Azərbaycanın İrandakı səfirindən Xamneyinin nümayəndəsinə AŞURA DƏRSİ...

Baxış sayı:
15228

Səfir aşura günlərində Tehranda 51-ci erməni oyunlarının açılış mərasiminin səsli-küylü musiqi və kollektiv rəqslə, həmçinin atəşfəşanlıqla qeyd olunmasını xatırladıb... Dünən Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynzadə üçün ağır iş günlərindən olub. Məlumata görə, səfir Təbrizə səfəri çərçivəsində əvvəl Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi ilə görüşüb. Görüşdə bir çox məsələlərlə bağlı fikir alış-verişində bulunan tərəflər ikitərəfli əlaqələrin inkişafında maraqlı olduqlarını bildirirlər. Adi diplomatik qaydada keçən bu görüş barədə diqqəti cəlb edən önəmli məsələ olmadığından rəsmi məlumatla oxucuların zamanını çox almaq niyyətində deyilik. Bizim üçün maraqlı olan səfirin ikinci görüşüdür. AzərTAC-ın yazdığından belə çıxır ki, İrandakı səfirimiz Təbrizdə ölkənin ali rəhbəri ayətullah Əli Xamneyinin Şərqi Azərbaycan nümayəndəsi və Təbrizin imam-cüməsi Seyid Məhəmmədəli əl-Haşim ilə də görüşüb. Amma deyəsən bu görüş o qədər də ürəkaçan olmayıb. Belə ki, görüşdə Xamneyinin nümayəndəsi Azərbaycan səfirini şiələrin matəm ayı olan məhərrəmlikdə Bakıda niyə mahnı festivalları keçirildiyinə görə qınayıb. Səfirin bu qınağa cavabı isə Elmar Məmmədyarovun rəhbərlik etdiyi idarədən gözləmədiyimiz dərəcədə sərrast olub. Məlumatda deyilir: “Bünyad Hüseynzadə xatırladıb ki, Azərbaycan xalqı məhərrəm ayındakı mərasimləri özünün dini inancına əsaslanaraq keçirir: “Bu mərasimlərin hansı ölkədə necə qarşılanması Azərbaycan xalqı üçün o qədər də maraqlı deyil. Həmin günlərdə ölkəmizdə musiqili tədbirlərin keçirilməsinə dair söylədikləriniz həqiqəti əks etdirmir. Ümumiyyətlə isə mədəni tədbirləri məhərrəm ayının mərasimləri ilə əlaqələndirmək düzgün deyil. Əslində bu il Azərbaycan Respublikasında yaşayan müsəlmanları, o cümlədən Tehran sakinlərini təəcübləndirən və təəssüfləndirən hadisə baş verib. Tasua və aşura günlərində Tehranda 51-ci erməni oyunlarının açılış mərasimi səsli-küylü musiqi və kollektiv rəqslə, həmçinin atəşfəşanlıqla qeyd olunub. Güman edirik ki, gələcək illərdə məhərrəm mərasimlərində belə hadisələrin şahidi olmayacağıq»”. Suyu üfləyə-üfləyə içən, nə dediyi heç Azərbaycanda belə anlaşılmayan Baş diplomatımızın ənənəvi “ağçiyərliyinə” rəğmən, onun Tehrandakı nümayəndəsinin ölkəmizə dil uzadan molla rejiminin qarşısında göstərdiyi cəsarət istər-istəməz adamda bu nidanı yaradır: “Halal olsun Səfirə!” O ki qaldı öz gözündə tiri görməyib başqa gözdə qıl axtaran Təbriz imam-cüməsinin hətərən-pətərən danışmasına, biz onun nəzərinə İranda məhərrəm ayının necə keçirilməsi ilə bağlı Bünyad Hüseynovun yadından çıxardığı başqa dəlilləri də təqdim edirik. Aşuraya iki gün qalmış dərc etdiyimiz “İranda Məhərrəmlik: Belə də matəm olar?” yazısından bəzi fraqmentlər: “İmam Hüseynin qətlə yetirildiyi gün olduğundan Aşura günü əksər müsəlman ölkələrində, xüsusilə şiələr arasında matəm kimi qeyd olunur. Hicri təqviminin 61-ci ilində Yezid tərəfdarları tərəfindən Kərbəlada qanına qəltan olunan peyğəmbər nəvələrinin yası Azərbaycanda da tarixən matəm günü kimi keçirilib. Hətta dini təbliğatların qadağan olunduğu sovet hakimiyyəti illərində belə, insanlarımız imam üçün ağlayıb, sinə döyüb, baş yarıblar. Bu gün də Azərbaycan müsəlmanları sözügedən tarixi ənənəni davam etdirir, hər Aşura günü imamı yad etməyə çalışırlar. Bununla belə, Məhərrəmlik deyəndə ilk ağla gələn ölkə İrandır. İran rəsmi ideoloji baxışlarına və konstitusiya quruluşuna görə, dini dövlətdir. Dolayısıyla hər dini mərasim, bayram və s. kimi müqəddəs günlər bu ölkədə rəsmən və xüsusi diqqətlə qeyd olunur. Görünür, elə buna görə də İranda keçirilən Məhərrəmlik taziyədarlığı dünyanın bir çox ölkələri tərəfindən xüsusilə izlənilir. Bir çox hallarda taziyələrdə baş yarmalar, sinə döymələr, ağlamalar və s. kimi rutinlər Qərb mediası tərəfindən qəsdən islam dini əleyhinə təbliğat vasitəsi kimi istifadə edilir. Maraqlıdır ki, İran artıq ənənəvi Məhərrəmlik taziyədarlığından uzaqlaşır. Molla rejimi insanlar üzərində öz təsirini itirdikcə, bir çox hallarda ictimai nifrət həm də dini mərasimlərə qarşı yönəlir. Ən çox təpkilər isə Məhərrəmlik mərasimlərində ortaya çıxır. Şəkildə: Taziyəyə tazı ilə gedən qız Bildirildiyinə görə, son vaxtlar İranda bütün qələbəliklər kimi, Məhərrəmlik mərasimləri də rejimin rəsmi ideologiyasına qarşı etiraz aksiyasına çevrilib. Bir çox hallarda qadınlar bu mərasimlərə dodaqlarını qırmızıya boyayaraq, daha açıq geyinərək qatılırlar. Bəzən saçların rəngarənk boyanması, “Ya Hüseyn” şüarlarımın yazılması hallarına da rast gəlinir. Halbuki, bir zamanlar Məhərrəmlik ənənələrində saç kəsmək, qırmızıya boyanmaq Yezidilik kimi qiymətləndirilirdi. İndi isə İranda tamamilə başqa meyarlar formalaşır və bunlar bəzi çevrələr tərəfindən “Məhərrəmlik dəbi” adlanır. Rejim mənsubları etiraz dalğasının Məhərrəmlik mərasimlərinə qədər siraət etməsindən narahat olaraq, artıq neçə ildir ki, onun qarşısını inzibati yolla almağa çalışırlar. 2015-ci ildə hökumətin çıxardığı bir çox qərarlar “Məhərrəmlik dəbi” deyilən geyim-keçim, saç düzümü aksiyalarına qarşısını almağa yönəlsə də, İrandan əldə etdiyimiz bəzi şəkillər inzibati metodların da artıq işə yaramadığını göstərir. Daha artıq şərhə yol vermədən, bu il İrandakı Məhərrəmlik mərasimlərində çəkilmiş şəkilləri təqdim edirik. Ən maraqlısı isə budur ki, rejim mənsubları insanları taziyələrə cəlb etmək üçün mərasim iştirakçılarına qəlyan da paylayırmış. Şəkillərə keçməmişdən əvvəl təqdim etdiyimiz videoda bu, aydın şəkildə görünür. //ovqat.com Videonun linki burada