AzTV sədri məhkəməyə çağırıldı - QALMAQALLI PROSES

Baxış sayı:
4906

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Şücayət Əkbərovun vəkili vəsatətlə çıxış edib.
O, məhkəmənin təxirə salınmasını istəyib. Bildirib ki, Arif Alışanovun da məhkəmədə iştirakı təmin edilsin. Vəkil həmçinin Arif Alışanovun qızı Nigar Alışanova, bacısı oğlu Dəyanət Cəfərov və sürücü Hacı Babayevin də məhkəmədə iştirakını tələb edib.
Zərərçəkmişlərin nümayəndələri vəsatətləri əsassız sayıblar.
Şücayət Əkbərov isə vəkilinin vəsarətinin təmin ediıməsini istəyib. Qeyd edib ki, işə baxan hakimlər heyətinin tərkibi ilə bağlı da məhkəmə sədrinə yazılı etiraz məktub göndərib.
Prokuror Fərid Nağıyev vəsatətin təmin edilməməsini istəyib. Vəsatət təmin olunmayıb. Hakim bildirib ki, vəsatətə sübutların araşdırılması mərhələsində baxıla bilər.
Hakim əlavə edib ki, Arif Alışanov iddia ərizəsi ilə məhkəməyə müraciət edib. O, iddiasında təqsirləndirilən Şücayət Əkbərovun cavabdeh kimi tanınmasını, dəymiş ziyanın ödənilməsini istəyib. Arif Alışanov iddiasında 4 milyon 500 min manatdan çox mülki iddianın təmin edilməsini, Şücayət Əkbərovun əmlakları üzərinə həbs qoyulmasını, dəymiş ziyanın həmin əmlakların satılıb ödənilməsini tələb edib.
Məhkəmə iddia ərizəsini icraata qəbul edib.
Hazırda proses davam edir.

***

Prosesdə çıxış edən Şücayət Əkbərovun vəkili yeni vəsatətlə çıxış edib.
O bildirib ki, müdafiə etdiyi səhhəti ilə bağlı ekspertiza keçirilməsini və ev dustaqlığına buraxılmasını istəyib. Vəkil qeyd edib ki, müdafiə etdiyi şəxs qapalı şəraitdə saxlanılması mümkün deyil.
Vəsatətə münasibət biıdirən Şücayət Əkbərov biıdirib ki, səhhətində ciddi problemlər var. İttihamın ciddiliyindən danışan təqsirlğndirilən deyib ki, bu iş ciddi araşdırılmalıdır:
"Mən sağlam olmalıyam, bu iş ciddi araşdırma aparılmalıdır. Mən bu işin uzadılmasını istəmirəm. Çünki işin tez araşdırılmasını istəyirəm. Bu işin bir ucu sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova çıxır".
Prokuror vəsatətin təmin edilməməsini istəyib. Müşavirə keçirən hakimlər vədatəti təmin etməyib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10-cu (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birl (təşkilat) tərəfindən, tamah məqsədi ilə, başqa cinayəti gizlətməklə, daha çox şəxsi öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq), 228.3-cü (odlu silah saxlama) maddələri ilə ittiham elan edilib.