​Azərbaycanlı oliqarx torpağını 285 milyon dollara satıb borcunu ödədi: “İndi rahat yatıram...”

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı diasporunun lideri, milyarder-oliqarx Vaqif Məmişov Yaxtenniy küçəsində yerləşən və Smolnıdan (Şəhər bələdiyyəsi) aldığı iki torpaq sahəsini developer Makrim Şubarevin “Setl Group” şirkətinə satıb.
Virtualaz.org xəbər verir ki, tərəflər sövdələşmənin detallarını açıqlamayıblar, ancaq ekspertlər Məmişovun bu torpaq sahələrinə görə 1.7 milyard rubl (təqribən 285 milyon dollar) əldə etdiyini hesablayıblar.
Torpaq sahələri azərbaycanlı oliqarxın “Konrad” şirkətlər qrupunun aktivləri sırasına daxil idi. Məmişovun ümumi sahəsi 2.9 hektara yaxın olan torpaq sahələrini satması onun “Sankt-Peterburq” bankından dollarla götürdüyü krediti ödəmək zərurəti ilə bağlıdır. Bu, torpaq sahələrini şəhər meriyası Məmişovun Farfor məzarlığı yaxınlığındakı torpaq sahəsinin əvəzində verib. Sakinlər uzun müddət etiraz edərək həmin ərazidə ticarət-əyləncə kompleksinin tikintisinə imkan verməmişdilər.
Vaqif Məmişov sövdələşməni şərh edərkən deyib ki, o, mənzil tikintisi sahəsində peşəkar deyil. Ona görə də həmin torpaq sahələrini gözəl binalar tikib əhalini yaraşıqlı mənzillərlə təmin edə bilən adamlara satıb. Məmişov əlavə edib ki, torpaq sahələrini banka olan borcuna görə satıb. “Mən “Sankt-Peterburq” bankından dollarla kredit götürmüşdüm, rublun ucuzlaşmasından sonra məlum oldu ki, mən banka 3 milyard rubl borcluyam. İndi mən kreditimi tam ödədim, borcumu bağladım və gecələr rahat yatıram”-Vaqif Məmişov bildirib.