“Azərbaycanlılarla ermənilər həyatlarını riskə atıb alovla birgə döyüşür”

Gürcüstanın Borjomi kurortunda günlərdir davam edən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan və Ermənistandan köməyə gedən yanğınsöndürənlər həyatlarını riskə ataraq alova qarşı birgə döyüşür.
 
Bu haqda Rusiyanın “Kommersant” qəzeti yazıb.
Qəzet bildirir ki, hazırda Borjomi dərəsində 95 azərbaycanlı və 79 erməni yanğınsöndürən var. “Bir çox sahələrdə həyatlarını riskə ataraq onlar alovla birgə mübarizə aparırlar”-məlumatda bildirilir.
Xəbər verildiyi kimi Azərbaycan Gürcüstana köməyə iki yanğınsöndürən vertolyot da göndərib, Ermənistan isə 13 yanğınsöndürən maşın yola salıb. Habelə Belarus prezidenti Aleksandr Lukaşenkonun göstərişi ilə Gürcüstana köməyə Mi-26 vertolyotu və onlarla xilasedici göndərilib. Yanğın zonasında Türkiyənin yanğınsöndürən təyyarəsi də işləyir.
Güclü külək üzündən hələlik yanğını lokallaşdırmaq mümkün olmayıb. Alovun kurort obyektlərinə çatması istisna deyil. Habelə risk var ki, lov Borjomi-Xaşuri-Tblisi avtomobil yoluna bitişik meşə massivinə də keçəcək. Əgər belə olarsa on minlərlə yerli sakin və turistlər dağlıq ərazilərdə alovun mühasirəsində qalacaq və onları ancaq vertolyotlarla, ya da dağ aşırımları ilə piyada xilas etmək mümkündür.
Artıq bir sıra Qərb ölkələri Gürcüstana öz köməklərini təklif ediblər. Prezident Marqvelaşvili yanğınla mübarizə üçün silahlı qüvvələri də səfərbər edib. Quru qoşunları və mühəndis-istehkam qoşunları fəlakət zonasına göndərilib.
Daxili işlər naziri Georgi Mqrebrişvili ilk dəfə bəyan edib ki, hakimiyyət yanğının qəsdən törədildiyini və terror aktı olduğunu istisna etmir, bu versiya araşdırılır. Çünki yanğın eyni zamanda Borjominin bir neçə səmtində başlayıb. “Mən polisəm və bu səbəbdən heç bir versiyanı istisna etmirəm”-nazir bildirib./virtualaz.org