“AZƏRİQAZ” AZƏRBAYCAN İSTEHLAKÇILARINI “QAZLAYIR” – Erməni kilsələrini pulsuz qızdıran şirkət azərbaycanlılara pulla da qaz vermir

Baxış sayı:
535

Təbii inhisarçı kommunal xidmət qurumlarının inhisarçı mövqelərindən yararlanaraq istehlak bazarında hökmranlıq-diktatorluq etmələri  istehlakçı hüquqlarının dözülməz durumda olmasına nədən olub. Ötən yazımızda “Azərsu”nun dövlətin və onun başçısının sosial-iqtisadi siyasətini sabotaj etməsindən yazmışdıq. İndi sıra qaz xidmətinindir.
Toplam 3-4 aya dözməyən illik qaz limitini, iç-dış kilsələrin pulsuz qazlaşdırılmasını və qızdırılmasını bir yana qoyaq. Zavallı Azərbaycan vətəndaşına -  əlilinə, şəhid ailəsinə heç öz pulu ilə də evini qızdırmağa imkan verilmir. Qazlaşdırma sahəsində dövlət yönətimini həyata keçirən “Azəriqaz” İstehsalat Birliyi üzərinə düşən vəzifəni icra etməkdən imtina edərək, istehlakçıları “bazardan qaz podratçısı, mütəxəssisi tapıb” özlərinə qaz xətti çəkdirməyi “qanunlaşdırır”. Ha ələk-vələk elədiksə, Üzeyir bəyin dünyaca tanınmış personajından fərqli olaraq qanunu yarıyacan yox , başdan-ayağa, ayaqdan-başa bir neçə dəfə oxusaq da, belə “qazlı” maddəyə tuş gəlmədik.
“Qaz təchizatı haqqında” 30.06.1998 tarixli 513-IQ saylı Azərbaycan Respublikası Qanununun 13.1 maddəsinə görə, ENERGETİKA MÜQAVİLƏSİNƏ UYĞUN OLARAQ QAZ PAYLAYICISI MÜQAVİLƏ ƏRAZİSİNDƏ İSTƏNİLƏN ŞƏXSİN SİFARİŞİ İLƏ ONU QAZ ŞƏBƏKƏSİNƏ BİRLƏŞDİRİB TƏCHİZ ETMƏLİDİR ...13.2-1 maddəsinə əsasən,  İSTEHLAKÇIYA SATILAN QAZIN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ (TƏRKİBİ, SIXLIĞI, RÜTUBƏTLİLİYİ,  İSTİLİK YARATMAQ QABİLİYYƏTİ  və digər ) DÖVLƏT STANDARTLARININ TƏLƏBLƏRİNƏ UYĞUN OLMALIDIR. Dövlət standartlarının tələblərinin pozulmasının qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olması da sözügedən qanun maddəsinin tələbidir.”Qaz təchizatı haqqında qanun”un  13.9 və Nazirlər Kabinetinin 12.05.2011 tarixli  “Qazdan istifadə qaydaları haqqında” 80 saylı qərarının 4.2 maddələrinə  görə, MƏİŞƏT QAZ QURĞULARININ İSTİFADƏSİ ÜÇÜN QAZ SAYĞACI QAZ PAYLAYICISININ,SƏNAYE QAZ QURĞULARININ İSTİFADƏSİ ÜÇÜN QAZ İSTEHLAKÇILARININ VƏSAİTİ HESABINA TƏCHİZ EDİLİR, QURAŞDIRILIR VƏ DƏYİŞDİRİLİR . Qanunda və NK qərarında məişət və sənaye qaz qurğularının anlamı da əksini tapıb.
Belə ki, ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan qaz qurğuları məişət, saatda 10 kub metrdən çox olan qaz qurğuları sənaye qaz qurğuları sayılır. Bu o deməkdir ki, bütün məişət abonentləri məişət qaz qurğularından istifadə etdiklərinə görə qaz sayğacları ilə pulsuz, qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməlidirlər. Axı saatda 10 kub metr hesabı ilə bir günə 240, 10 günə 2400 kub metr artırılmış (2200 kub metr) illik qaz limitini də 200 kub metr üstələyir! Bəs “Azəriqaz” nə edir? “Azəriqaz” kilsələri qazlaşdırır, “ kilsəsizləri” və kimsəsizləri isə “qazlayır” ki, podratçı tapsın, qaz çəkdirsin, bundan sonra sayğac quraşdırıla bilər. 
Özü də bu qaz(lama) qaydaları yaşayış sahələri üçün keçərlidir. Qeyri-yaşayış sahələrinin sayğaclaşdırılması üçün guya “Azəriqaz”a vəsait ayrılmır. Yəni vətəndaşların aldadılması,  Konstitusiyanın 73-cü maddəsinə zidd olaraq qanunda nəzərdə tutulmayan ödəniş tələb edilməsi və inhisarçı mövqeyindən yararlanaraq zorla alınması söz qonusudur. Gerçəkdə istehlakçının podratçı “tapması” yox, seçməsi ƏRAZİ PLANLAŞDIRILMASI APARILMAMIŞ ƏRAZİLƏRƏ şamil edilir.  “Qaz təchizatı haqqında” qanunun 13.12 maddəsinə görə, ƏRAZİ PLANLAŞDIRILMASI APARILMAMIŞ ƏRAZİLƏRDƏ QAZ TƏCHİZATI ÜÇÜN LAYİHƏLƏNDİRMƏ və TİKİNTİ OBYEKTLƏRİNDƏN QAZPAYLAYICI ŞƏBƏKƏNİN QOŞULMA NÖQTƏSİNƏDƏK TİKİNTİ QURAŞDIRMA İŞLƏRİ QAZ İSTEHLAKÇISININ SEÇDİYİ PODRATÇI və ya QAZ PAYLAYICISI TƏRƏFİNDƏN İSTEHLAKÇININ VƏSAİTİ ,  DÖVLƏT SİFARİŞİ OLDUQDA İSƏ DÖVLƏTİN VƏSAİTİ HESABINA HƏYATA KEÇİRİLİR. Görün, bizdə necə edirlər, 50 -60 ilin yaşayış məntəqələrində qaz şəbəkəsinə (eləcə də işıq şəbəkəsinə) qoşulmaq üçün əlildən, şəhid ailəsindən, vətəndaşdan dəyəri on minlərlə ölçülən ödəniş tələb edilir! Bu, qaz-enerji soyğunçuluğu deyil, bəs nədir?
Vətəndaşa  hətta “Kombi” sistemi ilə evini qızdırmağa da yol verilmir. Nə su, nə qaz, nə də işıq verilir ki, vətəndaş öz pulu ilə evini qızdırsın. Nə insan hüquqları üzrə müvəkkil, nə istehlakçıların hüquqlarının müdafiəsi xidməti, nə də məhkəmə - hüquq mühafizə orqanları qaz məmurlarının əhalini “qazlamasına” hüquqi qiymət verilməsini təmin edir...

Məğrur BƏDƏLSOY