Azərbaycanlı baş mühəndis və türk kapitan 16 aydır Küveyt sahillərində gəmidə girov qalıb - “YALVARIRAM, BİZƏ KÖMƏK EDİN...”

Baxış sayı:
750

Aralarında bir Azərbaycan vətəndaşı da olmaqla 18 dənizçi 16 aydır Küveyt sahillərində atılmış quru yük gəmisində girov qalıb. Bu dram haqda Türkiyə mənbələri yazır. Gəmidə hökm sürən dramatik vəziyyət barədə kapitan, Türkiyənin Bursa vilayətindən olan Yusuf Sencer internet üzərindən yaydığı videomüraciətində bəhs edib. Belə məlum olur ki, Qətərin “Aswan” şirkətinə aid M/V Ula adlı quru yük gəmisi əvvəlcə İraqın Bəsrə körfəzi sularında, daha sonra Küveyt limanlarından birində atılmış vəziyyətdədir. Səbəb isə gəminin sahibi olan şirkətin müflis olmasıdır.

 

Kapitan Yusuf Sencer 2019-cu ilin oktyabrında həmin şirkətlə müqavilə bağlayaraq gəmidə kapitan kimi işə başlayıb, ilk reysi Banqladeşə olub. Bu, gəminin son səfəri olmalıydı, çünki istismar müddətini bitirmişdi və 40 ildir istismar olunduğu üçün səfəri başa vurandan sonra utlizasiyaya göndərilməliydi. Gəmi yola çıxmaq üzrəykən şirkət kapitana Banqladeşə deyil, Küveytə üzməyi əmr edib.  3 ay Bəsrə körfəzi sahillərində lövbər salıb gözləyən gəmi ötən ilin fevralında Küveytə doğru yola çıxıb. Tapşırığa əsasən gəmi yükü Küveytin Shuaiba limanına boşaltmalı idi və daha sonra şirkət heyət üzvlərini əvəz etməliydi. Lakin koronavirus pandemiyası başlayıb və Küveyt ölkəyə giriş-çıxışı dayandırıb. Nəticədə heyət üzvləri gəmidə qalıblar.

 

Aylarla işləsələr də maaşlarını ala bilməyən heyət üzvləri arasında narazılıq başlayıb. Gəminin 4 heyət üzvü üsyan qaldırıb və kapitana hücum edib. Kapitan Azərbaycan vətəndaşı olan baş mühəndisin və daha bir neçə heyət üzvünün köməyi ilə üsyanı yatırıb, üsyan qaldıranlar gəmidə kameraya salınıblar. Kapitan Küveytin aidiyyatı orqanlarından kömək istəyib, ancaq məsələ ilə maraqlanan olmayıb. Nəticədə kapitan gəmidə hökm sürən vəziyyət barədə beynəlxalq gəmiçilik təşkilatlarını məlumatlandırıb. Bundan sonra Küveyt sahil mühafizə qüvvələri gəmiyə gedib və onu limana çəkib, amma üsyan qaldıran heyət üzvləri ilə bağlı hansısa tədbir görülməyib. Eyni zamanda heyət üzvlərinin gəmini tərk edib öz ölkələrinə getməsinə icazə verilməyib. Türkiyə səfirliyinin nümayəndələri də dəfələrlə gəmiyə baş çəkiblər, məsələ ilə bağlı yerli hakimiyyətə nota veriblər, amma nəticə olmayıb.

 

Ötən ilin payızında gəminin bayrağı da alınıb, belə ki, Palau bayrağı altında üzən gəminin üzləşdiyi vəziyyətlə bağlı bu ada dövləti öz bayrağını gəmidən çəkib. Nəticədə gəmi su üzündə metal yığınına dönüb, amma Küveyt hakimiyyəti ölkə qanunlarını bəhanə edərək yenə də personala gəmini tərk etmək icazəsi verməyib.

 Bu il yanvarın əvvəllərindən gəmi heyəti üzləşdikləri çarəsiz vəziyyətlə bağlı aclıq aksiyasına başlayıb, gəminin gövdəsinə “yardım edin” plakatları asılıb. Kapitan bu aksiyanın da nəticə vermədiyini görərək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana, ölkəsinin Xarici İşlər Nazirliyinə müraciət edib. “Yalvarıram, kömək edin, aylardır ailəmizin üzünü görə bilmirik, gəmidə girov qalmışıq, bizi xilas edin”,-kapitan bildirir./Virtualaz.org