"Azərros" prezidentliyinə 5 nəfər iddialıdır

Təşkilatın yeni prezidenti yanvarın 17-də seçilə bilər

"Azərros" Federal Milli Mədəni Muxtariyyətinin yeni prezidenti yanvarın 17-də seçilə bilər.

 rus4all.ru saytının verdiyi məlumata görə, ötən gün təşkilatın Federal Şurasının iclası zamanı həmin gün növbədənkənar hesabat-seçki qurultayının keçirilməsi qərara alınıb.

Prezidentlik vəzifəsinə 5 nəfərin namizədliyi irəli sürülüb. Bunlar təşkilatın vitse-prezidenti Yusif Xıdırov, Udmurtiya Respublikası üzrə rəhbəri Bəhruz Hümbətov, Moskvada Azərbaycanlıların Regional Milli Mədəni Muxtariyyətinin rəhbəri Qalib Ağayev, təşkilatın Federal Şurasının üzvləri Mehriban Abdullayeva və Ziyafət Surxayevdir.

Federal Şuranın ötən gün keçirilən iclasının sədri təşkilatın vitse-prezidenti Yusif Xıdırov, katibi isə Federal Şuranın üzvü Nizami Bəşirov olub. Y.Xıdırovun sözlərinə görə, "Azərros" Federal Milli Mədəni Muxtariyyətinin son bir neçə ildə həyata keçirdiyi siyasət Azərbaycan diasporunun parçalanmasına səbəb olub: “Biz icmanın digər tədbirlərində iştirak etmirik. Bizi müxalif hesab edib, bizdən qaçmağa çalışırlar. Ancaq bu təşkilatın bir üzvü kimi mən özümü müxalif hesab etmirəm. “Azerros”da baş verənlərə görə utanıram. Ümid edirəm ki, yeni rəhbərlik bu intriqalara son qoyacaq”.

Xatırladaq ki, iclas "Azərros" Federal Milli Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun iştirakı olmadan baş tutub. O, yanvarın 17-də qurultayın keçirilməsinə etiraz edənlərdən biridir.