"Azərbaycanla Gürcüstanın münasibətləri əladır" - ZƏRDÜŞT ƏLİZADƏ

Baxış sayı:
16250

“Liberal Partiyası Gürcüstanın siyasi həyatında rol oynamır” Aprelin 25-də Gürcüstan Liberal Partiyasının sədri Şalva Natelaşvili Azərbaycan-Gürcüstan sərhəddində yerləşən “David Qareci” (Keşişdağ) monastır bölgəsində Azərbaycan sərhədçilərinə üz tutaraq deyib ki, “sizin əcdadlarınız Orta Asiyada yaşayanda bizim əcdadlarımız burada bu mədəniyyəti qurublar. Siz Orta Asiyadan gəlibsiniz. Sizin Qafqazla heç bir əlaqəniz yoxdur”. Eyni zamanda Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili də “feysbuk” səhifəsində Azərbaycana yönəlik mesaj verib: “500 000 qaçqını Qırmızı Körpüdə qarşılayarsız”. “Liberal Partiyası orada sezilməyən bir yer tutur” Gürcü millətçilərinin Azərbyacana və azərbyacanlılara yönəlik sayğısız bəyanatlarına rəğmən, politoloq Zərdüşt Əlizadə “Hürriyyət”ə deyib ki, Azərbaycanla Gürcüstanın münasibətləri əladır: “Strateji əməkdaşdırlar, hər iki dövlət, hər iki xalq bir-birinə çox lazımdır. Çünki bütün sahələrdə əməkdaşlıq edirlər. Azərbaycan Gürcüstana sərmayə yatırır, azərbaycanlılar Gürcüstanda istirahət edir. Azərbaycanın nefti, qazı Gürcüstan üzərindən Qərbə axır və hər iki tərəf arazında heç bir ciddi problem yoxdur. Qaldı Liberal Partiyası sədrinin dediklərinə, mən Gürcüstanın siyasi səhnəsini yaxşı tanıyram, Liberal Partiyası orada sezilməyən bir yer tutur. Bu partiya Gürcüstanın siyasi həyatında rol oynamır. İndi əlinə girəvə düşüb”. “Hansısa ciddi insan, yaxud qüvvə fikir söyləyirsə, ona fikir vermək lazmdır” “Okuraşviliyə gəlidkdə isə o, qısa bir müddətə müdaifə naziri olub, korrupsiyada ittiham olundu, tutuldu, çıxdı. İndi də Gürcüstan siyasətində heç kimdir. Bu heç kəsə də fikir vermək lazım deyil. Odur ki, beynəlxalq münasibətlərdə nə isə baş verirsə, baxmaq lazımdır ki, hansı ciddi insan, yaxud ciddi qüvvə fikir söyləyir. Hansısa ciddi insan yaxud qüvvə fikir söyləyirsə, ona fikir vermək lazmdır, yox, əgər əhəmiyyətsiz, cəmiyyətdə heç bir nüfuzu olmayan insan danışırsa, onu qulaqardına vurmaq lazmdır. Burada təxribat zad yoxdur, hamısı özü üçün xal yığır. Bizdə də bir də görürsən orduda quluq etməmiş, müharibənin nə olduğunu bilməyən biri bağırmağa başlayır ki, biz Qarabağı hərblə almalıyıq. A kişi, sən heç bilirsən müharibə nədir? Heş orduda quluq etmisən? Əlində silah tutmusan? Yox. Amma o bağırır, xalq qazanmaq istəyir, vətənşüvənlik edir. Gürcüstanda da belə insanlar var, onlara fikir vermək lazım deyil. Azərbaycanla Gürcüstan arasında sıx, möhkəm münasibətlər var, o da get gedə inkişaf edir. Əlbəttə ki, bu Gürcüstanın dövlət siyasəti deyil. Qaldı o monastr məsələsi, bizim aramızdakı nəhəng münasibətlər müqabilində o, bir dənə balaca orta əsr monastrıdır, onun da əhəmiyyəti böyük deyil. Yəni mən əminən ki, xarici işlər nazirləri bu məsələnin danışıqlar yolu ilə hansısa bir ortaq həllini tapacaqlar. Orada Abxaziya, Cənubi Osetiya gedib, gürcü vətənşüvənləri ona söz demirlər, hansısa balaca, 200-300 kvadmetrlik monastra görə şivənlik edirlər. Biz də fərz edək ki, Qarbağa gedib, Qarabağ haqqında danışmayanlar qışqırırlar ki, biz monastrı heç vaxt Gürcüstana vermərik, yerin gedin, özünə iş tapın, boş-boş danışırlar”,-deyə politoloq qeyd etdi. “Yarım milyon azərbaycanlı Gürcüstan vətəndaşı aborigendir, haradansa gəlmə deyil" Azərbaycanlı millət vəkili Azər Süleymanov isə “Vahid Milli Hərəkat” partiyasının hakimiyyəti dövründə müdafiə naziri və daxili işlər naziri kimi yüksək postlarda çalışmış İrakli Okruaşviliyə qarşı “od püskürüb”: “Mixail Sakaaşvilinin dövründə İrakli Okruaşvilininin bu tərz radikal ideaları olduğu üçün tutduğu vəzifəsindən azad etdilər. Okruaşvili özündən başqa heç kimi görmədiyinə, eləcə də rüşvətxor olduğuna görə komandadan qovuldu və işindən azad edildi həmçinin həbs cəzası aldı. Bunuda əlavə edim ki, İ.Okruaşvilinin Gürcüstan siyasətində heç bir çəkisi yoxdur. Vay olsun, onun 500 000 (min) Gürcüstan vətəndaşı azərbaycanlını ölkədən qovmaq fikirinə. Yarım milyon azərbaycanlı Gürcüstan vətəndaşları aborigendir, haradansa gəlmə deyil, kökümüz, əslimiz-nəslimiz buraya aid olub. “İrakli Okruaşvili tam gürcü deyil” “Mənim fikrimcə, İrakli Okruaşvili tam gürcü deyil. Əsl gürcü o ifadələrə yer verməz. Bu onun özü üçün ucuz bir reklam qazanmaqdır. Bu tərz addım heç bir siyasətçiyə yaraşmaz onun kimi siyasətçi ölkənin tullantı siyasətçisidir”,- deyə deputat qeyd edib. A.Süleymanov vurğulayıb ki, Gürcüstan siyasətində İ.Okruaşvili özünə yer tapa bilməyən bir siyasətçidir: “Çox istərdim ki, Gürcüstan və Azərbaycan baş verən bu işlərə diqqət yetirməsin və iki dövlət arasında aciz siyasətçilərə görə xoş münasibətlərimizə xələl gəlməsin. Gürcüstan və Azərbaycan dövlətləri arasında tarixi boyunca dostluq olub, heç bir həll olunmamış məsələlərimiz olmayıb və hansısa qüvvələrə imkan verməyək ki, iki qardaş ölkə arasında əlaqələr pozulmasın. Mən bütün gürcü və azərbaycan xalqına demək istərdim ki, belə təxribatlara uymasınlar”. “Şalva Natelaşvili o cür bəyanat vermək əvəzinə, gərək Azərbaycanın tarixini oxuyaydı” Azər Süleymanov Liberal Partiyasının sədri Şalva Natelaşvilinin müsahibəsini də sərt tənqid edərək bunları qeyd edib: “Ş.Natelaşviliyə gəldikdə isə o Gürcüstanın Vladimir Volfoviç Jirinovskisidir və şoumen klounudur. Ş.Natelaşvili o cür bəyanat vermək əvəzinə gərək Azərbaycanın tarixini oxuya idi. O hələ bu zamana qədər anlamır ki, özü haradadır, kim pul versə oraya qaçır, ulayan dörd ayaqlılar kimidir. Biz heç vaxt imkan vermərik ki, Ş.Natelaşvili kimi siyasətçi Gürcüstanda yaşayan azərbaycanlılara eləcədə Azərbaycan Respublikasına qarşı artıq, əskik ifadələr etsin”. “Biz də cavab kimi ölkəmizdə Borçalı mövzusunu qeyri-rəsmi səviyyədə aktuallaşdıra bilərik” Politoloq Şahin Cəfərli də məsələyə münasibətini ifadə edib: “Gürcü ictimai fikrində, siyasi, akademik dairələrində Azərbaycana ərazi iddiaları yeni hadisə deyil, hər zaman olub. Onlar Qax-Balakən-Zaqatala zonasını gürcü torpağı hesab edirlər. Biz də öz növbəmizdə Borçalını Azərbaycan (türk) torpağı sayırıq, hətta İrana (Güney Azərbaycan) və Rusiyaya (Dərbənd) da ictimaiyyət olaraq, iddiamız var. Əslində dünyanın çox yerində bu tip mübahisələrə, qarşılıqlı ərazi iddialarına rast gəlmək olur. Rəsmi dövlət səviyyəsində gündəmə gəlmədiyi müddətdə bu, münasibətlərdə problem yaratmamalıdır. Keşikçidağ (David Qareci) monastır kompleksininin yerləşdiyi ərazi isə iki ölkənin müstəqillik qazanmasından bəri mübahisə obyektidir, sərhəd xəttinin üçdə bir hissəsinin delimitasiyası əsasən bu səbəblə başa çatdırılmayıb. Azərbaycan xalqı, dövləti ilə hər hansı problemi olmayan və Azərbaycan prezidenti ilə dostluq-qardaşlıq münasibətlərinə malik Saakaşvilinin vaxtında da bu məsələ var idi. Amma ötən dövrdə münasibətlər fasiləsiz inkişaf edib, hökumətlər bunu problemə çevirməyib. Doğru olan da budur. Son vaxtlar Gürcüstanda bu məsələ əvvəlki dövrlərdən bir qədər sərt və incidici şəkildə gündəmə gətirilirsə, biz də cavab kimi ölkəmizdə Borçalı mövzusunu qeyri-rəsmi səviyyədə aktuallaşdıra bilərik və qarşı tərəf mesajı almış olar. Demək istədiyim odur ki, bu cür məsələlərdə soyuqqanlı olmaq lazımdır. Gürcü radikal millətçilərinin önəmli qisminin (məsələn, parlamentdəki Vətənpərvərlər Alyansının) hansı mərkəzə bağlı olduğu sirr deyil. Azərbaycan və Gürcüstanın bu bölgədə bir-birinə ehtiyacı var, qarşılıqlı asılılıq mövcuddur. Bəzən fikirlər səslənir ki, gürcülərin qazını kəsək və ya ən azı qazı kəsməklə hədələyək. Bu, indiki vəziyyətə adekvat olmamaqla birlikdə, həm də ağılsız ideyadır. Çünki Gürcüstan istənilən an Rusiyadan qaz ala bilər və itirən tərəf (həm iqtisadi, həm siyasi baxımdan) biz olarıq. Bəli, gürcülər Rusiyadan enerji asılılığına düşmək istəməz, amma çıxılmaz vəziyyətdə qalsalar, müvəqqəti çözüm kimi Moskvaya müraciət etməkdən qətiyyən çəkinməzlər. Digər tərəfdən, bu tip çağırışlar “oğru yadına daş salmaq”dan başqa bir şey deyil. Onsuz da Gürcüstanın gələcəkdə Anakliya dərin limanının tikintisi başa çatdıqdan sonra orada LNG terminalı inşa etmək niyyəti var. Azərbaycandan təzyiq görsələr, bu niyyəti layihələndirib, mümkün qədər tez gerçəkləşdirməyə çalışacaqlar, Qərb də lazımi maliyyəni ayıracaq. LNG terminalına malik Gürcüstanın Azərbaycan qazına ehtiyacı minimal səviyyələrə enəcək. Digər tərəfdən qeyd etdiyim kimi, asılılıq qarşılıqlıdır, hətta dərin düşünəndə və xəritəyə baxanda anlamaq çətin deyil ki, bizim onlardan asılılığımız daha çoxdur. Gürcüstan bizim üçün Türkiyəyə və Avropaya çıxış qapısıdır, nəfəslikdir. Tranzit məntəqə kimi bu ölkənin bizim üçün strateji əhəmiyyətini və Azərbaycanın həyata keçirdiyi enerji-nəqliyyat layihələrindəki rolunu qeyd etməyə ehtiyac yoxdur, bunu hər kəs bilir. Bu qapının bağlanması Azərbaycanın müstəqilliyini itirməsinə yaxın səviyyədə bir fəlakət olar, çünki geostrateji baxımdan blokada vəziyyətinə düşərik. Gürcüstan və onun vasitəsilə dünya okeanından, Türkiyədən, Qərbdən təcrid olunmuş bir Azərbaycanın tamamilə Rusiya və İranın qısqacında qalaraq onların oyun qaydalarına tabe olmaqdan başqa yolu qalmır. Məsələn, düşünün: Tatarıstanda niyə müstəqillik hərəkatı yoxdur və ya başlasa belə, belə bir hərəkatın hər hansı perspektivi ola bilməz? Əsas səbəb budur ki, Tatarıstan 4 tərəfdən Rusiyanın digər əraziləri ilə əhatələnib”. “Azərbaycan dövləti Gürcüstanın soydaşlarımız yaşayan bölgələrinə ciddi yatırımlar etməli, orada iş yerləri yaratmalıdır” Cəfərli hesab edir ki, Gürcüstanın demokratik inkişafı və NATO-ya qoşulması bizim də maraqlarımıza uyğundur: “O baxımdan ki, Qərb qapımız daim açıq və təhlükəsiz qalır, ölkənin bütün vətəndaşları, o cümlədən azərbaycanlılar qanun qarşısında bərabər olur, milli azlıqların bütün hüquqları təminat altına alınır. Azərbaycan dövləti Gürcüstanın soydaşlarımız yaşayan bölgələrinə ciddi yatırımlar etməli, orada iş yerləri yaratmalıdır. Məcbur deyil ki, həmin layihələr biznes əhəmiyyətli olsun. Qoy, lap açılacaq müəssisələr, iş yerləri ziyanına işləsin. Əsas məqsəd gənc azərbaycanlı nəsilləri orada tutmaq, o torpaqlara bağlamaqdır. Bunun üçün Azərbaycan dövlətinin ildə tutaq ki, 300-500 milyon dollar itirməsi faciə deyil. Azərbaycan gələcəkdə Türkiyəni də bu məqsəd üçün həvəsləndirə bilər ki, onlar da təkcə Batumiyə yox, Gürcüstanın şərqinə də diqqət yetirsinlər. Onu da qeyd edim ki, heç kimin qarşısında əzilmək və əyilmək lazım deyil, amma öz əleyhimizə çevrilə biləcək təxribatlardan və konfliktlərdən də mümkün qədər yayınmalıyıq”. Zamir NUR, Hurriyyet.org