"AZƏRSU" PREZİDENTİN TAPŞIRIQLARINA MƏHƏL QOYMUR: "Sumqayıtın mərkəzində əhali kanalizasiya problemi qarşısında aciz qalıb" - ŞİKAYƏT

Baxış sayı:
493

Sumqayıt şəhəri, Katec qəsəbəsi, 23 və 24-cü məhəllənin sakinləri adından Zahid İbrahimov Muxalifet.az-a müraciət ünvanlayıb. Prezidenti İlham Əliyevə, Birinci vitse-pezident Mehriban Əliyevaya və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçilər qeyd edirlər:
"Sumqayıtın Katec qəsəbəsində, xüsusilə 23 və 24-cü məhəllələrdə kanalizasiya problemi yaşanır. İsti havada pis qoxudan, soyuqda isə yığılan tullantı və yağış sularından əziyyət çəkirik. Evlərimizdə sudan istifadə edə bilmirik. Küçələrdə antisanitariya baş alıb gedir. 
XXI əsrdə sürətlə inkişaf edən şəhərimizdə Su idarəsininin bu cür problemin yaşatması ən azından özbaşınalıqdır.
Kanalizasiya xətləri bərbad vəziyyətdədir, yenidən qurulmalıdır. Bununla bağlı dəfələrlə "Azərsu" ASC-nin Sumqayıt şəhər Su və Kanalizasiya İdarəsinə, Sumqayıt Şəhər Bələdiyyəsinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayət etmişik, lakin heç bir nəticə yoxdur.
Sumqayıt Su Kanal İdarəsi dövlət başçımızın xəbərdarlıqlarına məhəl qoymur, əhalinin problemləri ilə qətiyyən maraqlanmır. 
“Azərsu” ASC rəsmiləri  “regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasının davam etdirildiyini bildirir. Amma Sumqayıtın mərkəzində əhali kanalizasiya problemi qarşısında aciz qalıb.
Kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası üçün dövlət büdcəsindən ayrılan pulları görəsən "Azərsu" hara xərcləyir?
Sumqayıt Su Kanal İdarəsi öz funksiyalarını yerinə yetirmirsə, bu idarənin fəaliyyəti kimə gərəkdir?  Dövlət orada oturanlara nə üçün maaş verməlidir?
Günü-gündən yenilənən, gözəlləşən dogma Sumqayıtımızda əhalinin kanalizasiya problemi qarşısında aciz qalması şəhərin nüfuzuna ağır zərbədir. 
Sizdən artıq dərəcədə xahiş edirik, bələdiyyə seçkiləri ərəfəsində Katec qəsəbəsinin (xüsusilə 23 və 24-cü məhəllələr) kanalizasiya xətlərinin yenilənməsi üçün müvafiq qurumlara göstəriş verəsiniz.
Öncədən Sizə minnətdarlıq edirik". 
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.