​Azərbaycanın milyardları “əriyir” - SƏBƏB

Ekspert: “Valyuta ehtiyatlarının «əriməsi» kapital axını əlamətidir”
 
Hökumət cari xərcləri ödəmək üçün 2015-ci ilin 9 ayında Neft Fondunun xaricdə saxlanan ehtiyatlarından 0.9 milyard dollar xərcləyib.
İqtisadçı Rövşən Ağayev hesab edir ki, bu ildən ölkənin valyuta ehtiyatları təkcə Milli Bankın (AMB) hesablarında yox, ARDNF-də də azalacaq.
Bu ilin oktyabrında Milli Bankın valyuta ehtiyatları 180 milyon dollar azalıb. Bu, ötən aylardakından xeyli azdır. İl ərzində valyuta bazarı AMB-nin valyuta ehtiyatlarının $8.3 milyardını«əridib». AMB-nin valyuta ehtiyatlarının azalma tempi ARDNF resurslarının ölkəyə cəlb edilməsi hesabına saxlanıldı. Neft pulları manata konvertasiya olundu və dövlət büdcəsinin öhdəliyinin icrası üçün istifadə edildi. «Hökumət bu addımı atmasaydı, AMB-nin valyuta ehtiyatları $5.9 mlrd.-dan çox olmazdı» – iqtisadçı bildirir.
AMB-nin valyuta ehtiyatları əhalinin bank ehtiyatlarının həcmindən (7.6 milyard manat) də azdır. Noyabrın əvvəli üçün AMB-nin valyuta ehtiyatları 6 milyard 834.6 milyon dollardır.
İqtisadçılar bildirir ki, ölkədə likvid manat kütləsi yoxdur. Daşınmaz əmlak şəklində böyük resurslar var. Onlar satış və xarici valyutaya dəyişilməklə ölkədən kapital axınına xidmət edir.