​AZƏRTAC: "MTN-in 7 vəzifəli şəxsi həbs olunub"

Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
*   *   *14:35
MTN-in bu günlərdə həbs edilən 11 əməkdaşı Nərimanov Rayon Polis İdarəsinin (RPİ) istintaq təcridxanasında saxlanılır.
Daxili İşlər Nazirliyindən virtualaz.org saytına verilən məlumata görə, həbs olunan 11 nəfərin hamısı barədə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Səbayel Rayon Məhkəməsinin qərarına görə, ittiham və həbs olunan şəxslər Ədliyyə Nazirliyinin Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasına köçürüləcəklər.
MTN-çilər barəsində həbs-qətimkan tədbirini seçən hakimin adı da bəlli olub. Bu şəxs Səbayel Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovdur. R.Əhmədov 2013-cü ildə Prezident Administrasiyası İşlər İdarəsinin keçmiş müdiri Akif Muradverdiyev barəsində də həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
Həbs edilən şəxslər barədə CM-in 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb..
Faktla bağlı Xüsusi Dövlət Mühafizə Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İstintaq qrupuna baş prokurorun birinci müavini Rüstəm Usubov rəhbərlik edir.