“Azəriqaz” Bərdə sakininə iki aya 190 manat “borc yükləyib”, idarənin müdiri “get kimə istəyirsən, şikayət elə” deyir – PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
5947

Bərdə şəhəri, Həzi Aslanov küçəsində yaşayan Ələsgərov Firdovsi Əliağa oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə president İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Möhtərəm Prezident!
Bu, mənim Sizə mətbuat vasitəsi ilə üçüncü müraciətimdir ki, edirəm. Hər dəfə müraciətimdən sonra «Azəriqaz» İB-nin Bərdə Regional İdarəsindən glib qaz sayğacına baxırlar, köməklik edəcəklərini söz versələr də, heç bir köməklik göstərmirlər. Yaşadığım evin qaz sayğacını keçən ilin sentyabr ayında «Azəriqaz» İB-nin Bərdə Regional İdarəsinin işçiləri dəyişiblər. Saygacı dəyişən zaman mənə 116 manat borcumun olması barədə bildiriş veriblər. Ondan bir neçə gün sonra 30 manat bu borcdan ödəmişəm.
Bir aydan sonra, yəni oktyabr ayında qaz sayğacına nəzarət edən əməkdaşı bildiriş verdi ki, guya, mənim 276 manat  borcum var. Dəhşətə gəlmişəm. Necə ola bilər ki, bir ay ərzində 190 manatlıq qaz istifadə olunub?
Sentyabr ayının iki ongünlüyü və oktyabr ayının birinci on günlüyü demək olar ki, yay vaxtına düşür. 5-10 manat arası qaz sərf olunduğu bir zamanda necə ola bilər ki, 190 manat qaz istifadə olunsun. Sayğaca baxdım, məlum oldu ki, sayğacın çıxışnda (yəni evimə aid olan hissəsində) böyük bir dəlik var. Buna görədə havaya böyük miqdarda qaz axıb getmişdir. Buna səbəb də «Azəriqaz» İB-nin Bərdə Regional İdarəsinin qaynaqçısının öz işini natamam görməsi olmuşdur. Bunun məsuliyyətini də həmin qaynaqçı çəkməlidir. Öz işini keyfiyyətli görməyib. Mən bunu idarənin müdiri Ceyhun müəllimədə demişəm. Amma dediklərimin nə faydası. Elə bil ki, bu sözləri daşa deyirəm. Ceyhun müəllim faktlar əsasında araşdırma aparmaqdansa, idarənin qaynaqçısının zir-ziblini ört-basdır edir.
Cənab Prezident!
Hər dəfə mətbuat vasitəsi ilə Sizə müraciət edirəm. “Azəriqaz» İB-nin Bərdə Regional İdarəsindən gəlib baxırlar və köməklik edəcəklərinə söz verirlər. Onlar gedəndən sonra elə bil mənim bu problemimi atırlar dərin bir quyuya. Nə səsi gəlir, nə də səmiri. Gedirəm idarəyə, Ceyhun müəllimlə görüşürəm. O da mənə deyir ki, «get kimə deyirsən de. Onsuz da bu pulu sən ödəyəcəksən».
Möhtərəm Prezident!
Xahiş edirəm ki, mənim bu müraciətimin araşdırılaraq  qanunsuz tələb irəli sürən, rüşvətxorluqla və soyğunçuluqla məşğul olan Bərdə Regional Qaz İdarəsinin müdiri Ceyhun haqqında ciddi tədbir görülməsinə tapşırıq verəsəniz”.

Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.