​Azərbaycanlı jurnalist Ermənistana gedib - FOTO

Baxış sayı:
13390

"Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev Ermənistanda olub.  
Muxalifet.az-ın "panarmenian.net” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan bildirib. 
Ş. Hacıyevin Ermənistana səfəri barədə Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan da Facebook sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. T. Poqosyan Ş. Hacıyevlə fotosunu da yayıb və Turan agentliyinə müsahibə verdiyini bildirib. 
Qeyd edək ki, bundan əvvəl A. Naqdalyan Ş. Hacıyevin Ermənistanda jurnalist fəaliyyəti göstərmək və akkreditasiyadan keçmək üçün müraciət olunduğunu, jurnalistin akkreditasiyadan keçdiyini açıqlamışdı. "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə Yeni Musavat-a açıqlamasında deyib ki, agentliyin redaktoru Ş. Hacıyev Ermənistanın rəsmi və qeyri-rəsmi nümayəndələri ilə görüşüb: "Şahin Hacıyev onlardan bir sıra məsələlərlə bağlı müsahibələr alıb. Bunlar Azərbaycan-Ermənistan münasibətləri, Qarabağ mövzusu və Ermənistandakı vəziyyətlə bağlı olub. Silsilə müsahibələr olub və bu müsahibələr, reportajlar turan.az saytında yayımlanacaq. Bu rəsmi görüşlərin baş tutması üçün müvəqqəti akkreditasiya şərt olub. Akkreditasiya müvəqqəti, 2-3 günlük olub. Bu sistem əksər ölkələrdə, Azərbaycanda da belədir. Xarici jurnalistlərə ölkəmizdə rəsmi orqanlarla çalışmaq üçün müvəqqəti akkreditasiya verilir. Sabah "Yeni Müsavat”ın da əməkdaşı Ermənistana rəsmi müsahibələr üçün getsə, o da akkreditasiyadan keçiriləcək”.
M.Əliyev bildirib ki, Ş.Hacıyev artıq Bakıya qayıdır. Onun fikrincə, bu səfər və akkreditasiya faktı "Turan”a qarşı istifadə oluna bilməz: "Çünki biz bu səfər barədə Azərbaycanın Prezident Aparatını, Xarici İşlər Nazirliyini, Sərhəd Xidmətini məlumatlandırmışıq. Müvəqqəti, üçgünlük akkreditasiya isə bu prosedurun təbii mərhələsidir”.