"Azərbaycanlılar yanvarın 19-da Yazovdan Bakıya hücum planını sabahadək təxirə salmağı xahiş etsələr də..." - CƏMİL HƏSƏNLİ 20 YANVAR FACİƏSİ HAQDA

Baxış sayı:
820

(Qanlı yanvar silsiləsindən dördüncü və beşinci yazı)

Əbdürrəhman Vəzirov 2018-ci ildə Moskvada çap olunmuş “Parterin birinci sırasında” adlı publisistik xatirələrində 1989-cu ilin payızında və 1990-cı ilin ilk günlərində respublikada yaranmış dramatik vəziyyəti belə təsvir edirdi: “1989-cu ilin 25 dekabrında silahlı cəbhəçilər Cəlilabad rayonunda qanuni hökuməti devirərək rayon partiya komitəsini, milis şöbəsini darmadağın etdilər; 31 dekabrda Naxçıvan Muxtar Respublikasının ərazisi boyunca SSRİ-nin İranla sərhədini dağıtdılar; 1990-cı ilin 11 yanvarında AXC silahlı birləşmələri Lənkəranda qanuni hökuməti devirdilər; 15 yanvardakı mitinqdə “ermənisiz Bakı” şüarı səsləndi, mitinqçilərin arasından bir neçə quldur dəstəsi formalaşaraq hərəkətə keçdi, 2 mindən çox soyğunçuluq, quldurluq, dağıntı, 33 ölüm hadisəsi törədildi”. Lakin bunlar baş verən həqiqətlərin hamısı deyildi. O, həqiqətlər yalnız Əbdürrəhman Vəzirovun dilindən açıqlana bilərdi, lakin üzərindən 30 il keçməsinə baxmayaraq o, öz kitabında bu məsələlərə nöqtə qoymadı.
1989-cu ilin payızından etibarən Vəzirovla Moskva arasında ciddi ziddiyyətlər yaranmışdı. Mərkəzin, xüsusi ilə Qorbaçovun ermənilərə meylliliyi, gərəkli məqamlarda hərəkətsizlik nümayiş etdirməsi Vəzirovu məyus etmişdi. Qorbaçovla onun arasında ilk fikir ayrılığı Ermənistandan qovulan azərbaycanlı əhalinin yerləşdirilməsi ilə bağlı olmuşdu. Münaqişə başlayandan bəri Ermənistanda azərbaycanlıların yaşadığı 185 kənd dağıdılmış, qovulan əhalinin sayı 230 min nəfər çatmış, 31 min yaşayış evi, 165 kolxoz və sovxoz qarət edilmiş, əsasən Quqark və Masis rayonlarında 216 nəfər azərbaycanlı öldürülmüş, 1154 nəfər yaralanmışdı. Vəzirov Ermənistandan qovulan azərbaycanlı əhalinin Dağlıq Qarabağda və Ermənistanla sərhəd olan Azərbaycan rayonlarında yerləşdirilməsi ilə bağlı təkid etsə də, Moskva buna razılıq verməmişdi. Hətta o, bunları qeyd edilən ərazilərdə respublika büdcəsi hesabına yeni yaşayış məntəqələri və qəsəblər salmaq hesabına edəcəyini bildirsə də, Qorbaçov onu müdafiə etməmişdi. Böyük qaçqın dalğasının Bakı, Gəncə, Sumqayıq kimi mərkəzi şəhərlərə axışması ölkədə xaotik vəziyyət yaratmaqla yanaşı, rəhbərlik üçün də xeyli problemlər yaratmışdı.
Mərkəz tərəfindən müdafiəsini itirən Vəzirov 1989-cu ilin payızında iki dəfə Qorbaçova istefa ərizəsi ilə müraciət etmişdi. Moskvada Qorbaçovla görüşəndə o, açıq şəkildə bildirmişdi ki, siz böyük vədlərlə məni Azərbaycana birinci katib göndərsəniz də, həmin vədlərin heç birini yerinə yetirmədiniz və faktiki olar mərkəz məni müdafiəsiz qoydunuz. O, hər dəfə Sov.İKP MK-ya gedəndə “təsadüfən” ermənilərin MK katibi Aleksandr Yakovlevin və Qorbaçovun Bakıda doğulmuş köməkçisi Georgi Şahnazarovun yanında toplandığının şahidi olmuş və təhlükənin bilavasitə haradan gəldiyinə əmin olmuşdu. O, punktual sovet kadrı olduğundan nə mərkəzin göstərişlərindən çıxa bilmir, nə də gündən-günə artan probleləri, Xalq Cəbhəsinin simasında xalqın tələblərini həll edə bilirdi. Hadisələrin böhran həddinə yüksəldiyi 1989-cu ilin noyabrında Bakıya səfər edən ABŞ-ın SSRİ-dəki səfiri Çek Metlok (Jack Matlock) “İmperiyanın ölümü: Amerika səfirinin Sovet İttifaqının dağılmasına baxışı” (Autopsy on an Empire: The American Ambassador's Account of the Collapse of the Soviet Union) kitabında onunla bağlı yazırdı: “Əbdürrəhman Vəzirovun on illərlə Azərbaycana başçılıq edən Heydər Əiyev hakimiyyət maşını ilə birbaşa bağlılığı yox idi. Vəzirov, ola bilsin ki, bir çıxış yolu tapa bilərdi, lakin o, müstəqil hərəkət etmək imkanına malik deyildi. O, Moskvanın passivliyi ilə vətənində qaynayan siyasi ehtiraslar arasında sıxılıb qalmışdı”. 1989-cu ilin sonu 1990-cı ilin ilk günlərində respublikanın kommunist hakim elitası arasında hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi də Moskva ilə xalq arasında qalmış Vəzirovun mövqeyini xeyli sarsıtmışdı. Vəzirov Qorbaçovun bütün kombinasiyalarda ermənilərə sərf edən oyunlarından mütəssir olmuşdu.
Əbdürrəhman Vəzirov mərkəzin “etimadını” doğrultmadığı üçün Bakıya xüsusi missiya ilə gələn Yevgeni Primakov faktiki olaraq respublikaya rəhbərliyi öz əlinə almışdı. Yanvarın 14-də bazar günü o, və digər Moskva nümayəndələrinin iştirakı ilə respublika rəhbərliyinin toplantısı keçirildi. Vəzirov respublikada yaranmış vəziyyət haqqında məlumat verdi. Primakov şəhərdəki erməni talanları ilə maraqlandıqda faktiki olaraq Vəzirovun mətbuat xidməti vəzifəsini icra edən "Azərinform”un sədr müavinə Saveliy Perets öldürülən ermənilərin sayı barədə məlumat verib əlavə etdi ki, "hələ Xalq Cəbhəsinə çox sağ ol deyin ki, öz xalqının simasını qoruyub saxlayaraq, ermənilərin bərə ilə təxliyəsini təşkil edib. Yeri gəlmişkən, sizin yerinizə… Yoxsa, öldürülənləri onlarla deyil, yüzlərlə sayardınız”. (Перец Савелий. Пылающее пепелище. // Приложение к еженедельнику «Меридиан». 2001. 17 декабря). Bu sözləri eşidəndə Primakov əsəbi formada çımxırdı ki, “bəsdirin!” və əlavə etdi ki, “bizdə belə bir təəssürat yaranıb ki, respublika partiya orqanlarının nəzarəti altından çıxıb. Hərbi hissələr mühasirəyə alınıb, şəhərdə erməni qırğını gedir… Siyasi Büro Bakıdakı vəziyyətdən ciddi şəkildə narahatdır. Vəziyyəti düzəltməliyik, əks təqdirdə, respublika ağır zərbə alacaq və təkcə respublikaya deyil, bütövlükdə ölkəyə ağır zərbə dəyəcək. Operativ qərargah yaratmağı, bir sıra təcili tədbirlər görməyi təklif edirəm”. (Агаев Р., Али-заде З. Азербайджан. Конец второй республики (1988–1993 гг.), с.167). Moskvadan Bakıya ezam olunmuş Primakov, Girenko və digərləri, habelə Azərbaycan rəhbərliyi belə hesab edirdilər ki, "qarşıda duran aksiya talan, ermənilər əleyhinə deyil, ilk növbədə anti-hökumət xarakteri daşıyacaq”. (Перец Савелий. Пылающее пепелище. // Приложение к еженедельнику «Меридиан». 2001. 17 декабря).
Qəribə də olsa, Primakov başda olmaqla "operativ qərargahın” birinci işi müxalifət liderləri ilə görüşmək və habelə, idarə və müəssisələrdə görüşlər keçirib könüllü dəstələr yaratmağa cəhd göstərməkdən ibarət oldu. Yanvar ayının 15-də respublika televiziyası axşam birinci katib Əbdürrəhman Vəzirovun Bakı soyuducular zavodunda fəhlələrlə görüşünü verdi. Burada o, əli silah tutan bütün gəncləri könüllü dəstələrə yazılmağa çağırır və onlara silah da veriləcəyini bildirirdi. Məhz, partiya komitələri könüllülərin siyahısını tuturdu, açıq-aydın görünürdü ki, sənaye müəssisələrində səfərbərlik işi həyata keçirilir. Kimə qarşı idi bu səfərbərlik? Bu sirr olaraq qaldı. Partiya orqanlarının şübhəli şəkildə "cəsarətə gəlməsi” çoxlu suallar doğururdu. Lakin yanvarın 14-də toplantını yekunlaşdıran Primakov respublika rəhbərliyinə belə bir təklif vermişdi ki, Siz cəbhəçilərlə ümumi dil tapmalısınız, O, qeyd edirdi ki, "bizim Siyasi Büroda hər şey o qədər də asan deyil. Dirənənlər də var, amma Mixail Sergeyeviç hamı ilə ümumi dil tapır. Üzbəsurət hücumlar çoxdan tarixə çevrilib. İndi güzəştlər vaxtıdır”. Həmin günlərdə (14-16 yanvar) Xalq Cəbhəsi rəhbərliyi ilə Primakov 4 görüş keçirdi. Əsas müzakirə mövzusu hərbi obyektlərin və hərbi hissələrin, yolların blokadasının götürməsindən ibarət idi. O, Bakı qırğınından sonra keçirilən ilk plenumda qeyd edirdi ki, "demək olar ki, biz onlara yalvarırdıq ki, ordu ilə zarafat etmək olmaz. Ordu necə olursa olsun, blokadanı yaracaq”. (Агаев Р., Али-заде З. Азербайджан. Конец второй республики (1988–1993 гг.), с.168-170)
MK-dakı toplantıdan bir gün sonra Bakı şəhər partiya komitəsinin fövqəladə plenumu keçirildi və orada da Xalq Cəbhəsi nümayəndələri ilə danışıqların nəticələri müzakirə edildi. Bütün danışıqlarda cəbhəçilərin bilavasitə iki tələbi var idi: Qarabağ məsələsinin həlli və Vəzirovun istefası. Cəbhəçilərin bu tələbinə qarşı Andrey Girenko açıq şəkildə bildirmişdi ki, respublika rəhbərliyini Sov.İKP MK deyil, kütlənin dəyişməsi yolverilməzdir. Xalq Cəbhəsi nümayəndələri ilə görüşdə Primakov hərəkatın lideri Əbülfəz Elçibəyə belə bir sual verdi: “Sizin məqsədiniz nədir?” Elçibəy cavab verdi ki, “demokratik seçkilərdə qələbə çalmaq”. Onda Primakov dedi ki, “bundan sonra Sovet İttifaqından ayrılmağa bir addım qalır”. Azərinformun yanvarın 15-də "Bakıda vəziyyətə dair” yaydığı məlumatda göstərilirdi ki, "Yevgeni Primakov və Andrey Girenko Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri ilə görüşmüşlər. Uzun sürən söhbətlər zamanı diqqət buna cəlb edilmişdir ki, vəziyyəti normal hala salmaq, qayda - qanunu təmin etmək üçün bütün tədbirlər görülməlidir. Qeyd edilmişdir ki, SSRİ-də demokratikləşmə ilə mövcud qanunların pozulması arasında heç bir əlaqə yoxdur, əksinə, demoratikləşmə qanunlara ciddi əməl edilməsini nəzərdə tutur”. (Kommunist qəzeti.1990. 16 yanvar).
Xalq Cəbhəsi ilə razılığa gəlmək mümkün olmadıqda, Primakov Şeyxülislam Allahşükür Paşazadəyə təklif etdi ki, "respublikaya başçılıq etməyi” öz üzərinə götürsün. Görünür bu təklif Azərbaycanda baş verənləri islam fundamentalizmi ilə əlaqələndirmək zərurətindən irəli gəlirdi. Qanlı yanvar günlərində da ABŞ və Qərb ölkələrinin rəhbərləri ilə telefon danışıqlarında Mixail Qorbaçov Bakıya ordu yeridilməsini Azərbaycanda islam fundamentalizminin yayılması ilə izah edirdi. Qərb mətbuatına bu tezis məhz Moskvadan ötürülmüşdü.
Dağlıq Qarabağda hadisələrin silahlı müstəviyə keçdiyi və respublikada gərginliyin günbəgün artdığı bir məqamda nəhayət ki, 1990-cı ilin yanvar ayının 15-də Moskvanın çoxdan planlaşdırdığı qərar verildi. SSRİ Ali Sovetinin "Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyətin elan edilməsi haqqında” fərmanında Azərbaycan Ali Soveti Rəyasət Heyətinə tövsiyə edilirdi ki, Gəncə və Bakı şəhərlərində komendant saatı tətbiq etsin. Fərmanın 7-ci bəndində deyilirdi: "Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinə təklif edilsin ki, əhalinin, müəssisələrin və təşkilatların təhlükəsizliyini təmin etmək üçün qüvvədə olan qanunvericiliyin... tələblərini pozmaqda müqəssir olan şəxsləri məsuliyyətə cəlb etmək üçün Bakı, Gəncə və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla hər cür lazımi tədbirlər görsün”. (Воротников В.И. А было это так…Москва, 1995. С.343)
Bu fərmanla bağlı yanvar ayının 16-ı axşam saat 19:00-da Azərbaycan televiziyasının “Planetimizin mənzərəsi” proqramında mənim çıxışım oldu. Proqram canlı getdiyi üçün Moskvanın siyasətini, mərkəzdən verilən fərmana respublika rəhbərliyinin səssiz qalmasın kəskin tənqid etdim. Planetimiz qaldı bir tərəfdə, verlişi bütövlükdə respublikadakı dramatik vəziyyətə, partiya rəhbərliyinin bacarıqsızlığına, dövlət və hökumət orqanlarının iflic vəziyyətə düşməsinə, Moskvanın yedəyində getməsinə həsr etdim. 15 dəqiqəlik veriliş qurtaranda aləm dəymişdi bir-birinə. Sədr, müavinlər və informasiya redaksiyasınnın müdiri həyəcan içərisində idi. Lakin biz proqramın rəhbəri Qulu Məhərrəmli ilə binadan çıxanda, artıq AzTV-nin giriş qapısı adamlar və maşınlarla dolu idi. Yanvarın 17-də “İnşaatçı” qəzetinin baş redaktoru Oqtay Cəfərov həmin çıxışın mətnini öz qəzetində dərc etdi. Bu yazı Oqtay müəllimə baha başa gəldi, məni isə bir müddət siyasi icmallardan uzaqlaşdırdılar.

***

"Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyətin elan edilməsi haqqında” fərmanı imzaladıqdan sonra Mixail Qorbaçov artıq Azərbaycan rəhbərliyinə namizəd axtarırdı. Yanvar ayının 16-da o, Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nin sədri Vaqif Hüseynova zəng edərək respublika partiya təşkilatına rəhbərlik etməyi ona təklif edir. Onun ardınca SSRİ DTK-nin sədri Vladimir Kryuçkov Vaqif Hüseynova zəng edib vəziyyət haqqında məluat alır. Vaqif Hüseynov soruşur: " Vladimir Aleksandroviç, nə baş verir? Minlərlə insan Ermənistandan Azərbaycana köçürülür. İndi Bakıda insanları öldürürlər, paralel olaraq saatlarca davam edən müşavirələr, Moskvaya məruzələr. Orada isə müəmmalı susqunluq. Heç kim heç nə etmək istəmir. Bunların arxasında nə durur?”. Kryuçkov cavabında deyir ki, “bilirsiniz ki, bizdə qərarlar, təəssüf ki, ya gec qəbul edilir, ya da ümumiyyətlə qəbul edilmir, Primakov Bakıya göndərilib. Onun geniş səlahiyyətləri var. Qorbaçovla daim əlaqə saxlayır. Vəziyyətlə bağlı Primakovu məlumatlandırın. Sonra o, Qorbaçovla söhbətinə toxunaraq əlavə etdi ki, “yeni böyük vəzifəyə hazırlaşın”. (Гусейнов Вагиф. Больше, чем одна жизнь. Книга вторая, с.280)
Bu zaman artıq Azərbaycan KP MK-nın birinci katibi Vəzirov üçüncü istefa ərizəsini Qorbaçovla razılaşdırmışdı. Yanvarın 18-dən etibarən onun kabinetində və onun masasında Primakov oturur, respublikadakı proseslərə biləvasitə rəhbərlik edirdi. Həmin vaxt fasiləsiz mitinqlər artıq respublika kommunist partiyasının binasının qarşısında gedirdi və MK-nın binası hər tərəfdən mitinqçilər tərəfindən mühasirəyə alınmışdı. Yanvarın 18-də Moskva nümayəndələri başda olmaqla MK binasında olan rəhbərlik mitinqə gəldi və Primakov mitinqçilər qarşısında çıxış edib bəyan etdi ki, Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməyəcək və şəhər ətrafında toplanmış ordu Bakıya yeridilməyəcək. Eyni sözü həmin gün Sov.İKP MK milli münasibətlər şöbəsi müdirinin müavini Vyaçeslav Mixaylov respublika televiziyası ilə çıxışında təkrar etdi. Bu zaman artıq Zaqafqaziya, Moskva, Leninqrad və digər hərbi dairələrdən gətirilmiş 50 minlik ordu hissələri şəhəri işğal etmək üçün son hərbi hazırlıq işlərini başa çatdırmışdı. Demək olar ki, bütün qoşun növlərindən ibarət olan hərbi hissələr, o cümlədən DTK-nın 7-ci idarəsinin "Alfa” qrupu müxtəlif istiqamətlərdən Bakıya doğru hərəkət etməyə start vəziyyətdə idi. (Джангир Араслы. Армяно-азербайджанский конфликт : военный аспект. Баkу, 1995. С.8-9)
Yanvarın 19-da səhər kompartiyanın birinci katibi Vəzirov MK binasına gələndə mitinqçilər hər tərəfdən binaya yolu bağlamışdılar. O, MK binasına buraxılmayanda respublika DTK-nın binasına yollandı. Son günlər həmin binada sahiblik edən SSRİ DTK-nin birinci müavini Geniy Ageyev məlumat verdi ki, səhər saat 8-də SSRİ Müdafiə naziri Dmitri Yazov və SSRİ Daxili işlər naziri Vadim Bakatin Bakı yaxınlığındakı Qala hərbi aerodramuna gəlmişlər. Bakıya yola düşməzdən öncə Yazov Qorbaçovla görüşdü və xahiş etdi ki, ordunun Bakıya girməsi üçün yazılı əmr verin. Qorbaçov “bu kağızla sonra sən nə edəcəksən...?” deyib ritorik sualla məsuliyyəti öz üzərinə götürməkdən yayındı. SSRİ müdafiə naziri Dmitri Yazov sonralar xatırlayırdı ki: "Qorbaçov zəif xarakterli bir insan idi. Onun əlində ordu var idi, DTK. DİN var idi. Nə olsun? Dağlıq Qarabağın qarşısını almaq olmazdı bəyəm? Amma etmədi. Bakıda fövqəladə vəziyyət tətbiq etdi. Məni, Kryuchkovu və Puqonu çağırdı. Uçduq (Bakıya), amma hələ də yazılı əmr yox idi”.
Qala hərbi aeroportundan 4-cü ordunun qərargahına gələn nazirlər operativ müşavirə keçirdilər. Şəhərdəki vəziyyət haqqında məlumatı onlara artıq çoxdan Bakıda olan müavinləri, hərbi kəşfiyyat və əks kəşfiyyatın rəhbərləri məruzə etmişdilər. Burada Yazov elan etdi ki, yaxın 2-3 gündə fövqəladə vəziyyət elan edilməsi haqqında fərman çıxacaq və əlavə edib ki, AXC liderlərini mümkün qədər tez təcrid etmək lazımdır. (Гусейнов Вагиф. Больше, чем одна жизнь. Книга вторая, с.285)
Yanvar ayının 19-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin fövqəlada sessiyası Ermənistan SSR tərəfindən edilən hərbi təcavüz nəticəsində muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşların həyatı təhlükə qarşısında qaldığından, 1921-ci ilin oktyabr ayında RSFSR-in iştirakı ilə Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanmış Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etdi. (Şərq qapısı. 1990. 20 yanvar)
1990-cı ilin yanvar ayının 19-da də Sov.İKP MK-da müttəfiq respublikaların mühəndis-texniki işçilərinin geniş müşavirəsi çağırılmışdı. Həmin müşavirə mərkəzi televiziyanin ikinci kanalı ilə translyasiya olunurdu. Həmin müşavirənin gedişində köməkçisi Qorbaçova gətirib bir kağız verdi. Qorbaçov tribunada çıxış edəni dayandıraraq Azərbaycandakı vəziyyət haqqında yeni aldığı məlumatı verdi və dedi: Bakıdan xəbər verirlər ki, orada vəziyyət çox gərgindir, Azərbaycanda islam respublikası yaratmaq istəyirlər. Həmin müşavirədə Azərbaycan nümayəndələri də iştirak edirdilər. Əlbəttə, Qorbaçovun bu məlumatı həmin axşam Bakıya qoşun yeridilməsinə ictimai rəyi, o cümlədən xarici ictimai rəyi hazırlamağa hesablanmışd və Bakı əməliyyatının informasiya hazırlığı idi.
Yanvarın 19-da müşavirədən sonra Mixail Qorbaçov Moskva yaxınlığındakı "Barvixa” sanatoriyasında dincələn Heydər Əliyevə zəng edib onu hədələdi. O dedi ki, "Azərbaycanda iğtişaşlar baş verir və bu iğtişaşların günahkarı odur". Qorbaçov xəbərdarlıq etdi ki, respublikada faktiki olaraq Sovet hakimiyyəti devrilib və bunun günahkarı da Heydər Əliyevdir və o, təcili olaraq hadisələrə təsir etmək barədə tədbirlər görməlidir. (Ахундова Э. Гейдар Алиев: личность и эпоха. Кремлёвская пятилетка. Баку, 2008. С.790)
Yanvarın 19-da günorta Moskvadan gələn güc nazirləri 4-cü ordunun qəragahında son əməliyyat müşavirəsi keçirdilər. Bu zaman artıq kommunist partiyasının birinci katbi Vəzirov da DTK-dan ora gətirlilmişdi. Primakov və geniralitetlə qısa müşavirdən sonra Yazov Vəzirovu yanına çağıraraq dedi ki, o, Siyasi Büronun tapşırığını yerinə yetirir. Siyasi Büro Azərbaycandakı vəziyyəti həddindən artıq mürəkkəb hesab edir və ona möhürlənmiş paket verib. Orada qısaca olaraq məlumat verilirdi ki, “Vəzirov Sov. İKP MK Siyasi Bürosunun sərəncamına cağırılır”. (Агаев Р., Али-заде З. Азербайджан. Конец второй республики (1988–1993 гг.), с.175). Beləliklə, ən elementar partiya nizamnaməsinə əməl etmədən, formal da olsa respublika partiya təşkilatının qərarı olmadan Azərbaycan partiya təşkilatının birinci katibi "demokratik islahatlar” adı ilə tarix səhnəsinə çıxmış Mixail Qorbaçov tərəfindən geri, Siyasi Büronun sərəncamına çağrılırdı. Həmin axşamı 4-cü ordunun qərargahında gecələyən Vəzirov yanvarın 20-si səhər tezdən Binə aerodromundan hərbi təyyarə ilə Moskvaya göndərildi.
Azərbaycan KP MK bürosunun üzvləri yanvarın 19-da Yazovla görüşüb Bakıya hücum əməliyyatını sabaha qədər təxirə salmağı xahiş etsələr də Yazov dedi ki, " biz sizə kifayət qədər vaxt verdik”. Respublika rəhbərliyi SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkovla əlaqəyə girib dedilər: "sizə yalvarırıq, xahiş edirik Yazova tədbirləri səhərə qədər dayandırmağı əmr edin. Səhər Büronu toplayıb bütün məsələləri həll edəcəyik”. Onlar Rıjkova xəbərdarlıq etdilər ki, respublikada çoxlu rus əhalisi yaşayır və “onları çətin vəziyyətə qoyursunuz. Qoşunların yeridilməsi onlara qarşı nifrət hissi oyada bilər. Bunu etmək lazım deyil. Bizə səhərə qədər bu problemi həll etmək imkanı verin”. (Агаев Р., Али-заде З. Азербайджан. Конец второй республики (1988–1993 гг.), с.181) Lakin Moskvanı öz qərarından döndərmək mümkün olmadı.
(Ardı var)
Cəmil HƏSƏNLİ