​"AZƏRİQAZ" ƏMƏKDAŞLARININ CİNAYƏTİ ÖRT-BASDIR EDİLİR

Dəhşətli qaz partlayışından yanan ailənin səsi ərşə çıxıb, ancaq təqsirkarlar məsuliyyətə cəlb edilmir

Ailə ilə təkrar əlaqə saxladıq. Tutuxanım Ağayeva dedi ki, ailənin etibarından istifadə edib, S.Sadıqzadə dələduzluq edərək onları aldadıb və qarşı tərəflə razılaşmaya gedib. Odur ki, zərərçəkənlər həmin şəxsin hüquqi yardımından imtina edəcəklər və təqsirkarların cəzalanması tələblərində israrlıdırlar...

Ötən il 9 noyabrda Abşeron rayonu Güzdək qəsəbə sakini Azad Əsgərov ailəsilə birgə yeni mənzilinə köçdüyü gün qaz partlayışından böyük ailə faciəsi yaşayıb. Ailə ağır dərəcəli yanıq xəsarəti alıb. 4 aylıq hamilə olan həyat yoldaşı 23 yaşlı Günel Əsgərova hadisədən bir həftə sonra dünyasını dəyişib. 2 yaşlı qızı Dəniz və özü isə bu günədək partlayışın ağır fəsadlarının acısını çəkirlər. 

Mehriban Əliyeva işi nəzarətə götürüb

Azad Əsgərovun adından “Hürriyyət”ə daxil olan məktubda bildirilir ki, hazırda təkcə qızı Dənizin xaricdə müalicəsinə və yanmış dərisinin dəyişidirilməsinə 50 min manat vəsait tələb olunur. 
Zərərçəkənin sözlərinə görə, bu qəzanın səbəbkarlarının araşdırılması üçün ailənin üzvü, nənə Tutuxanım Agayeva Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevayaya müraciət edib. 18 mart 2016-cə ildə T.Ağayeva fondda qəbulda olub. Ona bildirilib ki, Mehriban Əliyeva bu qəzanın araşdırılması prosesini nəzarətinə götürüb.
Fonddan Baş Prokurorluğa tövsiyyə də göndərilib ki, işə obyektiv baxılsın. Buna baxmayaraq, ailə baş verən hadisənin obyektiv araşdırılmamasından şikayətlidir. 

Günel “Dəniz” deyə qışqıranda nəfəs borusu yanıb

Azad Əsgərov yazır ki, qaz xəttini evinə çəkib, qaz vermək üçün “Azəriqaz” İB işçisi Abşeron rayon Qaz İstismar İdarəsinin (Qİİ) Güzdək kəndi üzrə nəzarətçisi Tariel Xudaverdiyev ondan Abşeron Qİİ-nin rəisinə ünvanlanmış ərizə, 300 manat və şəxsiyyət vəsiqəmin surətini alıb, uzun süründürməçilikdən sonra 2015-ci il oktyabrın sonunda onun evinə qaz xətti çəkilib: “Evimə gəlib gördüm ki, həqiqətən dəmir borularla qaz xətti çəkilib və evimdəki dəmir sobaya qaz borusu daxil olub. Ancaq evin divarında quraşdırılmış “Azəriqaz” İB-ə aid yazılar yazılan sayğac qutusunda sayğac olmadığını gördüm. Tarielə irad bildirdim ki, niyə qaz xəttində sayğac qutusunun içinə sayğac quraşdırılmayıb? 8 noyabrda 2015-ci ildə evimə gedən qaz xətti üzərində müvəqqəti mexaniki sayğac quraşdırıldı. Texniki təhlükəsizliyilə maraqlandım, “Azəriqaz”ın əməkdaşı bildirdi ki, hər bir şey qaydasındadır. Sevindim ki, nəhayət biz evimizə köçə biləcəyik, isti ocağımız olacaq. 9 noyabrda səhər radələrində yeni mənzilimizə köçdük, qaz yandırmaq istədikdə, qazsızmasından evimə dolan qazdan partlayış və dəhşətli fəlakət baş verdi. Məni zərbə götürüb bayıra atdı, huşumu ani olaraq itirdim, ayılanda həyat yoldaşım Dəniz deyə qışqırırdı. Dənizi çağıranda alov onun nəfəs borusuna daxil olduğundan, həkimlər onun həyatını xilas edə bilmədi. Mənsə qızımla əlil vəziyyətinə düşdük... ”

Rəis işi ört-basdır etmək üçün... 

Azad Əsgərov yazır ki, “Azəriqaz”ın işçisi texniki şərtlər olmadan, 300 manat alıb qaz xəttini evinə çəkiblər. Bu işi görməyə isə rəis Zamin Mütəllibov öz işçisi Tariel Xudaverdiyevə, baş mühəndislə birlikdə icazə və əmr verib: “Azəriqaz” İB rəhbərliyi təhlükəsizlik qaydalarını, texnoloji təlimatları pozan tabeliyində olan şəxsləri (çilingər, qaynaqçı, nəzarətçi, usta) işdən azad edə və bu qəzada öz səhlənkarlıqlarını ört-basdır etmək üçün tədbirlər görüb, evimizin otaqlarına daxil olan qaz boru sonluqlarını “qazsızma” izini itirmək üçün sökdürüb; podratçı idarə işçisi Vəfa Qulamovaya sayğacımızı qurduğu yerdən çıxartdırıb. Amma burada səhv buraxıb: üzərində “Azəriqaz” İB-nə məxsus olduğu barədə yazı olan sayğac qutusunu söküb aparmayıb, qutu bizim evdə yerində qalıb, sayğacın qutusu içində mexaniki sayğacın ölçülərinə uyğun gələn boru sonluqlarına tıxac və plomb vurdurub, guya bizim evə qaz verilməyib. Quraşdırdıqları sayğacı açıb aparıblar. Ancaq sayğacın qutusunu (fotosunu təqdim edirik – müəl.) açıb aparmayıblar. Sayğac qutusunun “Azəriqaz İB-nə məxsus olduğu barədə üzərində yazılar indi də var. Sayğac qutusunun iki boru sonluğu qalıb, bu sonluqlar sayğacdan açılmış sonluqlardır ki, sayğacın ölçülərində düzdür. Bu iki boruların sonluqların sayğacdan “çıxış” tərəfini plomb ilə qaz işçiləri savadsız olaraq möhürləyiblər və bununla evimizə qaz vermədiklərini sübut etmək istəyirlər. Bu yalançı plombu sayğacın giriş hissəsinin boru sonluğuna vurmaq lazım idi. Çünki evə qaz gələn tərəfi bağlamaq lazım idi ki, sayğaca qaz daxil olmasın. Sayğaca gələn boru üzərindən kranı bağlayıb plomb vurmayıblar”.

Dəymiş ziyan 90 min manatdır

Zərərçəkən qəza zamanı 15 min manat dəyərində ev əşyalarının yandığını da bildirib:“Təkcə 5 nömrəli yanıq xəstəxanasında 7 min manat xərclənib. Bu hadisədən qohum-əqrəbam maddi və mənvi ziyana məruz qalıb. Odur ki, mən 90 min manat dəyərində dəymiş ziyanın ödənməsini tələb edirəm. Hadisədən sonra “Azəriqaz”ın əməkdaşları yas mərasimində olmayıb, bizimlə bir insan olaraq belə maraqlanmayıblar. Əksinə, mənə təzyiqlər göstərilir. Hətta bir gün həbs olunmuşam ki, tələbimdən əl çəkim. Hüquqi nümayəndəm Baba Rzayevin müdaxiləsindən sonra buraxılmışam. Mənə bildirilir ki, Tariel Xudaverdiyev həbs olunsa, mən də həbs olunacam”. 

Ortada 27 dəlil və sübut var 

A.Əsgərov hüquqlarının müdafiəsilə bağlı “İstehlakçılara kömək” MMC-nin rəhbəri Baba Rzayevə müraciət edib. Uzun müddət “Azəriqaz”da məsul vəzifədə çalışdığını deyən Baba Rzayev “Hürriyyət”ə dedi ki, qurumun məsələ ilə bağlı daşıdığı məsuliyyət barədə dəlilləri toplayıb, prokurorluğa təqdim edib, lakin Abşeron rayon Prokurorluğu subyektivliyə yol verir: “27 punktdan ibarət sübutlar təqdim olunub. Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80N-li qərarı ilə “Qazdan istifadə qaydaları” təsdiq edilib. Qaydalara görə evə dəmir borularla qaz xətti çəkdikdən, bütün xətt üzrə boru birləşmələrinin, qurğularının saz vəziyyətdə olduğunu, qazsızma halını sabunlu su ilə yoxladıqdan sonra qaz verilməli, evə qaz buraxmaq haqqında əmr verilməlidir. Abşeron Qİİ rəisi evdə qazsızma halını yoxlamadan bu evə qaz buraxıb və nəticədə qəza baş verib. Azəriqaz” İB-nin təqsiri nəticəsində qaz sızması, qazın çəkilişi, dəyən zərər, ziyan barədə qonşuların, şahidlərin iştirakı ilə akt tərtib olunub. Aktı Güzdək qəsəbəsi bələdiyyəsi möhürlə təsdiq edib”.
B.Rzayev onu da bildirdi ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225-ci maddəsilə işə baxılır ki, bu da məsul şəxsləri məsuliyyətdən azad edir, halbuki vəzifə səhlənkarlığına görə, CM-nin 314-cü maddəsilə işə baxılmalıdır. 

Müstəntiq şaşırıb?

Abşeron rayon Prokurorluğunun müstəntiqi Fərid Mirişovla əlaqə saxladıq. Müstəntiq bildirdi ki, Azad Əsgərovun və Tutuxanım Ağayevanın heç bir şikayəti yoxdur: “Redaksiyaya yanlış məlumat verilib”. 
Ölüm hadisəsi və qaz qəzası da olmayıb? Müstəntiq dedi ki, olub, hazırda istintaq gedir.

...yaxud dələduz hüquqi nümayəndə

Zərərçəkən tərəfin hüquqi nümayəndəsi Sahib Sadıqzadədir. Sahib Sadıqzadə ilə əlaqə saxladıq. Dedi ki, etibarnamə əsasında ailənin hüquqi nümayəndəsidir və ailənin heç bir şikayət yoxdur: “İstəmirlərsə, gəlib müqaviləni pozsunlar”. 
Ailə ilə təkrar əlaqə saxladıq. Tutuxanım Ağayeva dedi ki, ailənin etibarından istifadə edib, S.Sadıqzadə dələduzluq edərək onları aldadıb və qarşı tərəflə razılaşmaya gedib. Odur ki, zərərçəkənlər həmin şəxsin hüquqi yardımından imtina edəcəklər və təqsirkarların cəzalanması tələblərində israrlıdırlar. 

Sevil UNAL, Hurriyyet.org