"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə layihəsi BMT-nin gündəliyinə daxil edilib

BMT Baş Assambleyasının növbəti sessiyasının proqramı və gündəliyi açıqlanıb
 
"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları" adlı qətnamə layihələri BMT Baş Assambleyasının 72-ci sessiyasının ilkin gündəliyinə daxil edilib.
Bu qətnamə layihələri BMT Baş Assambleyasının 71-ci sessiyası zamanı müzakirə olunmadığından, qarşıdakı sessiyanın gündəliyinə müvafiq olaraq 40 və 36-cı bəndlər altında daxil edilib.
Bu sessiyanın gündəliyinə ümumilikdə 171 bənd, o cümlədən, sülh və təhlükəsizlik, Afrikanın inkişafı, silahsızlaşdırma, narkotiklərin yayılmasına nəzarət, beynəlxalq terrorizmlə mübarizə və s. məsələlər üzrə bəndlər daxildir.
BMT Baş Assambleyasının 72-ci sessiyasının rəsmi açılışı sentyabrın 12-də Nyu-Yorkda keçiriləcək. Ənənəvi ümumi müzakirələr sentyabrın 19-dan 25-dək baş tutacaq.
Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Nyu-Yorkda Baş Assambleyanın sessiyasının açılışı zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüş keçirməyi planlaşdırır.
Ümumiyyətlə, Baş Assambleya BMT-nin baş müşavirə orqanıdır. Onun tərkibinə bir səsə malik hər bir iştirakçı dövlətin nümayəndəsi daxildir. Sülh və təhlükəsizlik və ya yeni üzvlərin qəbul olunması kimi mühüm məsələlər üzrə qərarlar 2/3 səs çoxluğu ilə qəbul olunmalıdır. Digər məsələlər üzrə qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər il sentyabr ayından dekabra qədər Assambleya sessiyası intensiv işləyir, sonradan Assambleya ehtiyac duyulduğu təqdirdə iclaslarını keçirir.
Xatırladaq ki, daha əvvəl BMT Baş Assambleyasının qarşıdakı sessiyasının sədri kimi yekdilliklə slovak siyasətçi və diplomat Miroslav Layçak seçilib və o, BMT Baş Assambleyasının 72-ci sessiyası zamanı altı prioritet istiqaməti müəyyənləşdirib: münaqişələrin qarşısının alınması, miqrasiya, insan hüquqlarının qorunması, davamlı inkişaf, iqlim dəyişikliyi və bərabərliyin təmin olunması.