“Azərbaycanın normal seçki keçirmək vaxtı gəlib çatıb” - HƏSRƏT RÜSTƏMOV

Baxış sayı:
3382

Müsahibimiz Azərbaycan Demokrat Partiyasının (ADP) 14 saylı Xəzər seçki dairəsindən deputatlığa namizədi Həsrət Rüstəmovdur. Partiyanın sədr müavini ilə söhbətimizdə ölkədəki seçki öncəsi vəziyyəti müzakirə etdik.

- Həsrət bəy, növbədənkənar parlament seçkilərinə qatılmaqda əsas hədəfləriniz nədir?

- Siyasətçinin əsas işi seçkilərdə iştirak etməkdir. Bütün dünyada normal ölkələrdə siyasi partiyalar seçkilərə hazırlaşır. Bir seçki qurtaran kimi digər seçkiyə hazırlaşırlar. Bizim partiya Azərbaycanın müstəqillik tarixində bir neçə dəfə seçkilərdə iştirak edib, onların böyük hissəsi parlament seçkiləri olub, yəni biz daha çox parlament seçkilərində iştiraka meylliyik. Ona görə ki, biz parlamentdə təmsil olunmaq, partiyamızın ideyalarını səsləndirmək istəyirik. Eyni zamanda Azərbaycanda qanunvericilik hakimiyyətinin imkanlarından isifadə edərək, partiyanın ideyalarını Azərbaycan xalqının mənafeyinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirməyə niyyətimiz var. Məhz buna görə də parlament seçkilərində iştirak edirik. Eyni zamanda Azərbaycan xalqının maraq və mənafelərinə indiyə qədər zidd aparılan işlərə öz münasibətimizi bildirmək, bunların qarşısını almaq, icra hakimiyyətinə nəzarəti artırmaq, Azərbaycanda həyata keçirilməsi vacib hesab etdiyimiz qanunların qəbul olunmasına təşəbbüs göstərmək və sair digər məqsədlərimiz üçün parlamentə düşməyi vacib hesab edirik. Ona görə də bu seçkilərdə iştirak edirik.

Azərbaycan hakimiyyəti bir neçə ranqda, o cümlədən prezident bu seçkilərlə bağlı elan etdi ki, bu seçkilər əvvəlkilərdən fərqli olacaq. Bunlar da bizim parlament seçkilərində iştirakımıza təsir göstərən faktorlardan biridir. Elə hesab edirik ki, Azərbaycanın nəhayət ki, normal seçki keçirmək vaxtı gəlib çatıb. Bu seçkilər normal keçirilməlidir və Azərbaycan xalqını yaxşı səviyyədə təmsil edəcək bir heyət seçilməlidir.

- Seçki platformanızı bir neçə cümlə ilə necə ifadə edərdiniz?

-Bizim seçki platformamızın mahiyyətində duran əsas məsələ Azərbaycana daxil olan gəlirlərin xalq arasında bərabər bölüşdürülməsini özündə ehtiva edir. Yəni biz elə hesab edirik ki, Azərbaycan xalqının az bir hissəsi, indi olduğu kimi, super varlı, böyük əksəriyyəti isə həddindən artıq  kasıb yaşamamalıdır, Azərbaycan xalqı belə ciddi təbəqələşməyə məruz qalmamalıdır. Çünki bu, strarateji baxımdan dövlətin gələcəyi üçün təhlükəlidir. Ona görə ki, bu cür təbəqələşmə, ciddi sosial fərqlilik ölkədə çox ciddi siyasi kataklizimlərə gətirib çıxara bilər. İkinci bir tərəfdən milli gəlirin qeyri-ədalətli bölünməsini Azərbaycan xalqı haqq etmir, Azərbaycan xalqı neft çıxardan heç bir ərəb ölkəsindən geridə qalan xalq deyil, əksinə biz daha çox avropalıyıq, bizim xalqımız daha təhsilli, daha dünyagörüşlüdür. O ərəb ölkələri hətta bizdən qat-qat geridə qalırlar, amma onlar milli gəliri düzgün bölüşdürə bilirlər. Baxmayaraq ki, onlarda krallıqdır, demokratiya yoxdur, avtoritar rejimlərdir, amma  milli gəlir xalqa da çatır, onlarda insanlar qat-qat bizdən yaxşı yaşayırlar. Azərbaycan xalqı isə bu qədər sərvətin qarşısında böyük əksəriyyəti çox çətin bir vəziyyətdə yaşayır. Yəni, bir sözlə ifadə etsək, Azərbaycanda əsas məsələ milli gəlirin qeyri-ədalətli bölünməsidir və biz bunun ədalətli bir bölgü şəkilinə salımasını tələb edirik. Tələb edirik ki, Azərbaycanda əməkhaqqları artırılsın, işsizliyin aradan qaldırılması üçün xüsusi proqramlar, qanunlar olsun, uşaqlara müavinət verilsin, pensiyaçılar yaxşı pensiya ilə təmin olunsun, pensiya yaşı aşağı endirilsin və eyni zamanda Azərbaycan xalqının ən böyük bəlası olan korrupsiyaya son qoyulsun. Çünki korrupsiya dövlət büdcəsinin, bilavasitə xalqa məxsus olan sərvətlərin talanması deməkdir. Həmin o Azərbaycanın az bir faiz hissəsinə daxil olan, əsasən də məmurlardan ibarət olan həddindən artıq varlanmış və hətta qudurğan bir səviyyəyə çatmış təbəqə, hansı ki,  hökumət özü də dəfələrlə elan edib, hətta prezident deyib ki, bu qudurğanlığa son qoyun, iki milyonluq saat taxmayın və yaxud hər biri övladına təyyarə alıb, indi artıq maşın dəbdən düşüb, təyyarə alırlar. Bu cür super varlıların əsas səbəbi korrupsiyadır, büdcədən oğurlanmış pullardır. Biz bunların aradan qaldırılmasını çox vacib hesab edirik. Ona görə, bizim şüarın mahiyyətini milli gəlirin bərabər bölünməsi, korrupsiyaya son qoyulması təşkil edir.

- Həsrət bəy, necə düşünürsünüz, seçicilər Sizə nə üçün səs verməlidir?

- O barədə mən “feysbuk” statusumda da yazmışdım. Azərbaycan xalqının, yəni seçicilərin böyük bir hissəsi hazırkı hakimiyyətdən narazıdır. Bunu sosialoji sorğular da, xalqın vəziyyəti də göstərir. Bu narazılıq özünü siyasi mənada ifadə edirsə, deməli, xalqın həmin hissəsi müxalifətə səs verməlidir. Bizim dairədə yeganə müxalif şüarları səsləndirən adam da, müxalifətin nümayəndəsi də mənəm. Vəziyyət elə gətirib ki, orada digər partiyaların nümayəndələri yoxdur. Yəni partiyalı kimi seçici bülletenini əlinə alan seçici orada iki partiyanın - YAP-ın və Azərbaycan Demokrat Partiyasının nümayəndəsini görür. Ona görə də elə hesab edirəm ki, Azərbaycan xalqının hazırkı hakimiyyətdən narazı olan qismi məhz seçkilərə gəlib mənə səs verməklə, öz narazılığını rəsmi şəkildə ifadə edə bilər.

İkinci bir tərəfdən niyə məhz mənə səs verməlidirlər? Bizim tərəfdarlarımız bilirlər ki, Azərbaycanda ardıcıl olaraq həmin milli gəlirin dəqiq bölüşdürülməsi ilə bağlı ADP-nin sərt bir mövqeyi olub. Prezident seçkilərində bizim partiyanın namizədi Sərdar Cəlaloğlu çox açıq şəkildə dəfələrlə bu məsələnin üstünə gəldi ki, mütləq uşaqlara müavinət verilməli, uşaqlar dövlət qayğısı ilə əhatə olunmalıdır. O məsələ demək olar ki, sonra Sərdar bəyin, ADP-nin hesabına gündəmdən çıxmadı, biz imkan vermədik ki, o çıxsın. Düzdür, hələlik hökumət bu təklifləri qulaqardına vurur, amma parlamentdə bizim nümayəndələrimiz olarsa və bu məsələni tez-tez hallandırarsa, bu istiqamətdə qanun təşəbbüsü ilə çıxış edərlərsə, elə hesab edirəm, bu məsələ öz əksini tapacaq. Hətta təkcə bu məsələnin öz əksini tapması Azərbaycan xalqının sosial vəziyyəti gərgin olan təbəqəsinin böyük bir hissənin vəziyyətini xeyli dərəcədə yaxşılaşdırmış olacaq. Eyni zamanda Azərbaycan Demokrat Partiyası sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı proqramlara,  ideyalara malikdir. Hansı ki, indiki halda, bu, olduqca zəruridir. Təbii ki, təkcə neftin üzərinə yüklənmiş bir iqtisadiyyat Azərbaycanın gələcəyi ola bilməz. Bizim geniş imkanlarımız var ki, Azərbaycan xalqı nefti hətta bir kənara qoyub, özü-özünü dolandıra bilən bir iqtisadiyyata malik olsun. Yəni seçicilər buna görə bizə səs verməlidirlər ki, biz həmin ideyaları parlamentə daşıyaq. Eyni zamanda seçicilər məhz mənə ona görə səs verməlidirlər ki, mən onların indiyə qədərki deputatları kimi gedib sakit oturmaq fikrim yoxdur. Mən hər gün hər parlament iclasında həm cari məsələlər kimi seçicilərimin problemlərini qaldırmağa, eyni zamanda ümumi respublika ilə bağlı seçicilərimizi maraqlandıran ən mühüm məsələləri həm qanunvericilik təşəbbüsü şəkilində, həm də ümumiyyətlə, siyasi münasibət şəkilində hallandırmağa çalışacağam və elə hesab edirəm ki, parlamentdə ən fəal deputatlardan biri olacağam.  Ona görə də, seçicilər məhz mənə səs verməlidirlər.

- Digər namizədlər arasında özünüzə ciddi  rəqib görürsünüz?

-Əvvəla, məndən başqa 11 nəfər qeydiyyata alınıb, hamısını ciddi rəqib kimi görürəm. Çünki əksəriyyətini şəxsən tanımıram. Onları haqqında məlumatlarım qiyabi alınan məlumatlardır. Bir çoxu haqqında isə heç indi də məlumata malik deyiləm.  Çünki heç birinin internet resursunda, mətbuatda onların adlarına rast gələ bilmədim və vaxt da çox azdır. Əslində, seçkilərdə rəqibləri öyrənmək, onların müsbət və mənfi cəhətləri üzərində müəyyən iş qurmaq vacibdir, amma buna vaxt çatdırmaq mümkün deyil. Çünki bu, növbədənkənar seçkilərdir. Onların hamısını ciddi rəqib hesab edirəm. Amma rəqiblərimin içərisində müstəqil namizədlərin bir çoxu siyasi prosesi düzgün qiymətləndirmir və mən elə hesab edirəm ki, müxalifyönlü müstəqil namizədlər mövqeyini birləşdirməyi bacarmalıdır. Mən onları səsləyirəm ki, o seçki dairəsində Azərbaycan Demokrat Partiyasının yeganə siyasi təmsilçisi kimi mənim namizədliyimi müdafiə etsinlər və biz birlikdə səslərin parçalamasının qarşısını alaraq, hökumətyönlü namizədlərə qalib gələ bilək.  Orada YAP-ın namizədi rəsmi hökumət namizədidir. Digər namizəd isə Heydər Əliyev Fondunun şöbə müdiridir və məndə olan məlumata görə, artıq icra hakimiyyəti mənsubları YAP-ın rəsmi namizədini yox, Heydər Əliyev Fondunun şöbə müdiri olan Soltan Məmmədovu müdafiə edirlər, onun üçün görüşlər təşkil edirlər. Hətta insanları aldadıb, “icra hakimiyyəti ilə görüş var, öz problemlərinizi deyəcəksiniz” deyə, Soltan Məmmədovun görüşünə adamlar aparıblar. Belə faktlar haqqında mənə  məlumatlar gəlir. Yəni iqtidarın mövqeyini müdafiə edən namizədlərin ətrafında icra hakimiyyəti, müxtəlif maliyyə imkanları olan oliqarxiq strukturlar birləşibsə, xalqın namizədləri də öz səylərimizi birləşdirməklə, qalib gələ bilərik. Hələ seçkilərə var. Mənə elə gəlir ki, bu istiqamətdə fikirləşməliyik.

- Artıq təşviqat kampaniyasına ayrılan müddətin yarısı geridə qalmaq üzrədir. Bu müddət ərzində müşahidələriniz nədən ibarətdir, seçkinin demokratik keçəcəyinə inanırsınız?

-Seçkini demokratik keçiriləcəyinə heç zaman inanmamışam. Çünki bu seçki komissiyaları, hakimiyyətin seçkilərə münasibəti ilə hamımız kifayət qədər tanışıq. Elə hesab edirəm ki, seçkinin demokratik və qanuni keçirilməsinə inanmaq çox sadəlöhvlük olar. Amma seçkinin nisbətən ədalətli, qanuni keçirilməsinə inanmaq istəyirik. Çünki hakimiyyətin bu istiqamətdə müəyyən iradəsinin olduğunu görürük. Təbii ki, hakimiyyətin iradəsi çox aydın və net şəkildə deyil. Amma müəyyən qədər bu iradə əvvəlki seçkilərə nisbətən var. Çünki indiyə qədərki prosesdə, imzatoplama mərhələsində təkcə bizim dairədə yox, bütün respublikada məlumat var ki, heç kimə mane olmayıblar. Mən mətbuatda da hər hansı maneçilik cəhdi ilə bağlı yazıya rast gəlməmişəm. Çox güman ki, seçkinin təşviqat və son mərhələsində bu maneçiliklər olacaq. Hakimiyyətin seçkiyə əsl münasibəti seçki ərəfəsi, seçki günü və dərhal sonra bilinəcək. Artıq  qeyd etdiyim kimi, icra hakimiyyəti bizim dairədə Heydər Əliyev Fondundan olan, guya, müstəqil namizəd kimi namizədliyi irəli sürülmüş adama, camaatı aldadaraq, görüşlər təşkil edir. Çox güman ki, bunun davamı artıq həmin adam üçün administrativ resurslardan istifadə edərək, yəni səhiyyə, təhsil və digər işçilərin ona səs verməsi təşkil ediləcək, yaxud indi bizim tərəfimizdən,  müstəqil namizədlər tərəfindən prosesə mane olmaq cəhdləri olsa, yəqin ki, onlara qarşı maneçilik cəhdləri olacaq. Bunlar gələcəyin işidir. İndidən demək istəmirəm. Fakt budur ki, Binə qəsəbəsində Fərid şadlıq evində belə bir görüş olub. İndi faktı dəqiqləşdirirəm, dəqiqləşdirəndən sonra Mərkəzi Seçki Komissiyasına rəsmi şikayət etmək fikrim var ki, insanları icra hakimiyyətinin işçisi ilə görüşmək adı ilə Fərid şadlıq evinə toplayıblar və orada Soltan Məmmədovla görüş təşkil ediblər. Hətta orada etirazlar olub ki, bizi aldadıb, bura gətiribsiniz,  sizə ayıb olsun.

- ADP sədri Sərdar Cəlaloğlu bəyan edib ki, seçkilər saxtalaşdırılsa, inqilab qaçılmaz olacaq. Bu barədə Siz nə düşünürsünüz?

- Sərdar bəyin proqnozları indiyə qədər həmişə özünü doğruldub. Sərdar bəy ölkədə və dünyada hadisələri izləyən bir adamdır. Siyasi partiyanın əsas işi də budur. Elə hesab edirəm ki, bu, nə qədər qoxulu və ciddi proqnoz olsa da, o dərəcədə də təəssüf ki, həqiqətə yaxın bir proqnozdur. Ona görə də Azərbaycan hakimiyyəti öz məsuliyyətini dərk etməlidir. Bu gün hakimiyyət içərisində də ciddi parçalanma var, bunu gizlətmək lazım deyil. Hətta hökumət özü də bunu gizlədə bilmir. Bu, artıq açıq müstəvidədir. Xalq arasında da ciddi parçalanma var. Bildiyiniz kimi, xalq içərisində radikal əhval-ruhiyyəli insanlar var və bu, kifayət qədər böyük bir qisimdir. Həmin qisim insanlar ölkədə həqiqətən də gəlirin ədalətsiz bölünməsinə dözə bilmirlər və həddindən artıq ağır vəziyyətdə yaşayırlar. Halbuki, onların gözlərinin qarşısında villalarda, bahalı maşınlarda gəzən, heç bir ictimai dəyərə malik olmayan və o yaşayışı haqq etməyən insanları görürlər ki, bu, onları qıcıqlandırır. Belə bir vəziyyət uzun müddət davam edəcəksə, təbii ki, inqilab qaçılmaz olacaq. Eyni zamanda saxtakarlıq da olsa, siyasi qüvvələr də həmin proseslərin önünə keçməyə məcbur olacaq. Hansı ki, o radikal qüvvələr də bunun başına keçəcək. Biz bunu qətiyyən arzulamırıq. Biz elə hesab edirik ki, Azərbaycan xalqı dinc, demokratik dəyişikliklərə hazırdır, bunu etmək  gücündədir. Sadəcə olaraq iqtidar buna mane olmamalıdır. Seçkiləri saxtalaşdırmamalıdır, xalqın iradəsini nəzərə almalıdır. Əgər bunları etməyəcəksə, təbii ki, ölkə, həm də bu hakimiyyət üçün xoşagəlməz nəticələr ola bilər.

Şamo EMİN,
Hurriyyet.org