AZƏRBAYCANIN XÜSUSİ POLİSİ VANDAMLA FİLMƏ ÇƏKİLƏCƏK

Baxış sayı:
7411

"Kaskadyor Murad Abdullayev: “Bu layihədə dünyanın tanınmış aktyorları bir araya gələcək”

Dəfələrlə ölüb-dirilir, amma sığorta olunmur

90-cı illərdə Amerikanın məşhur Jan Klod Van Damın pərəstişkarları hədsiz idi. Onun filmlərini seyr edənlərin əksəriyyəti kortəbii idmana meylləndi. Amma müsahibimiz onlardan fərqli olaraq, çətin yol seçib. Həmsöhbətimiz - aktyor-kaskadyor Murad Abdullayevdir.

O, Azərbaycanda, özünün də dediyi kimi, qədri bilinməyən sənətini inkişaf etdirmək üçün dəfələrlə “ölüb-dirilib”.

Aktyor həm də Van Dam da daxil olmaqla dünyanın bir çox məşhur aktyorlarıyla bu yay bir filmə çəkiləcək:

- Bu təklif mənə gürcü aktyoru və rejissoru Zaza Çiçinadzedən gəlib. Bu, film onun rejissor kimi ilk işi olacaq. Amerika ilə Gürcüstanın müştərək layihəsidir. Kriminal dram janrındadır. Van Dam bu filmdə xüsusi təyinatlıların komandiri rolunda oynayacaq. Onunla yanaşı daha bir neçə ölkədən məşhur aktyorlar da olacaq.

Filmdə Hindistanın məşhur aktyoru da rol alıb

- Bəs onlar hansı məşhurlardır?

- Adlarını açıqlamağa icazə vermirlər. Ancaq onu deyə bilərəm ki, dünyada kifayət qədər tanınmış sənətçilərdir. Xüsusən, Hindistandan olan çox məşhur biridir.

- Layihədə Azərbaycandan yalnız siz çəkiləcəksiz?

- Bildiyim qədər, heyətdə bizimkilərdən yalnız mənəm. Maraqlısı odur ki, mənə Azərbaycandan olan xüsusi təyinatlının rolu tapşırılıb. Onun sərhəddə başına gələn hadisələri canlandırmalıyam.

“Heydər Əliyev haqda filmdən sonra rolumu bəyəndilər”

- Necə olub ki, rejissor məhz sizı seçib?

- O, məni başqa bir filmdən tanıyır. Bir neçə il qabaq Azərbaycanda Heydər Əliyevə həsr olunmuş film çəkilirdi. Zaza orda baş rollardan birini oynayırdı. Məni o filmə kaskadyor olaraq aktyorların təhlükəsizliyini qorumaq üçün dəvət eləmişdilər. Filmdə Çiçinadze hündürə atılıb tapançayla atəş açmalı, sonra da pəncərədən tullanmalıydı. Həmin səhnə xəsarətsiz çəkilə bildi, elə ordan da dostlaşdıq. O vaxtdan əlaqələrimiz var. Sosial şəbəkələrdə “tryuk”larımın videosunu paylaşdıqca o, məni iziləyirdi. Bir gün yazdı ki, yeni layihəyə başlayıram, orda səninçün rol nəzərdə tutmuşam. Mən də məmnuniyyətlə razılıq verdim.

- Çeçinadzenin ilk rejissor işidir, deyirsiz. Maraqlıdır, nə əcəb Van Dam rejissor təcrübəsi çox olmayan birinin layihəsinə çəkilmək istəyib?

- Bildiyimə görə, Van Damla Çiçinadze dostdurlar. Yaradıcı əlaqələri var. Güman ki, onun bacarığına inanır, ona görə də bu işə qol qoyub. Zaza biləndə ki, mən Van Damın fanatıyam, bu sənətə də məhz ona görə gəlmişəm, obrazı mənə sürpriz elədi. Çəkilişlər avqust-sentyabr aylarında Gürcüstanda başlayacaq.

“Bizdə müqavilə “sən öl, mən ölüm”lə bağlanır”

- Layihənin qonorarı necə, o da ajiotaj doğuracaq məbləğdədir?

- Açığı, qonorar məsələsi haqda hələlik danışmamışıq. Çünki o sarıdan narahatlığım yoxdur. Bizimkilərdən fərqli olaraq, orda qonorar da, müqavilə də çox önəmlidir. Onlar müqaviləni ona görə imzalayırlar ki, sabah aktyor o razılaşmadan kənara çıxa bilməsin. Bizimkilərsə münasibətləri “sən öl, mən öl” üzərində qururlar. Axırda da…

- Axırda da pul vermirlər hə?

- (Gülür) Elə də olur. Düzünü desəm, bizim layihələrdə çox vaxt maliyyə sarıdan narahatlıq keçirirəm. İş dəqiqləşib “beh”i alana qədər zülm çəkirsən.

“Pul az xərclənsin deyə kinolarımıza kaskadyor çəkmirlər”

- “Aktyor-kaskadyorlar” bizdə arxa planda qalan kino adamlarındandır. Bu kinomuzun durğunluğundadır, yoxsa onlar özləri mətbuatla təmasa maraqlı deyillər?

- İnanmıram elə sənətçi olsun ki, piardan qaçsın. Səbəb o deyil. Səbəb bizim kinoda çox şeyin “yola ver” olmasındandır. Ümumiyyətlə, janrdan asılı olmayaraq, triller, melodrama, “əkşin” fərq eləməz, onların hamısında kaskadyor işi var. Sadəcə, bizdə pul az xərclənsin deyə kaskadyorlara müraciət eləmirlər. Həmin rola adi aktyorları çəkirlər, o da gülməli alınır. Halbuki filmdə hər janra uyğun səhnə olmalıdır. Hər döyüş səhnəsinin öz dramaturgiyası var. Əgər dram filmidirsə, orda ayaq zərbəsindən istifadə eləmək olmaz. “Əkşin”, yaxud komediyadırsa, burda bütün fənlər keçərlidir. Deməyim odur ki, belə səhnələr kənardan göründüyü qədər asan, bəsit deyil. Onun öz yolları var. Bizdə çox vaxt aktyorlar özləri eləyirlər deyə səhnələr janra uyğun olmur. Ona görə də ortaya qeyri-peşəkar iş çıxır. Film qəhrəmanının elədiyi hərəkətlər tamaşaçıya gülməli gəlir.

“Cavad xan” filmi…

- Aktyor-kaskadyorlar necə ixtisaslaşır?

- Mən İncəsənət Universitetinə girəndə məqsəd qoymuşdum ki, məşhur döyüş filmlərinin qəhrəmanları kimi “tryuk”ları özüm edəcəm. İlk filmimdən sonra kaskadyor Əli Məmmədov bu yöndəki bacarıqlarımı görüb məni “Cavad xan” filminə dəvət elədi. Həmin filmdəki döyüş səhnələrində bir yerdə işlədik. Yaxşı işbirliyimiz yarandı. Amma sonra yollarımız ayrıldı.

- Niyə?

- Alınmadı. Hiss elədim ki, kölgədə qalıram, bu dünyadan elə belə də ölüb gedəcəm… (gülür)

Özümü təsdiqləməyə imkan yaranmır. 4-5 filmdə bir yerdə işlədik. Gördüm ki, nə eləyirəmsə eləyim, arxa planda qalıram. O səbəbdən də ayrıca işləməyə qərar verdim. 2009-cu ildə öz kaskadyor qrupumu yaratdım. Hazırda 7 nəfərlik bir heyətik, bir yerdə çalışırıq. Əlavə aktyor lazım olanda idmançılar dəvət edib onları öyrədirik.

“Bilmirdim sağ qalacam, ya yox…”

- Daha hansı filmlərdə rol almısız?

- 2010-da ilk dəfə uşaqlar üçün 3 D formatında olan “Onun ürəyi” filmində baş rola çəkilmişəm. Həm filmin əsas qəhrəmanı, həm də quruluşçu kaskadyoru idim. 24 dəqiqəlik filmdə çoxlu “tryuk”lar vardı. Onları qurdum və oynadım. Sonra Samir Kərimovun “Mən evə qayıdıram” filminə çəkildim. Orda da həm döyüş səhnələrini qurdum, həm də baş rollardan birində çəkildim. İndiyədək oynadığım ən çətin tryuklar məhz bu filmdədir. Səhnələrin birində iki nəfər döyüşür. Mənim qəhrəmanım pəncərəyə çırpılır, şüşələr qırılır və o, ikinci mərtəbədən aşağı düşür. Çox çətin “tryuk” idi. Onu oynamaq üçün təkcə psixoloji hazırlığı bir-iki saat çəkdi. Çünki riskli idi, bilmirdin sağ qalacaqsan, ya yox.

- Xəsarət aldığınız çəkilişlər çox olub?

- Hə, olub. “Onun ürəyi” filmində çox hündür olmayan bir yerdən atıldım, ən gözləmədiyim halda ayğım çıxdı. Sonra bir dəfə dağdan yıxılmışam, başım çay daşlarına çırpılıb, bir də gördüm qulağımdan qan axır. Amma kaskadyorluq elədir ki, bütün xəsarətlərə baxmayaraq, bir neçə dəqiqə sonra özünü toplayıb çəkilişə davam etməlisən.

“Bizdə kaskadyorluğun sığortası “Allaha-təvəkküldür”

- Xarici ölkələrdə belə təhlükəli peşə sahiblərinin həyatı sığortalanır. Bəs sizin necə?

- Bizdə hər şey “Allaha təvəkkül”dür. Çünki əksər sığorta şirkətləri insanları sığortalamır. Biz müqavilədə qol çəkirik ki, başımıza nə gəir gəlsin, ona özümüz cavabdehik, təki şərait yaradın . Ona görə səhnələri özüm qururam ki, təhlükə az olsun. Amma bəzən gözləmədiyimiz məqamlar olur. Həmin filmdə iki nəfər atıldıq, onun ayağı mənim gicgahımı yaraladı. Halbuki hesablamamıza görə belə olmamalıydı.

““Son addım”da biləklərim ağır xəsarət aldı”

Maşınvurma səhnələri çox təhlükəli olur. 2016-cı ildə “Son addım” serialına çəkilirdim. Dedilər ki, büdcəmiz çox azdır. Əvvəl istədilər o səhnəni sadəcə səslə çəksinlər, Yəni maşın gəlir, aktyora çatanda uğultu səsi eşidilir, aktyor yerdə uzanır və qan axır. Yəni tryuksuz olsun. Mən razılaşmadım, dedim bunu hamı eləyə bilər. Dedim, madam pul azdır, qonorarsız çəkiləcəm. Siz mənə maşın verin və onun qabaq şüşəsini alın. Bu, ən çoxu 200-300 manat tutacaq. Təki kadr real olsun, görsünlər ki, biz bunu bacarırıq. Bir maşın gətirdilər, razılaşdığımız kimi məni vurdu və “podpres” sındı. Amma sürücü peşəkar olmadığı üçün çox sürətlə üstümə gəldi və mən orda biləklərimdən ağır xəsarət aldım. Düzdür, 2 ay müalicə aldım, amma göstərdim ki, biz bunu bacarırıq.

““Kamaz”ın altında qaldım”

“Don Marleone” filmində daha təhlükəli məqamlar olub. Orda mənim personajım idmançıdır, amma bir çatmayan cəhəti var ki, yol keçə bilmir. Yol keçəndə qorxur, ona görə də çox vaxt onu maşın vurur. O filmdə məni 5 dəfə qəzaya düşdüm. Bir dəfə də üstümdən “Kamaz” keçdi. Maşın səhnələri çox təhlükəli də olsa, bir kadra çəkilib. Amma onlar “Kamaz” səhnəsinin yanında heç nə idi. Onu 2 dublla çəkdik. Çox vahiməliydi. Çünki kamazın alında xüsusi dəmirlər var, onlar əynimdəki paltara sürtünüb keçirdi. Birinci dəfə “Kamaz” dayandığı yerdə altına girdim, gördüm çox qorxuludur. Hətta bir anlıq vaz keçmək də istədim. Amma sonra özümü topladım və çəkdik. Kaskadyor işi məhz o qorxuya qalib gəlməkdir.

Xarici ölkələrdə kaskadyoru daha çox aktyoru qorumaq üçün dəvət edirlər. Amma Ceki Can kimi hər təhlükəni gözə alıb tryukları özü eləyənlər də var. Ona görə də Ceki Canın 60-dan yuxarı zədəsi var.

(Ardı var)

Hurriyyet.org