​Azərbaycanlı milyonçu: “Oğlumu “Lotu Quli” oğurlamayıb”

“Başa düşə bilmirəm ki, “Lotu Quli”nin mənim oğlumun oğurlanmasında əlinin olmasına dair məlumatlar haradan götürülüb. Mən belə açıqlama verməmişəm. Bu məlumat yalandır”.
Bunu virtualaz.org saytına eksklüziv açıqlamasında Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk üzrə keçmiş sədri,  iş adamı Malik Pirverdiyev deyib.
M.Pirverdiyev onu da əlavə edib ki, həm Pirverdiyevlər ailəsi, həm də Ukraynanın hüquq-mühafizə orqanları bir aydan çoxdur 22 yaşlı oğlu Camal Pirverdiyevin axtarışları ilə məşğuldur. Lakin bu axtarışlar hələ heç bir nəticə verməyib.
M.Pirverdiyevin sözlərinə görə, oğlunun oğurlanmasında “Lotu Quli”nin (Nadir Səlifov) nəinki əli yoxdur, hətta əksinə, kriminal avtoritetin imkanlarını və nüfuzunu nəzərə alaraq kömək üçün hətta onun adamlarına da müraciət edib.
Xatırladaq ki, bu günlərdə Ukrayna KİV-ləri əfsanəvi “vor zakon” Nadir Səlifovun adamlarının azərbaycanlı milyonçunun 22 yaşlı oğlunun oğurlanmasında əlinin olmasına dair məlumat yayıb. Sosial şəbəkələrdə xeyli dərəcədə fəal olan Camal bu il oktyabrın 14-də yoxa çıxıb.