“Azərbaycanın qələbəsi epoxal hadisədir, regionda yeni siyasi və geosiyasi düzən formalaşdırır” - ABŞ MEDİASI

Baxış sayı:
307

“2020-ci il Qafqaz üçün tarixi il oldu, orada başlayan müharibədə Azərbaycan 1990-cı illərdə ermənilərə uduzduğu əraziləri uğurla geri qaytardı. Bu, regionda yeni siyasi və geosiyasi düzəni formalaşdıran prosesləri başladan epoxal hadisə oldu. 2021-ci ildə biz bu prosesin davamını görəcəyik”.

Bu sətirlər ABŞ-ın “Eurasianet.org” nəşrinin Cənubi Qafqaz və Mərkəzi Asiya redaktorları Piter Leonardın və Coşua Kuçeranın 2021-ci ilə dair siyasi proqnozlar barədə məqaləsindən götürülüb.

“Şübhəsiz ki, 2021-ci il üçün ən bədbin proqnozlar Ermənistana aiddir. Başlayan yeni il siyasi münasibətlərdə dönüş ili olacaq: əgər baş nazir Nikol Paşinyan Azərbaycana məğlub olandan sonra öz postunu qoryub saxlasa bu əsl möcüzə olardı. Lakin onun gedişi də siyasi qeyri-müəyyənliyə səbəb olacaq. Əgər Paşinyan hakimiyyətdən gedəcəksə 2018-ci il məxməri inqilabının dəyərlərinin duruş gətirməsi sual altında qalacaq. Gözləmək lazımdır ki, 2021-ci il Ermənistanda siyasi çaxnaşmalarla dolu il olacaq”,-müəlliflər bildirir.

 

Proqnozlarda qeyd olunur ki, Dağlıq Qarabağda yaşayan ermənilər üçün də dolaşıq zaman yetişib. Müharibə nəticəsində onların əldə saxladıqları ərazi kiçilib, azərbaycanlılar isə xeyli yaxınlaşıb.

“Rusiya sülhməramlıları hələlik təhlükəsizliyi təmin edir, amma ermənilər düşünməkdə davam edəcəklərmi ki, Qarabağda uzunmüddətli perspektivdə qalmağa dəyərmi? Və ya onlar hesab edəcəklər ki, Qarabağda sayılı günləri qalıb və çemodanları hazır vəziyyətdə oturacaqlar? Yekunda insanlar ayaqları və pulları ilə səs verirlər, ona görə də 2021-ci ildə biz Qarabağın nə dərəcədə həyat qabiliyyətli olduğu barədə daha dəqiq təsəvvür əldə edəcəyik”,-müəlliflər qeyd edir.

Məqalədə bildirilir ki, qələbə prezident İlham Əliyevə böyük siyasi kapital qazandırıb. Və Azərbaycanın qarşısında indi azad olunmuş ərazilərin bərpası və məskunlaşdırılması kimi mühüm vəzifə dayanır.