Azərbaycanla Türkiyə arasında 5 SAZİŞ İMZALANDI

Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib.
Muxalifət.az xəbər verir ki, iclasda iki ölkə arasında mühüm müzakirələr aparılıb.

*  *  *

Oktyabrın 31-də Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının Protokolu”nu imzalayıblar.
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının Yüksək Təhsil Qurumunun rəhbəri Yekta Saraç imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının Təhsil naziri İsmət Yılmaz imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev və Türkiyə Respublikasının İqtisadiyyat naziri Nihad Zeybəkci imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri Nurəddin Canikli imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında yem bitkiləri toxumu istehsalı və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu imzalayıblar.