“Azərsun”un keçmiş vitse-prezidenti narazıdır - "25 MİLYONUM BATIR..."

Baxış sayı:
343

“Azərsun Holding”in rəhbərinin keçmiş müavini, uzun illər ərzində Azərbaycanda bizneslə məşğul olan və aparıcı şirkətlərdə icraçı direktorluq edən Erdem Yunus Arifoğluun Türkiyədə qurduğu biznesini bağlayacağını deyir. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Arifoğlu bunun səbəbini Aydın vilayətinin Germencik bölgəsində bir neçə il əvvəl qurduğu istixana kompleksinin ziyanla işləməsi ilə əsaslandırıb.

Erdem Yunus Arifoğlu 2015-ci ildə Azərbaycanda “nəyi varsa satıb” və bütün pullarını Türkiyəyə, istixana kompleksi qurmağa yatırıb. Deyir ki, bu işə 25 milyon TL yatırım qoyub. Amma bölgədə Geotermik Elektrik Stansiyası olan “Güriş Grup” şirkəti onun istixanasını isti su ilə təchiz etmək istəmir. Nəticədə biznesmen istixananı qızdırmaq üçün kömür yandırmalı olur və istehsal etdiyi pomidorun maya dəyəri yüksəlir.

Arifoğlu deyir ki, istixana kompleksinin yerin altından çıxan isti su ilə təchiz edilməməsi ucbatından ildə 3 milyon TL ziyan edir. “Azərbaycandakı bütün investisiyalarımı Türkiyəyə daşıdım. 2015-ci ildən bu yana 25 milyon yatırım qoydum. İldə bir milyon yarımlıq yuyulmuş kömür yandırırıq, nə qədər keyfiyyətli kömür yandırsaq da ətraf mühitə zərər dəyir. Bizdən cəmi 140 metr məsafədə yerləşən Geotermik Elektrik Stansiyasından isti su ala bilmirik, deyirlər ki, sizə versək Girmencik bölgəsi istixanalarla dolacaq. Onlara sumu çatdırarıq, elektrikmi çatdırarıq”-biznesmen şikayətlənir.

Arifoğlunun kompleksi ayda 120 ton tərəvəz istehsal edir, deyir ki, məqsədi istehsalı ayda 200 tona çatdırmaqdır. Amma belə davam etsə şirkətini bağlayacaq və Azərbaycana qayıdacaq. Nəticədə 50 nəfər işsiz qalacaq.

Qeyd edək ki, Azərbaycan vətəndaşlığı daşıyan Arifoğlu Türkiyə KİV-lərinə birinci dəfə deyil həmin problemlə bağlı şikayətlənir. Lakin bir il əvvəl o Türkiyədə biznes üçün yaradılan şəraitdən məmnun görünürdü.

2017-ci ilin əvvəllərində Arifoğlu “Milliyet” qəzetinə demişdi ki, Türkiyə hökumətinin xarici investorlar üçün yaratdığı əlverişli şərtlərdən istifadə edərək Giremencikdə 15 milyon TL investisiya hesabına 44 min kvadratmetrlik sahədə torpaqsız istixana kompleksi qurub. Həmin kompleksdə 50 nəfərdən çox adamı işlə təmin edib və ayda 120 ton pomidor istehsal edir. O vaxt Arifoğlu biznesindən məmnun görünürdü.

Arifoğlu həmin ilin fevralında “Milliyet”in əməkdaşı ilə söhbətində deyirdi: “İstehsal etdiyimiz pomidorun 40 faizini ixrac edirik. Azərbaycana da ixrac etdik. Türkiyə hökumətinin iqtisadiyyat sahəsində yaxşı siyasət yürütdüyünü gördüksə bundan sonra bütün yatırımlarımı Türkiyəyə qoymağa qərar verdim. Hələ ev-eşiyimiz Azərbaycanda olsa da özüm iki ildir Türkiyədəyəm. Digər ailə üzvlərimiz də dönəcəklər. Malımızı, mülkümüzü, inşaat layihələrimizi satıb pula çevirən kimi onları da hökumətimizin aldığı müsbət qərarla bura gətirəcəyik”.

İndi isə Arifoğlu məyusdur və Türkiyədəki yatırımlarını çıxarıb Azərbaycana qayıtmaq istəyir. Erdem Yunus Arifoğlu 90-cı illərin ortalarından Azərbaycanda bizneslə məşğul olub. Özünün dediyi kimi oğlanları Azərbaycanda tikinti biznesi ilə məşğuldur. Özü isə 2015-ci ilədək “Azərsun Holding”in rəhbərliyində yer alıb. Holdinqin Bakıdakı marqarin zavodunu yenidən qurub. Holdinqin böyüməsində onun böyük rolu olduğu məlumdur.