Azərbaycanın “mədəniyyət feodalları”

Və yaxud “koma”ya düşmüş teatr siyasətinin sosium harayı

1949-cu ildə Almaniya Federativ Respublikası Parlamentinin başqanı seçilən Konrad Adenauer növbəti ilin dövlət büdcəsinin layihəsini gündəmə gətirdiyində demək olar ki, bütün millət vəkilləri heyrətdən donmuşdular. II Dünya Savaşından ağır və üzücü tərzdə məğlub olmuş ölkənin gələn ilki büdcəsinin 60 faizinin kültür siyasətinə yönəldilməsi təklif olunurdu. Əksər millət vəkilləri gurultulu çıxışlarla buna etiraz əlaməti kimi, 20 milyonluq insan itkisinin acısını, məmləkətin ikiyə bölünməsini, dəhşət saçan ağır sosial-iqtisadi durumunu önə çəkərək bildirdilər ki, belə bir büdcə ilə ölkəni inkişaf etdirmək olmaz. Bu zaman dərin dövlət düşüncəsinə malik olan K.Adenauer üzünü həmin millət vəkillərinə tutaraq belə bir tarixi çıxışda bulundu: “Əgər sadəcə qarınını düşünən və cibini güdən alman xalqını görmək istəyirsinizsə, buyurun, öz istədiyiniz büdcə layihəsini qəbul edin. Ancaq əbədi və qüdrətli, bilincli və kültürlü alman xalqı və Almaniya xəyalınızdan keçirsə, o zaman bizim hazırladığımız layihəyə səs verin”.
Beləcə millət vəkilləri uzaq strateji hədəflərə hesablanmış “Konrad Adenauer planını” qəbul etdilər. Nəticədə, bir neçə ilin ərzində Almaniya yenidən dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrildi.

Dilən sənətkar, dilən...

Bu gün Azərbaycan Respublikası adlı bir məmləkətdə ən acınacaqlı yaşam durumu ilə üz-üzə qalan əsas zümrə taleyini teatr sənətinə və mədəniyyətə bağlamış insanlardır. Çünki onların illərdir sosial problemləri həll olunmamış bir durumdadır. Sonuncu dəfə aktyorların maaşları bazar iqtisadiyyatına görə mərhum prezident Heydər Əliyevin çağında artırılmışdır. O zamandan düz 12 il keçsə də heç nə dəyişməyib.

Ötən 12 ildə bazar iqtisadiyyatının şərtlərinə görə, qiymətlər, yaşam tərzi bir neçə dəfə artıb. Bu ilin yanvar ayında Respublika Həmkarlar İttifaqları Konfederasiyasının açılqmasına görə, ölkədə bir nəfər vətəndaşın acından ölməməsi üçün aylıq yaşam norması düz 315 manat təşkil edir. Yəni bir nəfərin sadəcə qidalanması üçün bazar zənbili tələbatı bunca miqdarda vəsait tələb edir. Mədəniyyət və Turizm Nazirliyi, eləcə də teatrlara rəhbərlik edən direktorlar bu adi həqiqəti nəzərə almadan və hər hansı islahatı aparmadan “yel dəyirmanı” kimi fır-fır fırlanmaqdadır. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işləyən xalq artistinin aylıq məvacibi 391, əməkdar artistin 330, 13-cü dərəcəli aktyorun 288, yardımçı heyət aktyorunun isə 210 manatdır. Əyalət teatrlarında işləyən əməkdar artist (aparıcı səhnə ustası) 206, yardımçı heyətdə çalışan aktyorların maaşı dərəcəyə görə 119, 130 və 140 manat arasındadır. Ona görə də, son illərdə teatra istedadların axını demək olar ki, tamamilə dayanıb. Bölgə teatrlarında ali təhsili olmayan həvəskar aktyorlar peşəkarları əvəz ediblər.

Durumun belə bir axarla getməsinin sonucu olaraq, Azərbaycan teatr mədəniyyətinin çökməsi kimi acı problemlər artıq heç bir proqnoza belə, sığmır. Çünki neçə illərdir ruhunu, sənətini teatra bağlamış təcrübəli aktyorların acınacaqlı yaşam tərzini artıq xalq daha yaxından görür və onlara “dilən sənətkar, dilən...” tipli istehza və ironik baxışla yanaşır. Ölkənin teatr mədəniyyəti siyasətinə birbaşa cavabdeh olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və onun müavini Ədalət Vəliyev sanki qəflət yuxusuna gediblər. Elə bil, bu iki məmurun teatrların belə bir acınacaqlı durumundan heç xəbəri yoxdur. Gərəkən islahatları aparmaq belə ağıllarına gəlmir. Sanki, bu iki şəxsin unutduğu tək sahə teatrdır. İllərlə yığılıb qalmış problemlərin çözümü elə bil bunların vecinə deyil.

Mədəniyyət feodalları

Bu gün Azərbaycanda sadəcə inzibati amirliyin deyil, həm də mədəniyyət sektorunun da feodalları zümrəsi yaranıb. Başda mədəniyyət naziri Əbülfəs Qarayev və onun teatr məsələləri üzrə müavini Ədalət Vəliyev iri feodallara, teatrların direktorları isə orta çəkili feodallara çevriliblər. Onların arasında isə ən dəhşət saçan ölkənin birinci teatr məbədi Dövlət Akademik Milli Dram Teatrı və onun “yenilməz direktoru” İsrafil İsrafilovdur. Beləcə teatr sənəti reanimasiya durumunu yaşamaq zorunda qalıb. “Mədəniyyət feodalı” anlamını dünyanın harasında işlətmiş olsaq, hər kəs bu deyimə ironik tərzdə yanaşacaqdır. Ancaq gözəlim Azərbaycan adlı məmləkətdə bu termindən demək olar ki, bütün teatrların direktorları ən azından gizli şəkildə qürrələnəcəklər. Ona görə ki, teatr siyasətinə savadeh olan iri çəkili məmurlar daim arxalarında dayanıblar.

Bu il mart ayının 7-12 aralığında Tiflisdə olduğum zaman yerli teatrların durumu ilə ilgiləndik. Orta dərəcəli aktyorun aylıq maaşının 800 ABŞ dolları olduğunu eşitdiyimizdə əməlli-başlı dəhşətə gəldik. Onlara deyəndə ki, Azərbaycanda xalq artistinin aylıq maaşı 300 dolları belə ötmür, cavabları belə oldu: “Badona (cənab) Ənvər, sizdə neft, bizdə demokratiya boldur. Bizdə əmək müqaviləsi olan hər bir işçinin alacağı maaş ilk gündən bəlli olur”. Biz “Azərbaycanda hətta teatr direktorlarının cangüdənlərinin olduğunu” dedikdə isə gürcü dostlarımız dəhşətə gəldilər. İxtisasca menecer olan mədəniyyət və tarixi abidələrin qorunması naziri Mixail Giorqadze demək olar ki, daim bu yöndə tələb olunan islahatları aparmaq siyasətini yürüdür. Maliyyə imkanlarına görə Azərbaycandan dəfələrlə ağır olan Gürcüstanda əməlli-başlı inqilabi sıçrayış mövcuddur. Bizdə isə buna rast gəlinməz. “Mədəniyyət feodalları”mız ortaçağ düşüncə tərzi ilə idarəetmə siyasətindən uzağa gedə bilmirlər. Bütün bunlar azmış kimi, teatrların feodallarının “divanbəyisi”, “eşik ağası”, “koxası”, “darğası”, “naibi”, “qoruqbaşı”, “qaravaşı” və sair irili-xırdalı zümrəsi də yaranıb. Halbuki, teatrda tamamilə yaradıcılıq mühitinin yaradılması tələb olunsa da, teatr feodalları bütün bunlardan mümkün qədər uzaq durmağa çalışırlar. Beləliklə itirən tərəf Azərbaycan teatrları və mədəniyyətidir.     

Türkiyə modeli

Biz dəfələrlə Türkiyədə olduğumuzda bu ölkənin son illərdə teatr siyasətində əldə etdiyi uğurları dərindən incələməyə çalışmışıq. Bu ölkədə indi demək olar ki, hər şəhərin bir və ya bir neçə teatrı var. Dövlət və yerli bələdiyyələrin büdcəsindən maliyyələşdirilən bu teatrlarda əlavə gəlir mənbəyinin qazanılması üçün geniş şəkildə imkanlar yaradılıb. Beləcə teatrlar öz maddi durumlarının problemlərini çözür, aktyorlara, rejissorlara və texniki işçilərə bazar iqtisadiyyatının şərtlərinə uyğun məvacibi vermək imkanı əldə edirlər. Buna görə də, son 20 ildə Türkiyədə teatr sahəsində çox böyük sıçrayışlar müşahidə olunur. Hər bir teatrın çevrəsində ayrıca “Teatr Studiya”ları belə yaranmışdır. Burada rejissorluq, aktyorluq, rəssamlıq, geyim-modelyeri, musiqi və digər sahələr üzrə istedadlı sənətkarlar yetişirlər. Bizim çox yaxından tanıdığımız ünlü sənətçilər Murad Yıldırım teatr və Tuba Böyüküstün isə teatr modelyeri studiyalarında yetişiblər. İndi bu iki sənətçi Türkiyənin maraqla seyr edilən televiziya filmlərinin baş rollarının ifaçılarına çevriliblər. Türkiyənin başqa bir ünlü sənətçisi Elçin Cansel avtomobil yuyucusu işləyə-işləyə teatr studiyasında aldığı dərslərin sayəsində qazandığı təcrübə ilə indi ölkənin ən məşhur aktyorlarından biri sayılır. Biz Türkiyədəki teatr və kino sahəsi ilə bağlı yüzlərlə faktları sadayala bilərik. Azərbaycanda isə mədəniyyət feodalları məhz belə bir inkişafın ağızını qıfıllayıb və möhürünü də özləri ilə birlikdə gəzdirirlər.     

İslahatsız mədəniyyətin ölüm fərmanı

Bir-birindən bayağı, məzmunsuz və taleyi bir neçə tamaşalıq olan repertuar siyasətinin sayəsində qazanan tərəf sadəcə teatrların direktorları, yəni mədəniyyət feodollarıdırlar. Çünki, onlar peşəkar teatr strategiyasını deyil, özlərinin maraq dairəsinə uyğun olan və əsasən “kapitalist ədəbiyyatı”na söykəmli yazarların əsərlərini repertuara daxil edirlər. Yəni kimin parası varsa, buyursun gəlsin teatra. Ağlına gələni yazsın və teatr da həmin əsəri tamaşaya qoysun. Beləliklə bütün teatrlarda yaradıcı mühit ölgün duruma düşüb. İndiyə kimi, Azərbaycan teatrının prolemləri nə Mədəniyyət və Turizm Nazirliyində, nə Teatr Xadimləri İttifaqında, nə də başqa mərkəzlərdə müzakirələrə çıxarılmayıb. Belə bir təşəbbüsü kim irəli sürsə, “mədəniyyət feodalları” onun qarşısını almağa çalışıblar.

Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrində teatrlarımız üçün gənc kadrların hazırlanması məsələsi bircə dəfə də olsun gündəmə gətirilməyib. Teatrlar üçün gənc dramaturqların, rejissorların, aktyorların, rəssamların, bəstəçilərin, qrim ustalarının və geyim üzrə modelyerlərin yetişməsi kimi problemlər Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sayəsində olmamalıdır. Kasıb Gürcüstan teatrları gəncləri Almaniya, Fransa, Avstriya, İtaliya və başqa ölkələrə azından iki illik təcrübə keçməyə göndərirlər. Azərbaycanda  belə bir duruma hələ ki, rast gəlinməyib. Ən azından İtaliyanın La Skala Teatrında vokal və opera üzrə təcrübə keçən ifaçılarımız isə hansısa mərhəmətli şəxsin fərdi təşəbbüsü ilə buna nail ola biliblər. Buna görə də bizim teatrlarımız nəinki dünya standartlarına, heç milli ənənəvi teatr mədəniyyətimizin şərtlərinə uyğun gəlmir. Ən azından Dövlət Akademik Milli Dram Teatrının direktoru, elmlər doktoru, teatrşünas, teatr haqqında bir neçə əsərin müəllifi İsrafil İsrafilovun timsalında teatrımızın durğunluq siyasətini necə apardığını görmək heç də çətin deyil. Məmələkətin baş teatr məbədi bu gündədirsə, deməli digər teatrlarımızın vay halına.  
Bizim fikrimizcə, teatr asılqandan başlamamalıdır. İlk öncə teatrda çalışan aktyorların və digər yaradıcı insanların sosial problemlərinin həlli üzərində qurulmuş strateji hədəflərə üz tutulmalıdır. Aktyor, rejissor, bəstəçi, qrim ustası, geyim-modelyeri, texniki işçi heyəti bilməlidir ki, onun teatrdan aldığı aylıq maaşı ailəsini təmin edə bilmək gücündədir. Sənətçi və sənətkar ac-yalavac durumu yaşamamalıdır. Peşəkar sənət aləminə belə bir münasibəti sərgiləməyin özü mədəniyyəti iflic duruma salmaq deməkdir. Unutmaq olmaz ki, işğal altında olan torpaqlarımızı haçansa geri qaytarmaq, dağılmış iqtisadiyyatı bərpa etmək heç də çətin deyil. Ancaq, məhv olmuş mənəviyyatı və mədəniyyəti geri qaytarmaq mümkün deyil. Son illərdə Avropa dövlətlərinin etnokulturoloji mərkəzlərinin apardıqları ciddi etno-sosial araşdırmalara ayrılan maliyyənin miqdarı Azərbaycanın illik büdcəsindən on dəfələrlə çoxdur. Çünki onlar bir zamanlar buraxdıqları səhvləri bərpa etmək üçün etno-mədəni düzənə geri dönmək istəyirlər. Azərbaycan mədəniyyətinə və teatrına asi kəsilmiş “mədəniyyət feodalları” isə bunu dərk etmək iqtidarında deyillər.

Ənvər BÖRÜSOY, sənətşas