Azərbaycanlı milyarder seçki ərəfəsində Amerikada “qurama” şirkəti niyə açıb?

Baxış sayı:
253

“The Guardian” qəzetinin yazdığına görə azərbaycanlı milyarder, “Crocus Group” şirkətinin sahibi Araz Ağalarov ABŞ-da 2016-cı il prezident seçkiləri ərəfəsində “qurama” şirkət açıb. Virtualaz.org xəbər verir ki, “Silver Valley Consulting” adlı şirkət həmin ilin mayında təsis olunub. Bu haqda sorğu materiallarına və tənzimləyici orqanlarının reyestrinə istinadən bildirilir.

Şirkəti Ağalarov üçün Amerikada Rusiya sakini olan mühasib İlya Bıkov açıb. O, Amerikada rusiyalıların , o cümlədən çirkli pulların yuyulmasında, mənimsəmələrdə ittiham olunanların pullarını idarə edir. Şirkətin yaradılması Ağalarovun Amerika banklarından birinə prezidentliyə ilkin seçki kampaniyası dövründə 19.5 milyon dollar köçürməyə hazırlaşdığı bir vaxtda təsis edilib. Həmin pullar da adı “Silver Valley Consulting” olan offşor şirkətin hesabından köçürülüb.

 

Bu yaxınlarda məlumat yayılmışdı ki, Rusiyanın prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller Ağalarovun Amerika bankına köçürdüyü həmin pulla bərk maraqlanır. Lakin biznesmenin vəkili bildirib ki, pullar Ağalarovun şəxsi xərcləri və işçilərin maaşlarının ödənilməsi üçün köçürülüb. Məlumatlara görə biznesmen bu pulların bir qisminə Florida ştatında mülk alıb.

Ağalarovun amerikalı vəkili Skot Balber deyib ki, şirkət daşınmaz əmlak sövdələşməsi üçün yaradılıb və nə biznesmen, nə İlya Bıkov hər hansı qanun pozuntusuna yol verməyiblər. Çünki biznesmen həmin pulları seçkiqabağı kampaniyaya xərcləməyib.

Xatırladaq ki, Araz Ağalarov və oğlu Emin prezident Donald Trampla əvvəldən tanışdır. 2016-cı ildə E.Ağalarov Trampın seçki kampaniyasının nümayəndələrinə təklif edib ki, rusiyalı vəkil Natalya Veselnitskaya ilə görüşsünlər, çünki onun əlində Hillari Klinton haqda kompromatlar var. Hazırda həmin görüşü də xüsusi prokuror araşdırır.