​Azərbaycanlı Berlində atəş açdı: yaralılar var

Baxış sayı:
451

Ötən ilin sentyabr ayının 16-na keçən gecə Berlindəki "Russendisko” gecə klubunda 34 yaşlı azərbaycanlı İsmayıl M. Atəş açıb və nəticədə, bir neçə nəfər yaralanıb. Hazırda Berlin məhkəməsində bu səs-küylü iş üzrə iclas keçirilir.
Muxalifet.az xəbər verir ki, məhkəməyə verdiyi ifadəsində təqsirləndirilən müdafiə olunduğunu deyib.
"Mənə hücum etdilər. Hücum edənlər çox idi, məni mühasirəyə almışdılar və öldürmək istəyirdilər. Mən sadəcə müdafiə olunurdum”, - İsmayıl M. bildirib.
"Berliner kurier” yazır ki, "Russendisko” klubu Noy-Hoenşonhauzen rayonunda yerləşir. Bu kluba əsasən rusdilli ziyarətçilər gəlir. Gecə saat 02:10-da iki qrup ziyarətçi arasında mübahisə yaranıb.
Mənbə qeyd edir ki, mübahisə moldovalılarla rusiyalılar arasında düşüb. Bu mübahisə İsmayıl tapança çıxararaq atəş açmayana qədər davaya keçmir.
Qəzet yazır ki, əvvəlcə azərbaycanlı havaya atəş açıb, sonradan isə tapançanı 37 yaşlı Yevgeniyə tuşlayaraq, ona iki güllə vurub. Hər iki güllə zərərçəkmişin bədəninin yuxarı hissəsinə tuş gəlib. Güllələrdən biri maneəyə dəyərək klubun 42 yaşlı mühafizəçisinin ayağını yaralayıb. Daha bir güllə klubun 34 yaşlı ukraynalı ziyarətçisinə dəyib. Yaralanmasına baxmayaraq, o, atəş açan azərbaycanlını zərərsizləşdirməyə çalışıb.
Məhkəmə iclasında tapançanın onda haradan olması barədə suala İsmayıl M. cavab verib ki, silahı ona hücum edənlərdən birindən götürüb. Lakin təqsirləndirilənin ifadələri hadisə şahidinin ifadələri ilə təkzib olunub.
"Təqsirləndirilən tapançası ilə atəş açmağa başlayana qədər dava yox idi”, - şahid bildirib.
Bu iş üzrə növbəti məhkəmə iclası martın 29-da keçiriləcək.