Azərbaycanlı oliqarx banka borcunu ödəmək üçün torpağını satdı

Sankt-Peterburqun ən zəngin adamlarından biri olan Gürcüstan əsilli azərbaycanlı oliqarx Vaqif Məmişov banka olan kredit borcları üzrə faizləri ödəmək üçün 1,4 hektarlıq torpaq sahəsini satıb.
Rusiya KİV-ləri xəbər verir ki, Vaqif Məmoşovun “Petrovskiy stroitel” şirkəti torpaq sahəsini hələ bu ilin yayında “Setl Group” şirkətinə satıb. Lakin sövdələşmə barədə məlumat indi mətbuata sızıb.
Vaqif Məmişov Peterburq vilayətinin qubernatoru, əslən bakılı olan Georgi Poltavçenko ilə yaxın dostdur. Onun bundan əvvəl “Konrad” adlanan şirkətlər qrupu şəhərdə geniş tikinti biznesinə, habelə kommersiya təyinatlı daşınmaz əmlaka və çoxsaylı müəssisələrə malikdir.
Vaqif Məmişovun satdığı torpaq sahəsinin bazar qiyməti təxminən 10 milyon dollardır. Onun şirkətinin banka borcu isə 61 milyon dollar təşkil edir. Oliqarx həmin torpaq sahəsini 5 il əvvəl almışdı və 2013-cü ildə orada yaşayış kompleksi inşa etməyə hazırlaşırdı. Lakin şəhər şurası həmin layihənin baş plana uyğun olmadığını, ərazidə plana görə ictimai iaşə obyektlərinin yerləşməli olduğunu bildirib.
Daha sonra oliqarxa baş plandan kənara çıxıb yaşayış kompleksi inşa etməyə icazə verilsə də Məmişov bildirmişdi ki, banka borcunu ödəmək üçün həmin torpaq sahəsini satacaq.
Oliqarxın “Sankt-Peterburq” bankına borcu isə onun qəbiristanlıq ərazisində həyata keçirmək istədiyi, ancaq geniş ictimai etirazlara səbəb olan investisiya layihəsinə görə yaranıb. Etirazlara görə Məmişov bu ərazidə tikintidən imtina etməli olub. Torpaq sahəsini almaq üçün 8 il əvvəl götürdüyü kredit üzrə faizlər isə artıb. Bu yaxınlarda meriya ona həmin torpaq sahəsinin əvəzində başqa ərazi ayırıb(virtualaz.org).