“Azərbaycanla birgə 13 terror yuvasını aşkar etmişik” - FTX RƏHBƏRİ AÇIQLADI

Baxış sayı:
217

MDB ölkələrinin cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək xüsusi xidmət orqanlarının əsas vəzifələrindən biridir.

Virtualaz.org Rusiya mətbuatına istinadən bildirir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB dövlətlərinin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının Daşkənddə keçirilən 47-ci iclasında deyib.

Onun sözlərinə görə, Əfqanıstanda möhkəmlənmiş İŞİD terror qruplaşması və "əl-Qaidə" tərəfindən təhdidləri zərərsizləşdirmək üçün birgə fəaliyyətin intensivliyini artırmaq vacibdir.

FTX rəhbəri əlavə edib ki, bu il Rusiya Azərbaycan, Tacikistan, Qırğızıstan və Özbəkistanla birlikdə 13 beynəlxalq terrorçu yuvasını aşkarlayıb, onların fəaliyyətinin qarşısı alınıb, 138 yaraqlı tutulub.

"2019-cu il may-oktyabr aylarında terrorçu və dini ekstremist təşkilatlarla əlaqədə şübhəli bilinən 200-dən çox MDB ölkələri vətəndaşı sərhəd nəzarəti altına alınıb", - deyə Bortnikov vurğulayıb.