“Azərsu” iş adamını 60 min manat cərimələdi – 10 İLDİR SU PULU VERMİR

Masallıda iş adamı Fəxrəddin Baxışovun dövlət əmlakını mənimsəmə faktları aşkarlanıb
 
"İş adamı Fəxrəddin Baxışov dövlət qurumlarına ödəməli olduğu pulları mənimsəyib. F.Baxışov dövlət büdcəsindən yayınmaqla yanaşı, körpələr evinin sökülməsində maraqlı tərəf kimi də çıxış edib. O, rayon icra başçısı ilə əlbir olaraq, bir sıra qeyri-qanuni əməllərə əl atmışdır".
Bununla bağlı Azbaku.info-ya ilginc məlumatlar daxil olub:
“Bir müddət öncə Masallı rayon İcra Hakimiyyəti başçısının dəstəyi ilə uşaq baxçasının sökülməsi tələbi ilə çıxış edən iş adamının, bu günlərdə dövlətə vurduğu külli miqdarda zərərin üstü açılıb. Belə ki, Masallı rayonunda yerləşən ona məxsus “KƏRPİC” zavodda aparılan yoxlamalar zamanı Fəxrəddin Baxışovun dövlət büdcəsindən külli miqdarda vəsait yayındırdığı bəlli olub. İş adamı10 il ərzində sudan qanunsuz yollarla istifadə etdiyi üçün dövlətə heç bir vəsait ödəməyib. Bu səbəbdən də “Azərsu” ASC-nin təftişi zamanı bu fakt ortaya çıxıb və o, 60 min manat miqdarında cərimə edilib”.
“Bir həftə öncə iş adamına məxsus “KƏRPİC” zavodda aparılan yoxlamalar zamanı qeyri-qanuni su istifadə xətti aşkarlanmış və bu xəttin fərdi yaşayış evlərinə çəkilmiş xəttdən götürüldüyü müəyyən edilib. “Azərsu” ASC-nin Masallı rayon üzrə səlahiyyətli şəxslərinin xəbəri olmadan ASC-nin büdcəsinə ödənməli olan məbləğ gizlədilə bilməzdi” - deyə sakinlər qeyd edir. Buna rəğmən, zavodun oğurluq yollarla istifadə etdiyi və ödmədiyi vəsaitin 60.000 manat civarında olduğu hesablanaraq F.Baxışova cərimə yazılıb.
“KƏRPİC” zavod rəhbəri F.Baxışovun “Azəriqaz” İB-nə də külli miqdarda borclu olduğu deyilir. Məlumata əsasən, o, illərdir mavi yanacağa görə də dövlət büdcəsinə heç bir vəsait ödəməyib.
Sayt xəbər verir ki, Azərbaycanın bir çox yerlərində biznes şəbəkəsi yaradan iş adamı F.Baxışov anoloji qaydada böyük miqdarda mənimsələr etməyə nail olmağı bacarıb: “Mənimsəmələr tək kommunal xidmətlərlə bitmək bilmir. Aldığımız məlumata görə, F.Baxışov Kərpic zavodunda işləyən və tabeçiliyində olan işçiləri qeyri-qanuni işlədərək əmək müqaviləsi bağlamamış, onların həyatların sığortalanmasından boyun qaçırmışdır”.
Bakı şəhəri Səbail rayonun Şıxov adlanan ərazisində yerləşən Fəxrəddin Baxışova məxsus olduğu iddia edilən “DƏRYA” Balıq Evinində işçilərinin də əmək müqaviləsi olmadan işlədildiyi qeyd edilir...
 
Bakunews.az
 
Redaksiyadan: Yazıda adı keçən şəxs və ya qurumların mövqeyini dərc etməyə hazırıq.