“Azərbaycanlı turistlər xaricdə 1,2 milyard dollar xərcləyib” - Qubad İBADOĞLU

Baxış sayı:
23203

“Bizim turizm gəlirlərimiz isə 1,3 milyard dollar olub”

“Gürcüstana gedən 2 turistin xərci Azərbaycana gələn 1 turstin xərcinə bərabərdir”.
Muxalifet.az xəbər verir ki, bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı alim Qubad İbadoğlu açıqlayıb.

“Gürscüstan ötən il xarici turizmdən 2,2, Azərbaycan isə 1,3 milyard dollar qazanıb”

Q. İbadoğlu deyib ki, ötən il ərzində ölkəyə gələn turistlərin sayı 20 faiz artıb, 2,5 milyon nəfəri ötsə də bu Gürcüstanın müvafiq göstəricindən 3 dəfə azdır: “Belə ki, Gürcüstanı 2017-ci ildə 7 554 936 turist ziyarət edib ki, bu da 2016-cı ilin göstəricisindən 18,8 faiz çoxdur. Gürcüstana gələn turistlərin sayına görə liderlik Ermənistana məxsusdur - 1 718 016 nəfər. Reytinqdə ikinci yeri Azərbaycanlı turistlər - 1 694 998 nəfər, üçüncü yeri Rusiyalı turistlər - 1 392 610 nəfər tutur. Gürscüstan ötən il xarici turizmdən 2,2 milyard dollar, Azərbaycan isə 1,3 milyard dollar qazanıb.

“Aldım qoz, satdım qoz, mənə qaldı şax-şaxı

İbadoğlu  Azərbaycana və Gürcüstana gələn turistlərin xərləmələrinə də diqqət yetirib: “Gürcüstana gələn hər turist orta hesabla 291,2 dollar, Azərbaycana gələn hər turist isə orta hesabla 524,6 dollar məsrəf edib. Demək olar ki, Gürcüstana gedən 2 turistin xərci Azərbaycana gələn 1 turstin xərcinə bərabərdir. Bu isə bölgədə Azərbaycanın mövqeyini zəiflədir. Eyni zamanda Gürcüstan adı ilə bölgəyə gələn bizim üçün potnsial sayılan turistlər bahalığa görə Azərbaycana gəlmirlər və ordan da geri qayıdırlar. Halbuki, Azərbaycan Gürcüstana gələn turistlərin yarısını cəlb edə bilsə, onda bizim bu sektordan gəlirlərimiz də ən azı 2 dəfə arta bilər. Əksinə, Azərbaycanda turizmin inkişaf meylləri olsa da, turizm xidmətlərinin həddən artıq baha olması və keyfiyyətcə Gürcüstandan geri qalması həm də ölkədən turist axınına səbəb olur. Elə o səbəbdən də ötən il 1 694 998 nəfər Azərbaycanlı dincəlmək və gəzmək üçün Gürcüstanı seçib. Ümumilikdə isə azərbaycanlı turistlər xaricdə 1,2 milyard dollar xərcləyib. Bunu müqabilində isə bizim turizm gəlirlərimiz 1,3 milyard dollar olub. Buna deyərlər aldım qoz, satdım qoz, mənə qaldı şax-şaxı”.

Cavid, Muxalifet.az