Azərbaycanlı vunderkinddən daha bir uğur: "Onun məzarına təşəkkür etdim..."

Baxış sayı:
2800

"Məktəbə getməzdən əvvəl vurma cədvəlini öyrənmişdim. Atam riyaziyyatı yaxşı bildiyi üçün, bu fənni mənə sevdirdi. Kiçik yaşlarımdan onunla birlikdə misal həll edirdik".

Bunları Lent.az -a bu il Fənn Olimpiadalarının Respublika turunda Riyaziyyat fənni üzrə 9-cu siniflər arasında l yerin qalibi olan Turqay Qaybalıyev deyib.

Turqay Qaybalıyev 2003-cü il dekabrın 26-da Bakı şəhərində doğulub. İbtidai təhsilini 160 saylı məktəbdə alıb. Sonra Oksford məktəbində, hazırda isə Bakı Modern Təhsil Kompleksində təhsil alır. Bu il 9-cu sinfi bitirən Turqayın, bir çox həmyaşıdlarından fərqli olaraq, riyaziyyata böyük marağı var. Riyaziyyat üzrə çoxsaylı beynəlxalq olimpiadalarda yüksək nəticələr əldə edən Turqayın istedadı uşaqlıqdan özünü göstərib.

Birinci sinifdə 1 ay oxuyub. 4 yaşında məktəbdən əvvəl ilk müəllimi hesab etdiyi qonşuları, həm də müəllimi olan Svetlana Ağayeva onunla məşğul olub. 1-ci sinfə imtahanla qəbul olan Turqayın xüsusi istedadını görən məktəb rəhbərliyi məktəbdaxili imtahanla onu 2-ci sinfə keçirir.

T.Qaybalıyev ilk qələbəsini 2011-ci ildə ikinci sinifdə oxuyanda qazanıb. Məktəbdaxili bilik olimpiadasının birincisi olub. Ardınca yenə məktəblərarası bilik olimpiadasında birinci olub. Növbəti uğuru isə Türkiyədə qazanıb. Türkiyədə keçirilən V Beynəlxalq Antalya Olimpiadasına yer qazanıb.

2013-cü ildə Antalyada keçirilən Beynəlxalq Olimpiadada Azərbaycanı riyaziyyat fənni üzrə təmsil edərək qızıl medal və diploma layiq görülüb. 2014-cü ildə yenə də Antalyada beynəlxalq olimpiadada ölkəmizi iki fənn üzrə təmsil edib. Riyaziyyat və ingilis dilindən ikinci yeri qazanıb. Bu siyahını uzatmaq da olar.

- 7-ci sinifdə oxuyanda 9-cu siniflər üçün keçirilən olimpiadaya qatıldım. Yarımfinalda finala vəsiqə qazana bilməsəm də, Təhsil Nazirliyinin mükafatını aldım. 8-ci sinifdə təhsil alanda SAT imtahanında iştirak etdim. 9-cu sinifdə təhsil alanda ABŞ-ın bir neçə nüfuzlu universitetlərindən dəvətnamələr gəldi. SAT imtahanından yüksək nəticə göstərdiyim üçün yay məktəblərinə dəvət aldım. ABŞ-ın Kaliforniya ştatında yerləşən Stanford universitetini seçmişəm. Bu il iyulun 15-dən 27-dək Beynəlxalq Olimpiada Hazırlıq Qrupunun proqramında iştirak edəcəyəm.

Onu da bildirək ki, Turqay 9-10-cu siniflər arasında Bakıda keçirilən ABŞ-ın AMC olimpidasına qatılıb və birinci yerə layiq görülüb. Azərbaycanda keçirilən Beynəlxalq Kenquru Olimpidasında isə 3-cü yeri əldə edib.

Turqay deyir ki, fizika-riyaziyyat təmayüllü olimpiada mərkəzinin müəllimi olmuş İlham Hüseynovun onun üzərində əməyi çoxdur.

- İlham müəllim məni beynəlxalq olimpiadalara yönləndirirdi. Respublika üzrə fənn olimpidalarında birinci yeri qazanmağımı çox arzu edirdi. Mən bu il birinci yeri qazandım, amma təəssüf ki, İlham müəllim rəhmətə getdiyi üçün bunu görmədi. Birinci yerə layiq görüldükdən sonra gedib onun qəbrini ziyarət etdim və arzusunu yerinə yetirdiyimi deyib, təşəkkürümü bildirdim.

İndiki müəllimim Şəmsi Səfərov mənə çox yardımçı olur. Fənn olimpiadasında yer qazanmağımda təhsil aldığım məktəbimin böyük köməyi oldu. Xüsusilə, riyaziyyat müəllimim Nigar Kamilovanın əməyini qeyd etmək istəyirəm.

Arzuları boldur:

- Məqsədim beynəlxalq olimpiadalara hazırlaşmaq və daha çox uğur əldə etməkdir. Bunun üçün var gücümlə çalışıram. Onu da qeyd edim ki, müəllimlərimlə bərabər mənə ən böyük dəstəkçilərdən biri atam Xəqani müəllimdir. Atam özü də 1990-cı ildə keçirilən respublika fənn olimpiadasının fizika üzrə qalibi olub. Olimpiadalara marağı da məndə ilk dəfə atam oyadıb. O, mənim həm dostum, həm müəllimim, həm də qardaşımdır.

Məqsədimə çatmaq üçün gündə məktəbdə ən azı 2 saat, hazırlıqda yenə o qədər, evdə isə 4-5 saat hazırlaşıram. Həftə sonlarında 5-6 saat işləyirəm.

Turqay deyir ki, riyaziyyatı yaxşı bilən insan məntiqli olur, sürətli və yaşından daha irəli fikirləşə bilir. Sinifdə öz yoldaşlarına kömək etdiyini deyən gənc müsahimiz futbola da maraq göstərir. Meyvə yeməyi xoşlayır, daha çox da təzə meyvə şirəsi içir.