​AZƏRBAYCANIN “VÜQARLI” MƏTBUATI – Və yaxud mətbuatımızda Vüqar Əliyev və Vüqar Səfərli faktoru

Baxış sayı:
3520

Ötən ay Muxalifet.az saytında “Əli Həsənov “getdi”, media siyasəti dəyişməz qalıb” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda qeyd olunurdu ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vəzifəsindən çıxarıldığı gündən - 2019-cu ilin 28 noyabrından bu yana media sahəsində heç bir ciddi dəyişiklik həyata keçirilməyib.
Hansı ki, xüsusən də media nümayəndələri Ə.Həsənovun gedişindən sonra bu sahədə önənmli islahatlar aparılacağını düşünürdü. Amma, ötən yazımızda da qeyd etdiyimiz kimi, artıq 4 ay ötsə də, ölkədə aparılan islahatlar bu sahədən hələ də yan keçməkdədir. Üstəlik, medianın durumu günbəgün ağırlaşır. Hətta vaxtilə “reket jurnalistikasına” qarşı aparılan əməliyyatlar belə, indi arxa plana keçirilib.
Əlbəttə, bu sahədəki durğunluğun və vəziyyətin daha da pisləşməsinin səbəbləri bizlərə bəllidir. Bunlardan ən önəmlisi media sahəsinə nəzarət edən şəxslərin dəyişməz qalmasıdır. Doğrudur, Azərbaycanın media siyasətinə nəzarətin prezidentin yeni köməkçisi Anar Ələkbərova həvalə olunduğu haqda informasiyalar var. Amma nəzərə alsaq ki, əsas icraçılar hələ də Əli Həsənova sadiq kadrlardır, şübhəsiz, belə bir vəziyyətdə hər hansı müsbət dəyişiklikdən söhbət gedə bilməz. Çünki həmin şəxslərin yetərli potensialı olsaydı, Ə.Həsənovun dövründə öz imkanlarını ortaya qoyar və az da olsa müsbət işlər görərdilər. Son illərdə bütün bunların şahidi olmadığımız üçün, indi onlardan yaxşı nə isə gözləmək sadəlövhlük olar.
Əksinə, nə qədər ki, cənab Ələkbərov bu sahəyə nəzarəti həmin şəxslərin - Əli Həsənovun keçmiş müavini Vüqar Əliyev və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbəri Vüqar Səfərlinin öhdəsinə buraxıb, zənnimizcə, get-gedə vəziyyət daha da acınacaqlı olacaq.

Vüqar Əliyev

Kimsəyə sirr deyil ki, Azərbaycanda media siyasəti hər zaman Prezident Administrasiyasından tənzimlənib. O cümlədən KİVDF-nin özü də dolayısı ilə PA-dan idarə olunub. Nəzərə alsaq ki, Əli Həsənovun media siyasətinin “uzaqvuran toplarından” olan Vüqar Əliyev hələ də Prezident Administrasiyasındakı vəzifəsini icra etdirir, demək, ölkədə mediaya baxışın dəyişməməsi heç də təəccüblü deyil. Çünki bu şəxslər - istər Vüqar Əliyev, istər də Vüqar Səfərli – keçmiş kommunist, vəzirovçu “Əli Həsənov məktəbi”nin yetirmələri olaraq, islahatçı düşüncəyə malik deyillər. Təsadüfi deyil ki, Ə.Həsənov dönəmində birincinin “missiyası”müxtəlif məmurların, biznesmenlərin əleyhinə olan yazıları saytlardan sildirmək, ikincinin fəaliyyəti isə özü üçün gəlir mənbələri yaratmaq və Prezident Administrasiyasından gələn tapşırıqları canla-başla icra etmək olub. O, mətbuat sahəsində heç vaxt yaradıcı şəxslərdən biri kimi qəbul edilməyib. Sadəcə, pul qazanmaq bacarığı olduğundan və bu məsələdə zaman-zaman “yuxarıların” da marağını təmin etdiyindən, illərdir bu önəmli vəzifəni daşımaqdadır. Amma o da etiraf olunmalıdır ki, V.Səfərli ilk gündən bu sahəyə sırf biznes marağı çərçivəsindən yanaşdığından, Azərbaycanın çap mediası bərbad duruma düşüb. Bunun əksinə isə, özü və KİVDF-də söz sahibi olan bir neçə media rəhbəri sərvətlərini günbəgün artırmaqdadır. Məsələn, Vüqar Səfərlinin sahibi olduğu “Mövqe” qəzetinə hər ay Fonddan 20 min manat ayrılsa da, bu mətbu orqanın Azərbaycanın media siyasətinin inkişafına heç bir töhfə vermədiyi hər kəsə bəllidir. O cümlədən KİVDF-dən maliyyələşən əksər qəzetlər haqqında da eyni sözləri söyləmək olar.

Vüqar Səfərli

Təbii ki, Azərbaycan dövlətinin mövcud media siyasəti dəyişməsə və VÜQARLARIN “dördüncü hakimiyyət” üzərində “hökmranlığı” bundan sonra da davam edəcəksə, bu sahənin inkişafına nail olmaq mümkün olmayacaq. Ən azı ona görə ki, Əli Həsənovun sadiq “əsgərləri” olan bu şəxslər onun media siyasətinin qəlibinə uyğun formalaşıblar. İndi onlardan “islahatçı fiqur” yaratmaq mümkün deyil.
Muxalifet.az