi Bəxtiyar Allahverdiyevə bıçaqla xəsarət yetirib, hadisə yerini tərk edib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
A.Rəşidova qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb./Bakuposta