Azərbaycanlı millət vəkilindən İrana TƏLƏB

Güney Azərbaycanın Urmiya şəhərinin millət vəkili İrandan erməni cinayətlərinə qarşı rəsmi mövqe tutmasını istəyib.
 
Ermənistan silahlı qüvvələrinin iyulun 4-də törətdiyi cinayətlə bağlı “Yol Press”ə danışan Ruhulla Həzrətpur İran Xarici İşlər Nazirliyini sərt tənqid edib:
“Ermənistanın qeyri-insani hücumunda Azərbaycan müsəlmanları, xüsusilə də azyaşlı uşağın şəhid edilməsi bu rejimin iç üzünü bir daha dünyaya göstərdi. Mən təəccüb edirəm ki, İran Xarici İşlər Nazirliyi Dağlıq Qarabağın işğalı məsələsində hələ də belə cinayətlərə qarşı rəsmi mövqe tutmayıb! Bu cinayətlə bağlı təkcə İran deyil, beynəlxalq aləm də təcili olaraq mövqe bildirməlidir”.
Azərbaycanlı millət vəkili 2 yaşlı Zəhranın öldürülməsi ilə bağlı dünya ictimaiyyətini ikili standartlardan uzaq olmağa çağırıb:
“Qərb ölkələrində bir uşaq hansısa partlayışda həlak olanda, hamı onun üçün şam yandırır və bütün Avropa qaraya bürünür. Hətta Tehran və digər şəhərlərdə də bir çoxları buna qarşı mövqe tutur. Lakin bir müsəlman uşağı işğalçı Ermənistan tərəfindən öldürülür, kimsə buna reaksiya vermir. Bu insanlıqda, insan hüquqlarında ikili standartın ağır nəticəsidir. Mənim fikrimcə, bu məsələ beynəlxalq insan haqları qurumları, xüsusilə də islam ölkələri üçün bir sınaqdır. Məncə hətta məhkəmə sistemi bu hadisənin beynəlxalq cinayət olduğunu elan etməlidir”.
İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı şəhid olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.