Azərbaycanlı avtoritetin həyat yoldaşı: "Qızıllarımı qaytaracaqlar, amma..."

Baxış sayı:
11880

“Lotu Quli” ləqəbli Nadir Səlifovun Tiflisidə qətlə yetirilən yaxın adamı Elçin Məmmədovun (Əmircanski) həyat yoldaşının keçmiş qaynanasına qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az -ın məlumatına görə, iddia ərizəsinə Suraxanı rayon Məhkəməsində hakim Səlimə Miriyevanın icraatında baxılıb.
Xatırladaq ki, mərhum kriminal avtoritetin həyat yoldaşı Ülkər Rzayeva iddia ərizəsində qeyd edib ki, əri dünyasını dəyişdikdən sonra qaynanası Qəribə Məmmədova ilə münasibətləri pisləşib. Onun sözlərinə görə, bu səbəbdən 4 azyaşlı övladı ilə birgə qayınanasıyla yaşadıqları Əmircan qəsəbəsindəki evlərindən çıxmalı olub. Lakin Qəribə Məmmədova ona məxsus ümumilikdə 77500 manat dəyərində olan qızılları, sənədləri və digər əşyaları götürməyə qoymayıb.
İddiaçı ərizəsində həmçinin 4 azyaşlı uşaqla birlikdə yaşamaq üçün mənzillərinin olmadığını və Bakı şəhərində kirayədə qaldıqlarını qeyd edib.
Ülkər Rzayeva keçmiş qaynanası Qəribə Məmmədovanı məhkəməyə verərək, özünün və 4 azyaşlı övladının Əmircan qəsəbəsində yerləşən mənzildə istifadə hüquqlarının tanınması, ona məxsus 77500 manatlıq qızıl-zinət əşyalarının, özünə və övladlarına sənədlərinin, həmçinin geyim əşyalarının qaytarılmasını tələb edib.
Məhkəmədə cavabdeh şəxs olan Qəribə Məmmədovanı və oğlu Əjdər Məmmədovu nümayəndə kimi bacıları Yeganə təmsil edir.
Keçirilən məhkəmə prosesində qərar elan edilib. Qərara əsasən, Ülkər Rzayevanın qaldırdığı iddia qismən təmin edilib. Belə ki, məhkəmə 77500 manatlıq qızıl-zinət əşyalarının, özünə və övladlarına sənədlərinin, əşyaların qaytarılması ilə bağlı qərar çıxarıb. Lakin Ülkər Rzayeva və 4 azyaşlı uşağın mənzildən istifadə hüququ ilə bağlı hissə məhkəmə tərəfindən rədd edilib. İddiaçı məhkəmənin qərarı ilə qismən razı olduğunu və apelyasiya şikayəti verəcəklərini qeyd edib.
Lent.az -a açıqlama verən Ülkər Rzayeva qeyd edib ki, məhkəmənin qərarının qismən təmin edilməsi onlar üçün sevindirici haldır: “Lakin mənzilə olan hüququmuz qəbul edilmədi.
Təəssüflənirəm ki, mən və 4 azyaşlı övladım qeydiyyatsız qaldıq. Halbuki, uşaqlar həmin evdə anadan olublar, böyüyüblər. Buna görə onların yaşayış hüquqları orda tanınmalıydı. İndi bizə aid evdən qıraqda qalmışıq, kirayələrdə yaşamaqda davam edirik”.
Ü. Rzayeva bildirib ki, mənzil hazırda rəhmətə gedən yoldaşı Elşənin qardaşı Əjdərin adınadır: “Lakin bizə məlum olmadı ki, o mənzil birdən birə, necə Əjdərin adına keçib. Yoldaşım öləndən sonra uşaqların əmiləri, nənələri onlara nə maddi, nə də mənəvi dəstək olmurlar. İnternetdən, sosial şəbəkələrdən dəbdəbəli həyat sürdükləri məlum olur. 4 uşağın aqibəti onlara maraqlı deyil. Amma Əjdər şairə Nazilə Səfərliyə bahalı-bahalı hədiyyələr, onun şəklinin əks olunan kəhrəba alır. Həmin görüntüləri də Nazilə xanım sosial şəbəkədə paylaşıb”.
Qeyd edək ki, Elçin Əmircanski 2016-cı ildə Tiflisidə restorandan çıxarkən avtomobildə güllələnib. O, “Lotu Quli”nin ən yaxın adamlarından olub.