Azərbaycanlı qadın İstanbulda İsrail jurnalistlərinə HÜCUM ÇƏKDİ

Baxış sayı:
5374

Qəzzadakı qətliamdan sonra İstanbulun mərkəzi Taksim meydanında reportaj hazırlayan iki israilli jurnalist hücuma məruz qalmaları ilə bağlı polisə müraciət edib.
Muxalifət.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar bir azərbaycanlı qadın saxlanılıb.
Mənbənin yazdığına görə, ötən gün “Hadashot TV News”un operatoru Oded Bino və müxbir Ohad Hemo Taksim meydanından reportaj hazırlayıblar.
“İsrail haqqında, son günlər baş verən qarşıdurmalar haqqında nə düşünürsünüz” sualı ilə sakinlərə müraciət edən müxbirlər təxminən saat 16:00-da müştəri gözləyən taksi sürücülərinə yaxınlaşıblar. Onların ətrafına xeyli adam toplaşıb. Toplaşanlardan biri - azərbaycanlı qadın jurnalistlərə hücum edərək “Fələstində insanları öldürürsünüz, hələ bir gəlib burada xəbər də hazırlayırsınız?” deyə bağırıb.
İddiaya görə, azərbaycanlı qadınla yanaşı daha iki nəfər də müxbirlərin çiyinlərinə və başlarına vurmağa başlayıblar.
Həmin vaxt əraziyə gələn polis əməkdaşları hadisəyə müdaxilə ediblər. Polislər israilli jurnalistlərin şikayəti əsasında azərbaycanlı qadını saxlayıblar. Taksim Polis Mərkəzinə gətirilən qadın ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.