Azərbaycanlılar getmədikləri oyuna bilet alır – Ürəksızladan dəstək

Təbrizin “Traktorsazi” komandasının tərəfdarları sabahkı “Traktorsazi” – “İstiqlal” oyununda komandanın üçüncü rəsmi rəngi olan qaraya bürünməyi planlaşdırırlar.
Bu addımla Azərbaycanda daşqınlar zamanı həyatını itirənlərin xatirəsi yad ediləcək.
Həmçinin yarışda biletlərin satışından əldə olunan gəlirin daşqından əziyyət çəkənlərə sərf ediləcəyini eşidən vətəndaşlar artıq “Traktorsazi”nin kampaniyasına ciddi dəstək verirlər. Hətta futbol matçına gedə bilməyənlər də biletlər alırlar.
Qeyd edək ki, dünən öz İnstaqram səhifəsində “Traktorsazi” klubunun icraçı direktoru Mustafa Acerlu cüma axşamı Təbrizdə oynanılacaq “Traktorsazi”-“İstiqlal” oyunundan əldə olunan gəlirlərin sel və daşqından zərər çəkən şəxslərə sərf ediləcəyini bildirmişdi.
Aprelin 14-də Azərbaycan vilayətinin bir çox şəhərlərində fəlakətli daşqınlar qeydə alınıb. Ən dəhşətli vəziyyət isə Azərşəhr, Əcəbşir, Sarab, Marağa, Urmiya bölgələrində yaşanıb. Daşqınlar nəticəsində 49 azərbaycanlı dünyasını dəyişib.
İran mərkəzi hakimiyyətinin biganəliyi və bu faciə ilə bağlı matəm elan etməməsi yerli sakinlərə üzücü təsir edib.