"Azərsu" Bakıda yaranmış su probleminə aydınlıq gətirdi - TƏLABAT ARTIB VƏ...

Baxış sayı:
2735

Bir neçə gündür Bakı şəhərinin bəzi ərazilərində içməli suyun gəlməməsi sakinlərin narazılığına səbəb olub.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı “qafqazinfo”ya açıqlama verib. O bildirib ki, suyun verilişində yaranan problemin səbəbi havaların istiləşməsi və suya olan tələbatın 40%-ə yaxın artmasıdır:

“Buna görə bəzi ərazilərdə qrafiklər pozulub, suyun təzyiqi aşağı düşüb. Artıq bunların böyük hissəsini həll etmişik. Xırdalan şəhəri, Yeni Günəşli qəsəbəsi, Xətai rayonu, Sabunçu rayonunun böyük hissəsində içməli suyun verilişi ilə bağlı problem həllini tapıb”.

A.Cəbrayıllının sözlərinə görə, hazırda Suraxanı rayonunun Bahar bağları adlanan ərazisində, Sabunçu rayonundakı bəzi yeni yaşayış massivlərində və s. yerlərdə problemin həlli istiqamətində işlər davam etdirilir:

“Həmin ərazilərdə fərdi şəbəkələrdir. Onlar tikinti normalarına uyğun gəlmir. Vətəndaşlar tərəfindən fərdi xətlərlə çəkilib və burada tələbat artanda müəyyən problemlər yaranır. Həm bizim mütəxəssislərin apardığı tənzimləmə işləri, həm də mənbədən suyun artırılması ilə problemin həlli istiqamətində işlər aparılır”.