Azərbaycanın "vurulan" icra başçıları indi nə işlə məşğuldur? - SİYAHI

Baxış sayı:
938

Azərbaycanın yaxın tarixində elə rayon rəhbərləri olub ki, onlar öz tanınmışlıqlarına və maddi qüdrətlərinə görə hətta bir çox nazirləri də arxada qoyurdular. Bəs bir vaxtlar "qılınclarının dalı da, qabağı da kəsən", adları daha çox tənqidi baxımından ictimaiyyətin və medianın gündəmindən düşməyən həmin icra başçıları başçıları indi hardadırlar, nə işlə məşğuldurlar?

Muxalifet.az bildirir ki, Qaynarinfo aşağıdakı araşdırmasında bu suala cavab tapmağa çalışıb.

Bakının ən qalmaqallı rayon icra başçılarından olan və adı davamlı şəkildə "yaşıllıq genoisidləri"ndə hallanan Razim Məmmədov 2006-2018-ci illərdə paytaxtın Xətai rayonuna rəhbərlik etmişdi. Məmmədovun ötən il icra başçısı postundan uzaqlaşdırılmasında əslində gözlənilməz heç nə yox idi: o, fəaliyyəti istər mediada, istərsə də ictimaiyyətdə ən çox təftiş və tənqid edilən icra başçılarından biriydi; vəzifədə olduğu müddətdə özünə kifayət qədər geniş biznes quran, təkcə Bakıda çoxsaylı mülklərə, mənzillərə sahib olan eks-icra başçısı xüsusilə rəhbəri olduğu rayonun ərazisində yaşıllıqların qeyri-qanuni məhvi, həmin yaşıllıqların yerinin müxtəlif məqsədlərlə satılması kimi xəbərlərlə daim ölkə KİV-nin gündəmində idi. Xətai rayonunda onun fəaliyyətindən narazılıq son həddə çatmışdı və bu mənada sabiq icra başçısının "vurulması" təbii görünürdü. 

R.Məmmədovla bağlı "bardağı daşıran son damla" isə məhz yaxın qohumunun həbsi olmuşdu. Belə ki, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini kimi postunda çalışan əmisi oğlu rayon ərazisində qanunsuz tikintilərin aparılması və rüşvət səbəbilə həbs olundu, bundan sonra həmin Birliyin sədri, sabiq icra başçısının yaxın qohumu - Əvəz İsmayılov vəzifəsindən azad olundu. 

İctimaiyyət güman edirdi ki, proseslərin gedişi R.Məmmədov üçün daha çətin günlər vəd edir, proses onun vəzifəsindən azad edilməsi ilə bitməyəcək və Xətai rayonunun keçmiş rəhbəri də hüquqi məsuliyyətə cəlb olunacaq. Lakin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olundu. Baxmayaraq ki, o, Xətai rayonundan sonra Bakı meriyasının rəhbərliyinə iddia edirdi, ən azı yerli mətbuatda bu barədə iddialar dərc olunurdu. 

Azərbaycanın daha bir tanınmış eks-icra başçısı Əsəd Orucovdur. O, 1995-ci ilin 3 aprelində Qazax rayonuna rəhbər təyin edilmiş, bu postda olduğu müddətdə haqqında kifayət qədər mənfi ictimai rəy formalaşmışdı. Orucov aqressiv davranışları ilə təkcə Qazaxda yox, ölkə miqyasında tanınırdı. Hətta onu "diktator" adlandırırdılar: Qazaxın sabiq rəhbəri təkcə yerli əhaliyə və media nümayəndələrinə qarşı deyil, rayonun məsul şəxslərinə qarşı belə qəzəbli münasibəti ilə seçilir, bir sözünü iki edənləri sərt formada cəzalandırmaqdan çəkinmirdi. 

2004-cü ilin iyulunda gözlənilmədən vəzifəsindən azad edilərkən bu qərar Qazax rayonunda böyük sevinclə qarşılanmışdı, üstəlik, onun özü vəzifədən kənarlaşdırıldığı barədə xəbəri iş otağında, elə televiziyadanca öyrənmiş və səhhəti qəfil pisləşmişdi.

Hazırda Ə.Orucov "Azərpoçt" MMC-nin Ağstafa Poçt Filialına rəhbərlik edir. Həmin vəzifəyə o, "vurulduqdan" bir müddət sonra gətirilmişdi. Əvvəlki postu ilə müqayisədə xeyli aşağı vəzifəyə təyin edilməsinə isə vəzifəsiz qalmağı istəmədiyinə görə razılaşdığı deyilir. 

Başqa bir qalmaqallı icra başçısı - 2000-2006-cı illərdə Xətai rayonuna rəhbərlik etdikdən sonra 2006-cı ildən 2017-ci ilədək Yasamal rayonuna rəhbərlik edən İbrahim Mehdiyev isə iki ildir ümumiyyətlə işsizdir. 

Mehdiyev də haqqında ən çox şikayət olunan icra başçılarından idi. Onun rəhbərliyi dövründə Yasamalda yaşıllıqların məhvi, əvəzində isə tikinti və ticarət obyektlərinin başıpozq şəkildə inşası geniş miqyas almışdı. Elə adıçəkilən icra başçısının özü də fəaliyyəti dövründə inanılmaz sərvət sahibinə çevrilmişdi.

İ.Mehdiyevin cəzalandırılmasına isə Hacı Cavad məscidinin sökülməsi təkan verdi. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov həmin vaxt dövlət başçısının "tapşırığının əksinə olaraq", yeni binanın tikintisi başa çatmamış Hacı Cavad məscidinin sökülməsi barədə "özbaşına qərar" verildiyini demişdi.

"Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş vermişdir", – Ə.Həsənov bəyan etmişdi.

Prezidentin köməkçisi diqqətə çatdırmışdı ki, bu işin əsas günahkarı olan rayon İcra Hakimiyyətinin başçısı artıq tutduğu vəzifədən azad edilib.

Həsən Sarıyevin ad-soyadı 1990-cı illərin ikinci yarısında ölkə mətbuatını izləyənlərə yaxşı tanışdır. Onun haqqında rüşvət və korrupsiyadan tutmuş yerli əhali ilə, media ilə sərt rəftaradək davamlı şəkildə məqalələr oxumaq olardı. 1995-ci ildə Ağdam rayon İcra Hakimiyyətinin başçısı təyin edilən, buna qədər isə bir ilə yaxın müddətdə birinci müavin kimi icra başçısının səlahiyyətlərtini yerinə yetirən Sarıyev həmin illərdə bir qədər yuxarıda haqqında bəhs etdiyimiz Ə.Orucovla birlikdə Azərbaycanın ən çox tənqid olunan iki rayon rəhbərindən biri idi. 

Bütün bu tənqidlərə baxmayaraq o, nə az, nə çox, düz 14 il həmin postda qaldı. Bu 14 ildə neqativ mənada ölkə üzrə xeyli məşhurlaşan H.Sarıyev 2009-cu ildə vəzifədən uzaqlaşdırıldı və bir daha heç bir posta təyinat almadı. Aradan keçən 10 illik müddətdə isə onun şəxsi biznesi ilə məşğul olduğu deyilir.

Sarıyevin adı mətbuatın gündəminə sonuncu dəfə iki il əvvəl - 2017-ci ildə gəlib. Həmin vaxt ölkə mediası iddia edirdi ki, H.Sarıyevin rayonun Quzanlı kəndindəki mənzili yanaraq, kül olub, sabiq icra başçısı isə evinin yandırılmasını qəsd və təxribat adlandırıb. 

Daha bir tanınmış rayon rəhbəri - Beyləqan rayon İcra Hakimiyyəti başçısı Vaqif Abdullayev 2018-ci ilin oktyabrında vəzifəsindən kənarlaşdırıldı. 2007-2012-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinə başçılıq edən Abdullayev 2012-ci ilin aprelində Beyləqan rayonuna təyinat aldı. Birincidən fərqli olaraq, ikinci təyinatından qısa müddət sonra adı ölkə mediasının ən çox təqnid edilən icra başçılarının siyahısına düşdü. Vurulduqdan sonra KİV-ə açıqlamasında "İstər siz olun, istər biz olaq, nədənsə vəzifə deyəndə hamı nazir, başçı və s. düşünür. Amma nəzərə alaq ki, hamı kimliyindən asılı olmayaraq bir vətəndaşlıq   vəzifəsi daşıyır” - deyən Abdullayevin hazırda elmi fəaliyyətlə məşğul olduğu deyilir. Məsələ burasındadır ki, o, hələ 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyası müdafiə edib və professordur. 

Maraqlıdır ki, o, işsiz qaldıqdan qısa müddət sonra sabiq icra başçısı "Facebook” sosial şəbəsində profil açmış, ancaq buna görə əməlli-başlı ictimai tənqid hədəfinə çevrimişdi. Bunun da səbəbi vardı: həmin tənqidlərdən belə başa düşülürdü ki, insanlar vəzifədə olarkən əksəriyyət üçün əlçatmaz olan, özünə kifayət qədər geniş maddi imkanlar yaradan, Beyləqan əhalisinin başda fermerlər olmaqla böyük hissəsinin fəaliyyətindən  narazılıq etdiyi bir eks-icra başçısının "vurulub", özünü sosial şəbəkələrdə şəxsi profil açması və "sadə vətəndaş" kimi görünməyə çalışması səmimiyyətdən çox uzaqdır... 

Gədəbəyin rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Yediyarov da vəzifədə olduğu müddətdə haqqında sosial şəbəkələrdə və mediada ən çox tənqidi materialların dərc edildiyi rayon rəhbərlərindən idi. Təösadüfi deyil ki, o, postundan kənarlaşdırılarkən mətbuat məhz işində yol verdiyi ciddi nöqsanlara (rüşvət, korrupsiya və .s.), sahibkarlığın inkişafına mane olduğuna görə vəzifəsindən azad edildiyini yazırdı. Elə rayona yeni icra başçısı təyin olunan İbrahim Mustafayevin kollektivə təqdim olunması ilə bağlı mərasimdə çıxış edən Prezident Administrasiyası rəsmisi Zeynal Nağdəliyev də çıxışında R.Yediyarovun məhz həmin səbəblərlə vəzifəsindən azad edildiyini açıqlamışdı.

Adı daha çox yeyinti faktlarında hallanan sabiq icra başçısı barəsində hətta Baş prokuror yanında korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırmalara başlanıldığı deyilirdi. Xaricdə özünə biznes qurduğu deyilən Yediyarovun ölkədən çıxışına qadağa qoyulduğu bildirilirdi. Lakin həmin məlumatların həqiqəti nə qədər əks etdirib-etdirmədiyi məlum deyil.

Bircə o məlumdur ki, hazırda işsiz olduğu və şəxsi biznesi ilə məşğul olduğu deyilən Yediyarovun "vurulması" barədə sərəncam imzalandıqdan sonra sosial şəbəkələrdə hətta bəzi iş adamlarının, sahibkarların Gədəbəydə qurban kəsdiyi barədə məlumat yayılmışdı. 

Daha bir qalmaqallı icra başçısı - Salyan Rayon İcra Hakimiyyətinin sabiq rəhbəri Tahir Kərimov da mətbuatda adı daha çox tənqidi yazılarla gündəmə gələn rayon rəhbərlərindən idi. Onun "vurulmasında" şagirdlərin tutduğu gül çələnginin altından keçməsinin əks olunduğu məşhur fotosunun ciddi rol oynadığı deyilir. İddia olunurdu ki, geniş ictimai rezonans doğuran həmin fotoda Kərimov Türkiyədə çəkilən "Mühteşem yüz yıl" serialı ilə Azərbaycanda da adı çox populyarlaşan Osmanlı şahzadəsi Mustafaya (Sultan Süleyman Qanuninin oğlu) bənzətmək istəyibmiş. 

Salyan rayonuna 2011-2016-cı illərdə rəhbərlik edən sabiq icra başçısı yeni təyinat almayıb. Daha əvvəl isə (2006–2011-ci illərdə) Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Kərimovun geniş maddi imkanlara və güclü biznesə malik olduğu vurğulanır. Bu səbəbdən də indi daha çox şəxsi biznesi ilə məşğul olmağa üstünlük verdiyi düşünülür. 

Vəzifədə olduğu müddətdə adı daim korrupsiya və rüşvət ittihamlarının hədəfində göstərilən, vətəndaşların fəaliyyətindən ciddi şəkildə narazı olduğu nəzərdən qaçmayan və Salyandakı sahibkarların canını boğaza yığması ilə bilinən T.Kərimovla bağlı maraqlı bir detal da var: vəzifədən kənarlaşdırıldıqdan aylar sonra onun ölkəni tərk etdiyi  bildirilirdi. Qeyd olunurdu ki, keçmiş icra başçısı Türkiyədəki evinə köçüb. Onun Azərbaycandan birdəfəlik getdiyi deyilir, hətta ölkəmizdəki  biznesini də xaricə köçürdüyü də bildirilirdi. 

"Bu məqsədlə də Tahir Kərimov Azərbaycandakı ev və digər daşınmaz əmlaklarını satışa çıxarıb" - o vaxt yerli KİV iddia edirdi.  

Həmin günlərdə faktı dəqiqləşdirmək üçün Tahir Kərimovla telefon əlaqəsi saxladıqda isə o, hazırda ölkədə olmadığını təsdiqləmiş, ancaq əlavə açıqlama vermədən telefonu jurnalistin dərhal söndürmüşdü...

Beləliklə, yaxın tariximizin adı müxtəlif qalmaqallarla məşhurlaşan icra başçılarının bir qisminin vəzifəsiz qaldıqdan sonrakı həyatı ilə bağlı araşdırmamız burdaca başa çatır. 

Araşdırmada bu cür eks-icra başçılarının hamısının adlarını və indiki aqibətlərini əhatə etmk mümkün olmasa da, bir həqiqət çılpaqlığı ilə ortaya çıxır: vəzifə müvəqqətidir, hər hansı postu tutarkən onun əbədi olmayacağını, bir az da vəzifəsiz günləri, yaxşı ad qazanaraq hörmətlə xatırlanmağı fikirləşmək lazımdır.